AZ

Kulturologiya gələcək inkişafın strateji hədəfi kimi

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rafiq ƏLİYEV

Professor

 

Ümumbəşəri və milli mədəni proseslərin obyektiv qanunauyğunluqlarını ehtiva edən kulturologiya elmi insanların maddi və mənəvi tələbatlarından irəli gələrək zamanın özü tərəfindən yaradılmışdır. Tarix, fəlsəfə, sosiologiya, etnoqrafiya, etika və estetikanı əhatə edən, başlıca missiyası mədəni dəyərləri qoruyub gələcək nəsillərə ötürmək olan kulturologiya cəmiyyətin əsas komponentlərini özündə əks etdirən nəhəng elm sahəsidir.

Bu gün dünyada kulturologiya elmi haqqında olduqca ziddiyyətli fikirlər mövcuddur. İstər Şərq, istərsə də Qərb aləmində bu elm haqqında yekdil fikir mövcud olmasa da, mübahisəli nəzəriyyələr onu daha dərindən anlamağa imkan yaradır. Şəxsən mənim fikrimcə, cəmiyyətin davamlılığının və sabitliyinin əsası olan kulturologiya əslində riayət olunan əlavə intizam qaydaları toplusu kimi deyil, strateji inkişafın əsas elementi kimi dəyərləndirilməlidir. Söhbət tədris proqramına daha bir formal fənn əlavə edib dərs yükünü artırmaqdan getmir. Burada məqsəd gənc nəslə cəmiyyətdə gedən mədəni prosesləri dərk etmək, tarixi irslə müasir cəmiyyətdə baş verənlər arasındakı əlaqəni görmək, cəmiyyət qarşısında üzərinə düşən məsuliyyəti hiss etmək bacarığını aşılamaqdan ibarət olmalıdır. Bu mənada kulturologiya birləşdirici funksiyanı yerinə yetirir. O, qətiyyən tarix, ədəbiyyat və ya incəsənət kimi sahələri əvəz etmir, sadəcə onları mədəni mühit anlayışı altında bir araya gətirir. Həmin biliklər insanın doğma mədəniyyətinə hörmətini artırır, eyni zamanda digər mədəniyyətlərlə dialoq qurmaq imkanı yaradır ki, bu da müasir dövrümüzdə olduqca aktual və vacibdir. Kulturologiya mədəniyyəti, sivilizasiyanı, onun tarixini, insanla mədəniyyətin qarşılıqlı əlaqəsini və qarşılıqlı təsirini öyrənir, insanın həyatda öz yerini tapmasında səmərəli rol oynayır.

Bəşər övladı müxtəlif ictimai-iqtisadi formasiyalarda öz həyat, məişət və davranış tərzi ilə bağlı zəngin tarixi irs qoyub gedib. Tarixi keçmişimizi əks etdirən bu maddi mənbələr vahid bir küll halında cəmləşərək tariximizi kulturoloji baxımdan öyrənməyə əsas verir. Azərbaycanda kulturologiya sahəsində yerli alimlərimizin əməyi sayəsində formalaşmış ciddi elmi baza mövcuddur. Amma nədənsə bu elmi töhfələr təhsil təcrübəsində hələ tam istifadə olunmur. Elmi biliklərlə təhsil sistemi arasında məsafə hələ də qalmaqda davam edir... Zənnimcə, artıq bu məsafəni aradan qaldırmağın vaxtı çoxdan gəlib çatıb. Əslində mənəvi dəyərlərin itirildiyi bir dövrdə kulturoloji yanaşmanın təhsil prosesinə gətirilməsi cəmiyyətin, gəncliyin xilası ola bilər. Cəmiyyətin mədəni sabitliyinə və davamlılığına təkcə iqtisadi göstəricilərlə nail olmaq mümkün deyil. Bu məsələdə vətəndaşın mədəni səviyyəsi mühüm rol oynayır. Müasir dünya artıq çoxdan dərk etmişdir ki, fiziki inkişaf mənəvi inkişafla vəhdət təşkil etməyəndə tamlıq pozulur. Bu səbəbdən də gələcəyə milli-mənəvi bütövlük halında getmək üçün keçmişin, milli-tarixi təcrübənin nailiyyətləri ilə təhsilin bir araya gətirilməsi qaçılmazdır. Təhsildən kənarda mədəniyyət mövcud deyil. Qloballaşan dünyamızda bu vəhdəti itirmək böyük faciələrə yol aça, strateji səhv ola bilər. Zaman-zaman cəmiyyətdəki sabitliyin təkcə qanunların gücü ilə qorunub saxlanılmasının mümkünsüzlüyünün şahidi olmuşuq. Çünki mədəniyyət qədər insanın davranışlarına təsir edə biləcək ikinci qüvvə yoxdur. Cəmiyyətin firavan gələcəyi üçün iqtisadi və siyasi sabitliklə yanaşı, mədəni inkişaf da mühüm rol oynayır. Mədəniyyət xalqın rifahının, dövlətin müstəqillik və sabitliyinin, təhlükəsizliyinin əsasıdır. Mədəniyyətin mövcud olmadığı cəmiyyəti nə güclü iqtisadiyyat, nə müdrik siyasət, nə də möhkəm qanunvericilik bazası xilas edə bilməz. İnsanların yüksək ruhi mədəniyyətinin inkişafı cəmiyyət və dövlət üçün böyük siyasi əhəmiyyət kəsb edir. İnsanların əsasən sosial davranışını müəyyən edən ruhi mədəniyyət ictimai münasibətlərin sabitliyi və təhlükəsizliyinin əsas amillərindən biridir. Demək ki, insanların mədəni səviyyəsi nə qədər yüksək olarsa, gözlənilməyən situasiyalarda onların davranışları sosial cəhətdən bir o qədər düzgün ola bilər.

