AZ

Slovakiya Ukraynaya təcili elektrik enerjisi təchizatınıDAYANDIRDI

Slovakiyanın Baş naziri Robert Fiko Kiyevə təcili elektrik enerjisi təchizatının dayandırılması ilə bağlı vədini yerinə yetirdiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Fiko X sosial şəbəkə hesabında bildirib:

"Əgər Slovakiyaya neft tədarükü fevralın 24-dək bərpa olunmasa, dövlətə məxsus SEPS səhmdar cəmiyyətindən Ukraynaya təcili elektrik enerjisi verilişini dayandırmağı xahiş edəcək".

Baş nazir qeyd edib ki, təkcə bu ilin yanvar ayında Ukrayna enerji sistemlərinin sabitləşdirilməsi üçün həyata keçirilən təchizatın həcmi 2025-ci ilin bütün dövrü ilə müqayisədə iki dəfə çox olub.

Xatırladaq ki, Slovakiya və Macarıstan daha əvvəl Ukraynaya dizel yanacağı tədarükünü dayandırıblar. Buna səbəb yanvarın 27-dən etibarən Ukrayna ərazisindən keçən Drujba boru kəməri ilə Rusiya neftinin nəqlinin dayanmasıdır. Bratislava və Budapeşt Kiyevi siyasi səbəblərlə boru kəmərinin təmirini qəsdən gecikdirməkdə ittiham edir.

Neft tranzitinin dayandırılması səbəbindən Macarıstan Avropa İttifaqının Rusiyaya qarşı 20-ci sanksiya paketini və Kiyevə 90 milyard avro həcmində kreditin təsdiqini bloklayıb.

Məsələ ilə bağlı Avropa Komissiyasının sözçüsü Anna Kajsa Itkonen bildirib ki, Komissiya Drujba neft kəmərinin sıradan çıxması ilə bağlı Macarıstan və Slovakiya hakimiyyəti ilə əlaqə saxlayır və Ukrayna tərəfinin onu bərpa etməyə hazır olduğuna əminlik verir.

Aminə ŞAHSUVARQIZI

Seçilən
13
redaktor.az

1Mənbələr