ABŞ-nin "Northrop Grumman" şirkəti və ölkənin Hərbi Hava Qüvvələri "B-21 Raider" strateji bombardmançısının istehsalını sürətləndirməyi planlaşdırır.
"Report"un məlumatına görə, bu barədə şirkətin açıqlamasında bildirilir.
Şirkətin baş direktoru Keti Uorden bildirib ki, "Northrop Grumman" rəqəmsal dizayn və istehsal infrastrukturuna 5 milyard dollardan çox sərmayə qoyub və B-21-i daha sürətli istehsal etməyə hazırdır.
Onun sözlərinə görə, inkişaf və istehsal proqramı bu bombardmançı təyyarələr üçün yaxşı nəticələr göstərir. İlk "B-21 Raider"in 2027-ci ildə Cənubi Dakotadakı Ellsuort hava bazasına göndərilməsi gözlənilir.
ABŞ-nin Hərbi Hava Qüvvələri istehsal gücünü genişləndirmək üçün "Northrop Grumman" ilə razılaşmalar əldə etdiyini açıqlayıb.
"Bu razılaşmalar illik istehsal gücünü 25 % artırmaqla, çatdırılma cədvəllərini azaltmaqla təsdiq edilmiş satınalma planını sürətləndirir, eyni zamanda keyfiyyət və xərc nəzarətini qoruyur", - bəyanatda deyilir.