Bəli, "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində bu gün keçirəcəyi matçı belə xarakterizə etmək acıdı. Lakin yazmağa məcburuq: Ağdam təmsilçisi İngiltərədə formal oyun keçirəcək. Çünki "Nyukasl" Bakıdakı ilk oyunda 6:1 hesablı qələbə qazanaraq cütün taleyini həll edib. Etiraf edək ki, "köhlən atlar" səfərdə İngiltərə premyer-liqası təmsilçisinə qarşı oyunda bu fərqi aradan qaldıra bilməz. Yenə də belə möhtəşəm mövsümün son oyununun həyəcanını yaşamağa dəyər!
"Football-plus.az" xəbər verir ki, matçı İctimai Televiziya canlı yayınlayacaq.
Çempionlar Liqası
pley-off, cavab oyunu
24 fevral
Nyukasl (İngiltərə) - Qarabağ
Hakimlər: DAVİDE MASSA, Filippo Meli, Stefano Alassio, Luka Payretto (hamısı İtaliya).
Nyukasl, "Sent-Ceyms Park" stadionu. Saat 00.00.
Qurban Qurbanovun dünənki mətbuat konfransında aydın oldu ki, "Qarabağ" ilk oyunda uduzsa da, səfərə məyus yollanmayacaq. Ağdam təmsilçisi, necə deyərlər, alnının təriylə qət etdiyi məsafənin sonuncu dayanacağında da özünü yaxşı tərəfdən göstərmək niyyətindədi. "Köhlən atlar"da yalnız Bəhlul Mustafazadə zədəlidi. Onun bərpası üçün uzun müddət lazımdı. Sami Mmae isə əvəzedici heyətə göndərilib. Bu üzdən adı çəkilən oyunçuların Nyukaslda olmayacağı bəllidi.
"Sağsağanlar" "Qarabağ" azarkeşləri üçün 2466 yer ayırıb. Bu o deməkdi ki, ağdamlılar səfərdə minlərlə tərəfdarının dəstəyini ala bilər. O başqa məsələ ki, cavab oyunu ingilis azarkeşlər arasında gözlənilən ajiotajı yaratmayıb. Britaniya mənbələrinin məlumatına görə, hələ də boş yerlər mövcuddu. Qonaq sektoru üçün ayrılmış “Leazes Stand” tribunalarının yuxarı yarusundakı biletlərin bir hissəsi geri qaytarılaraq ev sahiblərinin azarkeşləri üçün ümumi satışa çıxarılıb. Əvvəlcə təxminən 500 qonaq bileti satışa buraxılsa da, sonradan bu rəqəm min həddini keçib və artmaqda davam edib. Bu mənzərə əsasən ilk oyunun nəticəsi ilə əlaqələndirilir – “Nyukasl” növbəti mərhələyə vəsiqəni böyük ölçüdə həll edib. Hər halda, "Sent-Ceyms Park"da təxminən 50 min azarkeşin olacağını proqnozlaşdırmaq mümkündü.
Maraq üçün əlavə edək ki, oyunu idarə edəcək Davide Massa A seriyasının ünlü və təcrübəli hakimlərindəndi. Ölkəsinin əsas çempionatında 234 matç idarə edib. 2014-cü ildən beynəlxalq oyunlara təyinat alan referi daha əvvəl də "köhlən atlar"ın oyunlarında iş başında olub. 2018-ci ildə Avropa Liqasının qrup mərhələsinin "Qarabağ" - "Arsenal" (0:3), 2019-cu ildə Çempionlar Liqasının APOEL – “Qarabağ” (1:2) oyunlarında iş başında olub.
Yaxşı, indi arzumuz nədi? "Qarabağ"ın nağıl kimi mövsümə qənaətbəxş nəticəylə yekun vurması. Uğurlar, “köhlən atlar”!
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta