AZ

Sülh Şurasının saytı istifadəyə verilib

Yağış dünyanın müxtəlif yerlərində milyonlarla insanın həyatına təsir edir. Ancaq bəzi şəhərlərdə yağış demək olar ki, ilboyu davam edir. AZƏRTAC yeni iqlim məlumatlarına əsasən xəbər verir ki, il ərzində yağıntılı günlərin sayına görə ən yüksək göstəriciyə malik 10 şəhər müəyyən edilib.

Reytinq göstərir ki, siyahıda əsasən ekvatorial və tropik zonalarda yerləşən şəhərlər yerləşib. Bu ərazilərdə coğrafi mövqe və atmosfer sirkulyasiyası demək olar ki, hər gün yağıntı yaradır. Məlumatlar dünyanın minlərlə nöqtəsində yağıntıların paylanmasını izləyən müstəqil iqlim göstəriciləri ilə də uyğunluq təşkil edir.

Buenaventura, Kolumbiya – 258 yağıntılı gün

Siyahıya Kolumbiyanın Sakit okean sahilində yerləşən liman şəhəri Buenaventura başçılıq edir. Burada il ərzində təxminən 258 gün yağış yağır. Bu, Sakit okeandan gələn rütubətli hava və yaxınlıqdakı dağların havanı yuxarı qaldıraraq kondensasiyaya səbəb olması ilə bağlıdır. Kolumbiya ekvatorial ərazidə olması və mürəkkəb relyefi səbəbindən dünyada ən çox yağıntı düşən ölkələrdən biri hesab olunur.

Manisales, Kolumbiya – 257 yağıntılı gün

Siyahıda növbəti yerdə Manisales şəhəri gəlir. Şəhər qəhvəsi və sərin dağ havası ilə tanınır. And dağlarının yamacında yerləşdiyi üçün burada tez-tez buludlu hava və yağıntı müşahidə olunur. İl ərzində təxminən 257 gün yağış yağır.

San Vito və Kito – hər biri 253 gün

Kosta-Rikanın cənubundakı San Vito və Ekvadorun paytaxtı Kitoda ildə orta hesabla 253 yağıntılı gün müşahidə olunur. Hər iki şəhər And dağlarının yüksəkliklərində yerləşir. Bu bölgələrdə tropiklərarası konvergensiya zonası və dağ mikroiqlimi yağıntıların ilboyu davam etməsinə səbəb olur.

Sanqolki, Ekvador – 245 yağıntılı gün

Kitonun yaxınlığında yerləşən Sanqolki şəhərində də rütubətli hava üstünlük təşkil edir. Burada ildə təxminən 245 gün yağış yağır. Bu göstərici ekvatorial dağlıq ərazilər üçün xarakterikdir.

Niefanq və Mikomesenq (Ekvatorial Qvineya), Banyos (Ekvador), Timiku (İndoneziya) – hər biri 244 gün

Bu şəhərlərin hər birində ildə 244 yağıntılı gün qeydə alınır. Onlar ekvator yaxınlığında, tropik yağış meşələri zonasında yerləşir. İsti hava və yüksək rütubət demək olar ki, hər gün leysan və göy gurultulu yağış yaradır.

Duala, Kamerun – 243 yağıntılı gün

Onluğu Kamerunun Qvineya körfəzi sahilində yerləşən Duala liman şəhəri tamamlayır. Şəhərdə il ərzində orta hesabla 243 gün yağış yağır. Yağıntılar əsasən Atlantik okeanından gələn rütubətli hava və mövsümi musson küləkləri ilə bağlıdır.

Ümumilikdə, yağıntılar Yer kürəsində qeyri-bərabər paylanır. Cənubi Amerika, Afrika və Cənub-Şərqi Asiyadan keçən ekvatorial qurşaq ən çox yağıntı düşən bölgə hesab olunur.

Seçilən
4
azerbaijan-news.az

1Mənbələr