AZ

Kibertəhlükəsizlik üzrə kadr hazırlığı bazası: “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyası – REPORTAJ VİDEO  

Azərbaycanda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) təşəbbüsü və dəstəyi ilə Bakı Ali Neft Məktəbində (BANM) “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyası fəaliyyətə başlayıb. Bu təşəbbüs ölkəmizdə dövlət qurumlarında informasiya təhlükəsizliyi üzrə insan kapitalının gücləndirilməsi, kadrların əməliyyat hazırlığının artırılması və kritik sahələrdə kibertəhlükəsizlik dayanıqlılığının təmin edilməsi istiqamətində həyata keçirilən sistemli fəaliyyətin tərkib hissəsidir.

AZƏRTAC xəbər verir ki, bu laboratoriya gənclərin müasir texnoloji biliklərə yiyələnməsi, real sınaq platformalarında təcrübə qazanması və gələcəkdə ölkənin kibertəhlükəsizlik sahəsində peşəkar mütəxəssislər kimi formalaşması baxımından əhəmiyyətlidir.

“İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyası XRİTDX ilə BANM arasında imzalanmış Əməkdaşlıq haqqında Memorandum çərçivəsində və Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nın aidiyyəti tələblərinə uyğun olaraq qurulub.

AZƏRTAC-a açıqlamasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Baş idarə rəisinin müavini Tural Məmmədov bildirib ki, “İnformasiya təhlükəsizlik testləri laboratoriyası”nda tələbələr real mühitdə informasiya təhlükəsizliyi testlərinin aparılması üzrə praktiki bacarıqlar əldə edəcəklər: “Ölkədə rəqəmsallaşma prosesi çərçivəsində yeni sistemlər, informasiya resursları və milli rəqəmsal həllər formalaşır. Bu həllərin etibarlılığının yoxlanılması üçün informasiya təhlükəsizliyi testlərinin aparılmasına, qiymətləndirilməsinə qadir mütəxəssislərə ehtiyac var. Məqsədimiz bu kadrların BANM-də yetişdirilməsidir”.

T.Məmmədov qeyd edib ki, yaradılmış laboratoriya universitetdə təhsil alan tələbə, müəllim və tədqiqatçılarla yanaşı, dövlət qurumlarının əməkdaşlarının istifadəsi üçün də nəzərdə tutulub. Burada mütəxəssislər beynəlxalq standartlara uyğun kiberinsident ssenariləri üzərində birgə işləmək, XRİTDX tərəfindən təşkil olunacaq təlimlərdə iştirak etmək və praktik təcrübə əldə etmək imkanı qazanacaqlar. Bu yanaşma laboratoriyanı tədris məkanı ilə yanaşı, kibertəhlükəsizlik üzrə əməliyyat hazırlığının yoxlanıldığı və təkmilləşdirildiyi test platformasına - kadr hazırlığı bazasına çevirir.

Qeyd olunub ki, laboratoriyanın texniki imkanlarının artırılması, xüsusi proqram təminatları və əlavə avadanlıqlarla təchiz edilməsi istiqamətində işlər İqtisadiyyat Nazirliyi ilə birgə davam etdiriləcək.

Bu sahə çox spesifikdir və kadr hazırlığına ciddi ehtiyac var. Mövcud bazar mütəxəssislərində bu biliklər adətən hazır formada olmur. Ona görə də dar ixtisaslaşmış istiqamətlər üzrə məqsədli hazırlıq vacibdir. Laboratoriyanın əsas məqsədlərindən biri də bu bilik və bacarıqların sistemli şəkildə formalaşdırılmasıdır. Çünki universitetlərdən və ya ölkəmizdə cəlb etdiyimiz kadrlarda spesifik bilikləri, bacarıqları birbaşa əldə etmək mümkün olmur. Bu baxımdan kadrların müvafiq, dar istiqamətlərdə xüsusi yetişdirilməsinə ehtiyac var. Əsas məqsədlərindən biri də odur ki, bu spesifik sahələr, mütəxəssislərin bilikləri, bacarıqları bu istiqamətdə inkişaf etdirilsin və sonra da işə cəlb olunsun”, – deyə Tural Məmmədov vurğulayıb.

Qeyd edək ki, bu günlərdə yeni istifadəyə verilmiş Laboratoriyada artıq təlimlərə də start verilib.

İlkin mərhələdə Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının Strateji Obyektlərinin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) müraciətlərinə əsasən həmin dövlət qurumlarının informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən əməkdaşlarının sahə üzrə bilik və bacarıq səviyyələrinin XRİTDX tərəfindən qiymətləndirilməsi həyata keçirilib. Qiymətləndirmə kompüter əsaslı testlər və şifahi müsahibələr vasitəsilə aparılıb və informasiya texnologiyalarının əsas istiqamətləri üzrə - kompüter şəbəkələri, şəbəkə avadanlıqları, protokolları və xidmətləri, informasiya təhlükəsizliyi və məlumatların saxlanması sahələrini əhatə edib.

Mütəxəssislərin nəzəri bilikləri ilə yanaşı həm də praktiki bacarıqlarının inkişaf etdirilməsi məqsədilə yeni istifadəyə verilmiş “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasında iki həftəlik təlim proqramına da start verilib. Təlimlər eyni zamanda həm əyani, həm də onlayn formatda keçirilir.

Təlimlər “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”na uyğun olaraq təşkil edilir və praktik bacarıqlara əsaslanan kadr hazırlığı modelinin tətbiqini nəzərdə tutur.

Seçilən
1
2
azerbaijan-news.az

3Mənbələr