AZ

Ədalət olmadan dayanıqlı sülh mümkün deyil - ŞƏRH

Bakı, 24 fevral, AZƏRTAC

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edib və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutub. Soyqırımı hadisəsi zamanı 613 nəfər öldürülüb. Onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə ahıl olub. Bundan başqa, 8 ailə tamamilə məhv edilib, 487 insan şikəst edilib, 1275 nəfər isə əsir götürülüb. 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur. Faciə nəticəsində sağ qalan sakinlər məcburi köçkün kimi Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıblar.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

Onun sözlərinə görə, Xocalı fəlakətinin dəhşəti, onu yaşayan şahidlərin səslərində və çəkilmiş fotolarda açıq-aşkar əks olunub. Hadisənin baş verdiyi dövrdə Ermənistan tərəfi bu faciəni gizlətmək və fərqli təqdim etmək üçün güclü təbliğat aparırdı. Lakin beynəlxalq media orqanlarının, xüsusilə də Qərb jurnalistlərinin çəkdiyi fotolar və hazırladıqları reportajlar Xocalıda törədilən vəhşiliyin dünya ictimaiyyətinə çatdırılmasına imkan verdi.

“İnsanlığın səssiz qaldığı bir vaxtda, Xocalı sakinləri böyük iztirablarla öz dözülməz talehərini yaşadılar. Biz bu faciənin təkcə rəqəmlərlə deyil, insan taleləri ilə yazıldığını daha açıq dürüst anlaya bilirik. O gecə ailəsini itirən bir uşaq, əsir aparılan qocalar, soyqırımın qurbanı olan qadınlar hələ də bu hadisənin dəhşətini nəsillər boyu daşıyırlar. İşğal nəticəsində Xocalı şəhərində yüzlərlə məişət obyekti, fərdi yaşayış binası, məktəb, klub, mədəniyyət evi və tarix-diyarşünaslıq muzeyi dağıdılıb, XIV-XV əsrə aid türbələr və məzarlar da yerlə-yeksan olunub”, - deyə deputat əlavə edib.

P.Vəliyeva xatırladıb ki, Azərbaycan dövləti Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması üçün müxtəlif hüquqi addımlar atıb. BMT, Avropa Parlamenti və digər qurumlarda məsələnin müzakirəyə çıxarılması üçün davamlı iş aparılır. Diplomatik səylər nəticəsində bir sıra ölkələr Xocalı faciəsini rəsmi olaraq soyqırım kimi qəbul edib. Eyni zamanda, Azərbaycan beynəlxalq məhkəmə orqanlarında bu məsələnin gündəmə gətirilməsi üçün çalışır. Bu istiqamətdə əsas məqsədlərdən biri Xocalı faciəsinə hüquqi qiymət verilməsi və bu cinayəti törədənlərin beynəlxalq ədalət qarşısında cavab verməsidir.

“Ümummilli Lider Heydər Əliyev tərəfindən 1994-cü ildə imzalanmış fərmana əsasən, 26 fevral “Xocalı Soyqırımı Günü” elan edilib. Bundan sonra hər il ölkə ərazisində və xarici dövlətlərdə anım mərasimləri keçirilir. Azərbaycan dövləti və diaspor təşkilatları tərəfindən Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində geniş fəaliyyət aparılır. Bir sıra ölkələrin parlamentləri və ABŞ-nin bəzi ştatları bu hadisəni qətliam və ya soyqırımı kimi tanıyıb. Lakin böyük güclərin geosiyasi maraqları, qərbi siyasi ikiüzlülüyü və dövlətlərin ikili standartları bu fəlakətə lazım olan siyasi-hüquqi qiymətin verilməsinə mane olub.

Bu hadisənin unudulmaması və gələcək nəsillərə ötürülməsi üçün 2008-ci ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası başladılıb. Məqsəd, dünya ictimaiyyətinin diqqətini bu bədnam faciəyə yönəltmək və erməni tərəfinin bəşəri cinayətlərini ifşa etməkdir. Bu kampaniyanın təşəbbüskarı və müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. Kampaniya dünyanın müxtəlif ölkələrində Xocalı hadisələri barədə məlumatlandırma məqsədi daşıyır. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Həmçinin, Xocalı vəhşilikləri haqqında bir çox xarici jurnalistlərin yazıları dərc edilib”, - deyə o bildirib.

Deputat vurğulayıb ki, illərdir Azərbaycanın diplomatik korpusu və diaspor təşkilatları Xocalı həqiqətlərinin beynəlxalq arenada daha geniş şəkildə tanıdılması üçün fəal şəkildə çalışır. Məsələn, 2012-ci ildə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalı hadisələri soyqırım kimi tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransında da üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində səylərin artırılmasına çağırıb.

“Nəhayət, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı misilsiz igidlik və şücaət göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsinin qurbanlarının qisasını aldı. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. 2025-ci il fevralın 25-də “Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Sərəncam imzaladı. Xocalıya qayıdış prosesi bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi genişmiqyaslı “Böyük Qayıdış” Proqramının mühüm istiqamətlərindən biridir. Bu qayıdış yalnız fiziki məskunlaşma deyil, həm də tarixi ədalətin bərpası, sosial-iqtisadi dirçəliş və milli yaddaşın yenidən canlandırılması baxımından xüsusi əhəmiyyət daşıyır”, - deyə P.Vəliyeva qeyd edib.

Deputat, həmçinin diqqətə çatdırıb ki, Soyqırımın 34-cü ildönümü ərəfəsində Bakı Hərbi Məhkəməsində yekunlaşan məhkəmə prosesi nəticəsində bu bəşəri cinayətin törədilməsində ittiham olunanlar layiqli cəzalarını aldılar, ədalət öz yerini tapdı. Müharibə cinayətlərində ittiham olunan şəxslər üçün cəzasızlıq tələb etmək isə bu cinayətlərə ortaq olmaq deməkdir. Ədalət olmadan da dayanıqlı sülh mümkün deyil.

Seçilən
11
azertag.az

1Mənbələr