AZ

Zelenski və Putin eyni masada: Tarixi görüş üçün gerisayım başladı Güzəşt olacaq?

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun bəyanatı - yəni növbəti üç həftə ərzində Ukrayna lideri Volodimir Zelenski ilə onun rusiyalı həmkarı Vladimir Putin arasında görüşün mümkünlüyü və hətta Donald Trampın danışıqlarda iştirakı ehtimalı qlobal siyasətdə yeni mərhələnin anonsu kimi qiymətləndirilə bilər".

Bu fikirləri Oxu.Az-a açıqlamasında deputat Elçin Mirzəbəyli Putin və Zelenskinin mümkün görüşünü şərh edərkən deyib.

O bildirib ki, müharibənin başlanmasından bu yana tərəflər arasında birbaşa və bu səviyyədə təmasın baş tutmaması nəzərə alınsa, sözügedən görüşün keçirilməsi artıq ciddi siyasi hadisə ola bilər:

"Əgər Tramp həqiqətən prosesə birbaşa qoşularsa, bu, danışıqların sırf texniki deyil, konkret siyasi nəticəyə hədəfləndiyini göstərə bilər. ABŞ prezidentinin iştirakı beynəlxalq zəmanət, həm də təzyiq mexanizminin işə salınması deməkdir. Trampın siyasi üslubunu nəzərə alsaq, o, prosesi nəticəyə hesablanmış diplomatiya formatında təqdim etməyə çalışa bilər. Lakin burada əsas sual ondan ibarətdir ki, bu müddət ərzində tərəflərin mövqeləri nə dərəcədə yaxınlaşıb? Görünən budur ki, hazırkı mərhələdə Moskva ilə Kiyev arasında fundamental fikir ayrılıqları qalmaqdadır. Ərazi bütövlüyü, təhlükəsizlik təminatları, NATO məsələsi və sanksiyalar paketi əsas ziddiyyət nöqtələridir. Görüş baş tutarsa, ən real ssenari genişmiqyaslı sülh sazişindən daha çox, mərhələli razılaşma modelidir. Məsələn, humanitar məsələlər üzrə geniş mübadilə, atəşkəs rejiminin müəyyən müddətə tətbiqi, təmas xəttində sabitləşdirmə mexanizmləri və beynəlxalq müşahidə missiyasının təşkili əsas müzakirə predmeti ola bilər".

Parlament üzvü vurğulayıb ki, tam və yekun sülh müqaviləsi isə yalnız tərəflərdən birinin strateji geri çəkilməsi və ya qarşılıqlı ciddi kompromis fonunda mümkündür:

"Hazırkı reallıqda isə bu, çətin görünür. Ukrayna rəhbərliyi indiyədək ərazi bütövlüyü prinsipindən geri çəkilməyəcəyini bəyan edib. Lakin diplomatiyada "qırmızı xətt" anlayışı bəzən taktiki elastikliklə müşayiət olunur. Mümkün güzəştlər bir neçə istiqamətdə ola bilər. Müvəqqəti olaraq müəyyən ərazilərin statusunun gələcək danışıqlara saxlanılması, NATO-ya üzvlük məsələsinin dondurulması və ya alternativ təhlükəsizlik formatına razılıq verilməsi, müharibənin "dondurulmuş münaqişə" modelinə keçirilməsi bu qəbildəndir. Ancaq burada əsas məsələ daxili legitimlikdir. Ukrayna cəmiyyəti və siyasi elitası üçün ərazi itkisi ilə bağlı istənilən qərar son dərəcə həssasdır, daxili siyasi risklər yarada bilər. Trampın danışıqlarda iştirakı isə iki istiqamətdə prosesə təsir göstərə bilər".

Deputatın sözlərinə görə, Rusiya ilə birbaşa danışıqlar üçün əlavə siyasi platforma yarana və Ukraynaya ABŞ dəstəyinin şərtləndirilməsi mexanizmini gündəmə gətirə bilər:

"Bu isə Kiyev üçün həm imkan, həm də təzyiq aləti deməkdir. Əgər Vaşinqton sülhün əldə olunmasını prioritet elan edərsə, Ukrayna daha praqmatik yanaşmaya məcbur qala bilər. Belə bir görüş baş tutarsa, bu, müharibənin dərhal bitəcəyi anlamına gəlmir. Amma prosesin yeni mərhələyə keçidi mümkündür. Ən real nəticə mərhələli atəşkəs və danışıqların institusional çərçivəyə salınmasıdır. Ukraynanın fundamental prinsiplərindən tam geri çəkilməsi isə yaxın perspektivdə real görünmür. Daha çox ehtimal olunan variant müvəqqəti siyasi həllər və təhlükəsizlik təminatları üzərində kompromis axtarışıdır. Bütün hallarda, belə bir görüşün özü artıq hərbi müstəvidən siyasi müstəviyə keçidin siqnalı ola bilər".

Məlik Məlikov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
oxu.az

1Mənbələr