AZ

Xocalıya qayıdan sakin: “Əvvəl həyətlərdən tüstü çıxanda, insanlar narahat olurdu, indi isə sevinirik”

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqına və bütövlükdə insanlığa qarşı törədilən Xocalı soyqırımından 34 il ötsə də, bu faciə unudulmur. 

Həmin gecə dinc əhaliyə qarşı Ermənistan Silahlı Qüvvələri və Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, törədilən qətliam və onun dəhşətli nəticələri yaddaşlardan silinmir. 26 fevral Azərbaycan xalqının yaddaşına qanlı hərflərlə yazılıb. 

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb.Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Həmin faciədən 34 il keçməsinə baxmayaraq, bütün xalqımız, o cümlədən Xocalı sakinləri baş verən soyqırımı unurmur. Birinci Qarabağ müharibəsi veteranı, Xocalı rayon Ballıca kənd sakini Çingiz Məmmədov “Cebheinfo.az”-a həmin dövrdə baş verənlərdən danışıb: 

-Xocalı faicəsindən uzun illər keçdikdən sonra bu gün yenidən həmin kəndin sakini olaraq dogma torpaqlarınızdasınız. 26 fevralı necə xatırlayırsınız? 

- Mən özüm döyüşçü olmuşam. Özünümüdafiə batalyonunda kəşfiyyatçı idim. Həmin dövrlə bağlı xatirələr də, ağrı-acılar da var. Hazırda sevinc hissi yaşayırıq. Bizim kənd yüksəklikdə yerləşir və Qarabağın sonuncu kəndi idi. 

Xankəndidə yüksəklikdən 9 kilometr yuxarıda, sağda yerləşirdi. Oradan nənki Xocalı, bütün ərazilər, Əsgərana qədər görünürdü. Fevral ayının 25 axşamı mən və döyüş yoldaşım əməliyyatdaydıq. Şahidi olduq ki, Xankəndidən 366-cı motoatıcı alayın müxtəlif texnikaları Ballıca istiqamətində hərəkət edir. 

Həmin texnikalardan 2 ədəd T72, 2 ədəd BMP1, 1 ədəd BMP 2 axsam saatlarında Ballıca istiqamətində hərəkət etdi. O zaman biz Şuşadakı qərərgaha məlumat verdik ki, belə bir vəziyyəti müşahidə etdik, yəqin ki, hücum olacaq, xalqı, milləti qıracaqlar. Ancaq o vaxt təəssüflər olsun ki, heç bir nəticə olmadı. 

-Dinc əhaliyə qarşı qətliamın şahidi olmusunuz. Yəqin həmin anlar yaddaşınızda silinməz izlər buraxıb… 

- Xocalıya hücum öncədən planlaşdırılmış şəkildə oldu. Qəflətən, düşünülməmiş bir hücum deyildi. Dörd istiqamətdən hücum oldu. Şəhəri sanki mərmi yağışına tutdular. O elə bir qətliam, elə bir faciə idi ki, onu yaşayanlar həmin ağrını daha çox bilir. Doğrudur, bu, bütün xalqımızın ağrısıdır. 

Hücum zamanı əhaliyə heç bir imkan yaradılmadı. Onlar əhaliyə deyirdilər ki, Kətük istiqamətində yol açıqdır, bu istiqamətdə hərəkət edin. Orada da iki istiqamətdə öncədən silahlı dəstələr yerləşdirilmişdi. Həmin aşırımda əhalini daha çox qırdılar. 

- Soyqırımı zamanı sizin ailənizdən itki oldumu? 

-Orada mənim həyat yoldaşımın əmisi, əmisi uşaqları, xalam və digər bir neçə qohum-əqrəbam əsir düşmüşdülər. Sonra xalamı və yoldaşımın əmisigili Xocalı qəbiristanlığında erməni əsirlərlə dəyişdirdilər. Orada şəhid olanlar da, əsir düşənlər də oldu. 

- Yenidən həmin dogma torpağa qayıtmısınız. Hansı hissləri keçirirsiniz? 

- Ötən il dekabr ayının 23-də Xocalı rayonunun Ballıca kəndinə köçmüşük. İndi qürur hissi ilə yaşayırıq. Ancaq bu, bizim qan yaddaşımızdır. Biz onu unuda bilmərik. Qalib xalq, qalib millət kimi qürur duyuruq ki, o acı ləkəni başda Ali Baş Komadanımız, dövlətimiz, ordumuz olmaqla, üstümüzdən silib atdıq. 

Ona görə də Ali Baş Komandana, ordumuza minnətdarlığımızı bildiririk. Allah bu torpaqlarımız uğunda şəhid olanlara rəhmət eləsin! Qazilərimizə can sağlığı versin! Torpağımızın hər qarışına şəhid qanı tökülüb. Ona görə də haqqımız yoxdur ki, onu unudaq. 

Bu gün biz qürur duyuruq ki, böyük bir siyasətçimiz var. Azərbaycan dünya siyasət arenasında ən zirvələrdədir. Bütün dünya azərbaycanlılarına əmin-amanlıq, birlik, vətənimə aydın səma, dövlətimə ucalıq arzu edirəm. 

Bu tarixə qızıl hərflərlə yazılacaq bir qayıdışdır. Babalarımız deyirdi ki, torpağı qorumursansa, əkib becərməyə dəyməz, əkib-becərmirsənsə, qorumağa dəyməz. Bu gün biz həm torpağımızı qoruduq, həm də əkib-becəririk. 

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən proqram çərçivəsində bizə torpaq verilib, əkib-becəririk. Mən də kooperativ yaratdım. Hazırda arpa səpmişik. Həyat davam edir. Əvvəllər həyətlərdən tüstü çıxanda insanlar narahat olurdu. Ancaq indi hər həyətdən tüstü çıxır, seviniirk, şünki təmizlik, əkib-becərmə işləri aparılır. Bu günümüzə çox şükürlər olsun! 

Nigar Abdullayeva 

“Cebheinfo.az”

Açar sözlər:

Xocalı sakin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
1
cebheinfo.az

2Mənbələr