Mədəniyyət təkcə mədəni irsdən və davranış normalarından ibarət deyil. O**,** eyni zamanda cəmiyyətin düşüncə tərzini formalaşdırır. Kulturoloji təhsilin tədris proqramına daxil edilməsi cəmiyyətin intellektual və mənəvi sağlamlığı üçün mühüm əhəmiyyət kəsb edir. Çünki kulturologiya insana təkcə mədəni faktları öyrətmir, onu düşünməyə, müqayisə etməyə və dəyərləri dərk etməyə alışdırır. Bu təhsil insanın dünyaya münasibətini formalaşdırır. Kulturoloji biliklər erkən yaşlardan verildikdə, fərddə məsuliyyətli və şüurlu davranış yaranır. İnsan başa düşür ki, azadlıq özbaşınalıq deyil, hüquq isə yalnız tələb etmək yox, eyni zamanda yerinə yetirilməsi gərəkən vəzifədir. Bu anlayışlar olmadan nə hüquqi dövlət, nə də sağlam vətəndaş cəmiyyəti qurmaq mümkün deyil. Kulturoloji təhsil milli və bəşəri dəyərlər arasında tarazlıq yaradır. İnsan həm öz kimliyini dərk edir, həm də başqa mədəniyyətlərə hörmət etməyi öyrənir. Bu isə dözümlülük, dialoq və sülh mədəniyyətinin formalaşmasına xidmət edir. Mədəniyyət öz dəyərini itirdiyi yerdə sosial ədalətsizlik artır, nizam-intizam pozulur, sosial münasibətlər qarşılıqlı anlaşma yolu ilə deyil, məcburi öhdəlik əsasında qurulur. Məhz buna görə müasir dövrdə şəxsiyyətin mədəni inkişafına xüsusi önəm verilir. Bu gün cəmiyyətin və şəxsiyyətin formalaşmasında kulturologiya elmi çox mühüm vəzifələri və sosial funksiyaları yerinə yetirir.

Bəs görəsən, cəmiyyətdə sabitliyin əsasını təşkil edən mədəni təcrübə gələcək nəsillərə necə və hansı səmərəli yollarla ötürülür? Əsrlər boyu bu missiyanı ailə, məktəb və ictimai mühit yerinə yetirib. Lakin çağdaş dövrümüzdə mədəni təcrübənin ötürülmə şərtləri dəyişib. Təhsil əsas diqqəti ixtisaslaşmış mütəxəssislər yetişdirməyə yönəldib. Şəxsiyyətin mədəni şüurunun formalaşdırılması isə zamanla arxa plana keçib. Nəticədə xoşagəlməz mənzərə ilə qarşı-qarşıya qalmışıq: cəmiyyətin həyatında mühüm rol oynayan mədəniyyət təhsil sistemində bir fənn olaraq yer almayıb. Onun cəmiyyətin inkişafındakı rolunu şüurlu şəkildə anlamırıq, amma onsuz yaşaya bilmədiyimizi bilirik. Cəmiyyətimiz intellektual cəhətdən inkişaf etdikcə biz mədəni oriyentirlərimizi itiririk. Mədəni davranış normalarına çox zaman dərk etmədən qeyri-ixtiyari şəkildə əməl edirik. Bu gün Azərbaycan qalib ölkədir. Böyük Zəfərə imza ataraq 30 illik işğala son qoymuş, ərazi bütövlüyümüzü təmin etmişik. Bu böyük Qələbədən sonra ölkə təkcə siyasi və iqtisadi baxımdan deyil, ruhi-mənəvi baxımdan da yeni mərhələyə qədəm qoyub. Yeni sosial-mədəni inkişaf strategiyasının əsas tələbi isə insan kapitalının keyfiyyətinin yüksəldilməsidir. Bu gün biz iqtisadiyyatımızı inkişaf etdirməklə yanaşı, eyni zamanda yüksək mədəniyyətli vətəndaş yetişdirməliyik. Bundan ötrü isə həm mədəni-mənəvi kamillik və özünüdərk dərəcəsini yüksəltmək istiqamətində işlər görməli, həm də tədris proqramlarını yenidən nəzərdən keçirməliyik.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
525.az

1Mənbələr