AZ

"Bu, bizim ağrımızdır, tariximizin ən qanlı səhifələrindən biridir" - Deputat Xocalı faciəsindən DANIŞDI

"İki gündən sonra Xocalı faciəsinin növbəti ildönümüdür. Bu, bizim ağrımızdır, tariximizin ən qanlı səhifələrindən biridir. Yüzillər keçsə belə, biz Xocalı faciəsinin ağrısını və acısını qəlbimizdə, yaddaşımızda yaşadacağıq".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin iclasında deputat Aydın Mirzəzadə bildirdi.

Deputat əlavə etdi ki, Xocalı faciəsi təsadüfi deyildi:

"Bu hadisə məqsədyönlü şəkildə törədildi, azərbaycanlıları qorxutmaq, onları müstəqillik və öz torpaqlarına sahib çıxmaq istəyindən çəkindirmək məqsədi daşıyırdı. Bu, ilk belə hadisə deyildi. 1918-ci ilin mart qırğınlarını xatırlayaq. 1967-ci ildə Xankəndinin mərkəzində erməni millətçilərinin üç azərbaycanlını maşının içində diri-diri yandırmasını xatırlayaq. 1988-ci ildə hadisələr başlayarkən iki gəncimizin qətlə yetirilməsini yada salaq. Həm Xocalını, həm Şuşanı xatırlayaq. Xocalı faciəsindən sonra da işğal olunmuş ərazilərdə müxtəlif miqyasda oxşar faciələr törədilmişdir.

Biz xoşbəxtik ki, müstəqil dövlətimiz və güclü liderimiz var. Tarix boyu erməni millətçiləri və onları dəstəkləyən qüvvələr Azərbaycanı sıxışdırmağa, qorxutmağa çalışmışlar. Lakin etdiklərinin əks nəticəsini gördülər. Azərbaycan xalqı qorxmadı, geri çəkilmədi, dözdü və yaşadıqlarını yaddaşına həkk edərək irəlilədi. Nəticədə 8 Noyabr – Zəfər Günündə qələbə qazandı. 44 günlük Vətən müharibəsi torpaqlarımızın ərazi bütövlüyünün bərpasını təmin etdi. Nə qədər ki, azərbaycanlılar müstəqilliyimizi qoruyacaq, nə qədər ki, Xocalı faciəsini yaddaşlarında yaşadacaq və tarixdən nəticə çıxararaq ayıq-sayıq olacaqlar, Azərbaycan daha da güclənəcək və irəliləyəcək".

Nuriyyə NATİQQIZI

Seçilən
5
1
redaktor.az

2Mənbələr