Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Astana, 24 fevral, AZƏRTAC
Qazaxıstan ilə Azərbaycan arasında Xəzər dənizinin dibi ilə çəkiləcək fiber-optik kabelin istehsalı başa çatıb.
AZƏRTAC xəbər verir ki, “Kazakhtelekom” ASC İdarə Heyətinin sədri Bağdat Musin kabelin hazırda əlavə konstruksiya elementləri ilə inteqrasiya olunduğunu bildirib.
O əlavə edib: “Qazaxıstan ilə Azərbaycan arasında Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi layihəsini həyata keçiririk. Bu, iki ölkənin telekommunikasiya infrastrukturları arasında birbaşa əlaqədir, eyni zamanda, regional əlaqəni gücləndirəcək və Asiya ilə Avropa arasında məlumat tranzitinin sabitliyini artıracaq”.
İdarə Heyəti sədrinin sözlərinə görə, son bir ildə azərbaycanlı həmkarlar ilə birlikdə dəniz və sahil tədqiqatları aparılıb, kabelin marşrutu və uzunluğu müəyyən edilib, lazımi icazələr alınıb, layihə həlləri və infrastruktur hazırlanıb.
Ötən ilin dekabr ayında Aktauda ictimai dinləmələr keçirilib və nəticədə ekoloji icazə verilib.
“Kabel istehsalı başa çatıb. Hazırda əlavə konstruksiya elementləri ilə inteqrasiya olunur və sınaq üçün nümunələr mövcuddur. Xəzər dənizinə çatdırılma üçün logistika işlənib, gəmi icarəyə götürülüb, onun modernləşdirilməsi və işə hazırlığı yaxın günlərdə başlayacaq”, - deyə “Kazakhtelekom”un rəhbəri bildirib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.