AZ

Şalva Papuaşvili: “Bu müharibə heç vaxt başlamamalı idi” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Rusiya-Ukrayna müharibəsinin başlanmasının dördüncü ildönümü ilə bağlı bəyanat yayıb.

O bildirib ki, dörd ildir davam edən müharibə müddətinə görə Böyük Vətən müharibəsini artıq geridə qoyub, dağıntı və insan faciələri baxımından isə ondan geri qalmır. Papuaşvilinin sözlərinə görə, cəbhə xətti 80 il əvvəl olduğu kimi yenidən eyni coğrafiyadan keçir və Gürcüstan da bu qarşıdurmanın ağırlığını hiss edir.

Parlament sədri qeyd edib ki, ABŞ prezidentinin də vurğuladığı kimi, bu müharibə heç vaxt başlamamalı idi. Onun fikrincə, böyük güclərin maraqları toqquşduqda ən ağır bədəl döyüş meydanına çevrilən ölkə və xalq tərəfindən ödənilir.

Papuaşvili müharibənin tezliklə başa çatmasının vacibliyini vurğulayaraq, Ukrayna dövlətinin qorunub saxlanılmalı olduğunu və yeni təhlükəsizlik arxitekturasının suverenlik və milli kimliyə hörmət prinsipi əsasında qurulmasının zəruriliyini bildirib.

O əlavə edib ki, Gürcüstan müharibənin ilk günündən sülh siyasəti yürüdüb və xarici təzyiqlərə baxmayaraq ölkəni müharibəyə cəlb etməyə yönələn cəhdlərin qarşısını alıb. Papuaşvili regionda yeni qarşıdurma risklərinin artdığı bir vaxtda Gürcüstan üçün birliyin və suveren seçimin qorunmasının tarixi əhəmiyyət daşıdığını vurğulayıb.

Sonda o, Ukrayna xalqına davamlı sülh arzuladıqlarını və onlar üçün dua etdiklərini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
19
olaylar.az

1Mənbələr