Uzun illər meşə gözətçisi işləmiş Qurbani Məcidov Musavat.com-a deyib ki, İsmayıllının Qurbanəfəndi kəndinin ərazisindəki meşə zolağında Meşələrin Mühafizə Xidmətinin rəis müavini Cabbar Qəribov özünə yeməkxana tikdirib. O bildirib ki, İsmayıllı meşələrindən 200 hektar ərazinin məmurlardan birinə icrayə verilməsi də Cabbar Qəribovun iştirakı ilə baş tutub.
Q.Məcidov deyir ki, 2017-ci ildə onun gözətçilik etdiyi Qalınçaq meşəbəyiliyinin 4A saylı dolayısına aid təxminən 200 hektar ərazi hərraca çıxarılıb və imkanlı, tanınmış bir şəxsə verilib. Həmin dövrdə müəssisədə baş meşəçi vəzifəsində çalışan Cabbar Qəribovun iştirakı və imzası ilə bu proses həyata keçirilib. Məcidov iddia edir ki, bundan sonra əraziyə ağır texnika yeridilib, hektarlarla meşə və qoz bağları məhv edilib: “İri texnikalarla meşəni kürüdülər. Qoz bağlarını yerlə-yeksan etdilər. Mən buna etiraz etdim və nəticədə məni işdən çıxardılar”.
Onun sözlərinə görə, etiraz etdiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunub.
Şikayətçi bildirir ki, məsələni ictimailəşdirdikdən sonra bir ay ərzində yenidən işə götürülsə də, əvvəlki vəzifəsinə deyil, fəhlə kimi qəbul edilib.
“Babam da, atam da meşə gözətçisi olub. Mən də 2001-ci ildən bu işdə çalışmışam. Amma qanunsuzluğa etiraz etdiyim üçün vəzifəm aşağı salındı”, – deyə o vurğulayır.
Qurbani Məcidov daha sonra müəssisəyə meşəçilik sahəsində təcrübəsi olmayan bir hərbçinin rəhbər təyin olunduğunu iddia edir. Onun sözlərinə görə, həmin dövrdə də meşə qırıntıları və torpaq satışı halları davam edib. O, Quliyev Rəsul adlı şəxsin meşə torpaqlarını qanunsuz şəkildə satdığını, sonradan hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığını iddia edir. Lakin etiraz edənlərin, o cümlədən özünün yenidən işdən uzaqlaşdırıldığını bildirir.
2017-ci ildə Qalınçaq meşəbəyiliyində 200 hektar ərazi hərraca çıxarılıbmı?
Meşənin hərrac yolu ilə satılması niyə ictimaiyyətdən gizlədilib? Həmin ərazidə kütləvi qırıntılar olubmu?
Cavab gözləyirik. Çünki söhbət bir nəfərin işindən yox, dövlətin, millətin meşələrinin yarıcan edilmiş taleyindən gedir.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.