Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Son illər ölkədə doğum göstəricilərinin azalması artıq statistik rəqəmlərlə də açıq şəkildə özünü göstərir.
Əgər 10 il əvvəl I sinfə qədəm qoyan şagirdlərin sayı 150 min civarında idisə, 2025/2026-cı tədris ilində bu rəqəm 130 minə düşüb. Proqnozlara görə, növbəti tədris ilindən etibarən I sinifə gedəcək uşaqların sayı 110–115 min aralığında olacaq, 2031-ci ildə isə bu göstəricinin 90–95 minə qədər azalacağı gözlənilir.
Ötən il ölkədə cəmi 95 min 875 uşağın dünyaya gəlməsi də təbii artım tempinin zəiflədiyini göstərir. Demoqrafik azalma artıq yalnız statistik hesabatlarda deyil, məktəbəqədər və ümumtəhsil pilləsində də hiss olunmağa başlayıb.
Doğum səviyyəsinin artırılması üçün dövlət hansı sosial paketləri tətbiq edə bilər?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, problemin müxtəlif həlli yolları nəzərdən keçirilməlidir:

“Müəyyən sosial yardımlar paketi doğumların sayını artıra bilər. Amma burada başqa parametrlər də lazımdır. Təkcə sosial paket və ya “uşaqpulu” məsələsi bu problemi həll edə bilməz. Dünyanın bir çox ölkələrində “uşaqpulu” var, amma buna baxmayaraq, vəziyyət getdikcə çətinləşir.
Ona görə də məsələyə kompleks yanaşmaq lazımdır, təşviq proqramlarını daha da genişləndirmək vacibdir. Ailələrin mənzilə çıxış imkanı artırılmalı, xüsusilə də gənc ailələr üçün bu şərait yaradılmalıdır. Daha sonra ailələrin qazanc və gəlir hissəsinin artırılması haqqında düşünmək, azad və sərbəst biznes fəaliyyətinin genişləndirilməsi də məsələnin həllinə təsirsiz ötüşməz”.
Ekspert qeyd edib ki, gənclərin ölkədən çıxması da doğum sayına təsir edir:
“Vacib məsələ ondan ibarətdir ki, doğuş sayı azalır, bu, böyük problemdir. Amma gənclərin ölkədən çıxışı da artır və bu da ciddi problemdir. Bir müddətdən sonra məlum olacaq ki, Azərbaycanda yaşlı nəsil və məktəbə gedən uşaqlar çoxluq təşkil edəcək, ölkədə orta və gənclərin sayı azalacaq.
Bu isə ölkənin sosial müdafiə sisteminə və iqtisadi parametrlərinə ciddi mənfi təsir göstərəcək. Ona görə də bu problemə kompleks baxmaq lazımdır. Həll yolları çox mürəkkəbdir. Təkcə “uşaqpulu” verməklə bu problem həll olunmaz. Buna görə də digər həll yolları da nəzərdən keçirilməlidir”.
Gülər Həsənli
“Cebheinfo.az”
Açar sözlər:
doğum Natiq Cəfərli
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.