AZ

Ali məktəblərdə qeyri-ixtisas fənləri: zərurətdir, yoxsa formal yük?

Artıq uzun illərdir ki, ali məktəblərdə sistemləşdirilmiş fənn proqramları tətbiq olunur. Belə ki, demək olar, hansı ixtisasda təhsil almasından asılı olmayaraq tələbələrə fəlsəfə, multikulturalizm, psixologiya, mülki müdafiə və s. kimi fənlər tədris edilir.

Lakin bu fənləri əksər tələbələr imtahana qədər belə tam mənimsəyə bilmir, öyrənməkdə çətinlik çəkir, imtahandan sonra isə əldə etdikləri biliklər demək olar ki, tamamilə unudulur.

Maraqlıdır, bu kimi fənlərin tədris proqramında yer alması nə dərəcədə məqsədəuyğundur?

AzEdu.az-a mövzu ilə bağlı sabiq deputat, “Əməkdar müəllim” Sona Əliyeva danışıb.

O qeyd edib ki, tələbələr bəlkə də haqlı olaraq düşünür ki, bu fənlər proqramdan çıxarılmalıdır:

“Real yanaşsaq, prinsip etibarilə bu fənlərin tədrisi zəruri hesab olunur. Müasir dünyada universitet yalnız ixtisas öyrədən təhsil müəssisəsi deyil, o, həm də düşünən, etik qərar verə bilən, sosial məsuliyyətini dərk edən və psixoloji cəhətdən dayanıqlı vətəndaş formalaşdırmalıdır.

Bir çox inkişaf etmiş ölkələrin, xüsusilə də Avropa ali təhsil modelinin təcrübəsi göstərir ki, humanitar və ümumi dünyagörüşü fənləri tələbələrin tənqidi düşünmə, ünsiyyət və sosial uyğunlaşma bacarıqlarını gücləndirən vacib komponentlərdir. Lakin beynəlxalq təcrübədə bu fənlər formal deyil, praktik və ixtisasla əlaqəli şəkildə tədris olunur. Məsələn, tibb tələbələri üçün tibbi etika və klinik psixologiya, mühəndislər üçün texnoloji etika və qərarvermə, hüquqşünaslar üçün hüquq fəlsəfəsi və sosial konflikt psixologiyası kimi tətbiqyönümlü fənlər tədris olunur. Tədris mühazirə və əzbər üzərində deyil, müzakirə, debat və real situasiya analizi üzərində qurulur. Qiymətləndirmə isə termin yaddaşını yox, düşünmə və tətbiq bacarığını ölçür”.

Düşünürəm ki, bu fənlər məzmun və metod baxımından yenilənməlidir:

“Bizdə isə çox vaxt bu fənlər vahid və ümumi paket kimi təqdim olunur, ixtisasla əlaqə zəif qurulur, tədris metodları interaktiv deyil, qiymətləndirmə isə nəzəri biliyi ölçür. Nəticədə tələbə bu fənləri formal yük kimi qəbul edir və bu, uzunmüddətli bilik və bacarığa çevrilmir. Bu yanaşma, düşünürəm ki, ali təhsilin mahiyyətinə uyğun deyil.

Tələbələr bəlkə də haqlı olaraq düşünür ki, bu fənlər proqramdan çıxarılmalıdır. Mən isə düşünürəm ki, bu fənlər məzmun və metod baxımından yenilənməlidir. Qeyd etdiyiniz fənlər mütləq şəkildə ixtisasyönümlü formaya salınmalı, interaktiv və praktik tədris modelləri tətbiq olunmalı, qiymətləndirmə isə analitik düşünməni ölçməlidir. Odur ki, yanaşma dəyişməlidir. Bu istiqamətdə ardıcıl və keyfiyyət yönümlü addımların atılması ali təhsilin effektivliyini və cəmiyyətin intellektual potensialını gücləndirə bilər”.

Seçilən
4
azedu.az

1Mənbələr