AZ

ABŞ-İran müharibə astanasında: Xamenei hakimiyyəti devrilə bilər? - ŞƏRH

ABŞ–İran qarşıdurması ehtimalı günbəgün artır. Vaşinqtonun bölgəyə əlavə hərbi qüvvə və texnika göndərməsi, Tehranın isə nüvə proqramı ilə bağlı ittihamları qətiyyətlə rədd etməsi gərginliyi daha da yüksəldir.

İran rəsmiləri ölkənin nüvə silahı əldə etmək niyyətində olmadığını bəyan etsə də, tərəflər arasında qarşılıqlı ittihamlar səngimir.

Mümkün hərbi toqquşmanın regionda genişmiqyaslı sabitsizlik yaradacağı ehtimal edilir. Analitiklər belə bir ssenaridə təkcə təhlükəsizlik balansının deyil, həm də İran daxilində siyasi proseslərin ciddi sınaqla üzləşə biləcəyini istisna etmirlər.

Maraqlıdır görəsən, qarşıdurma baş verərsə, İranda hakimiyyət dəyişə bilərmi? Xamenei devrilə bilərmi? Turkustan.az olaraq bu sualları politoloq Zaur İbrahimliyə ünvanladıq.

Zaur

Zaur İbrahimli

ABŞ–İran qarşıdurması başlarsa, proseslərin necə inkişaf edəcəyi ilk növbədə rəsmi Tehranın müqavimət potensialından asılı olacaq. Ukrayna müharibəsində biz oxşar ssenarinin şahidi olduq. Müharibənin əvvəlində bir çox analitik mərkəzlər və ekspertlər Rusiyanın Ukraynanı qısa müddətdə – hətta bir həftə ərzində – işğal edəcəyini proqnozlaşdırırdı.

Qərb strategiyası da müəyyən mənada bu proqnozlar üzərində qurulmuşdu. Lakin Ukrayna ordusu gözlənilməz dərəcədə ciddi müqavimət göstərdi. İlk aylardan etibarən həm cəbhə xəttində, həm də cəmiyyət səviyyəsində güclü dirəniş formalaşdı. Müharibə uzandıqca Ukrayna Rusiyaya əhəmiyyətli itkilər verdi və bəzi istiqamətlərdə ərazilərini geri qaytara bildi. Ukraynanın müqavimət potensialı ortaya çıxdıqdan sonra Avropa müttəfiqləri və ABŞ administrasiyası uzunmüddətli dəstək strategiyasını əsas götürdü.

Qərarların əksəriyyəti bu prinsip üzərində quruldu: Ukrayna müqavimət göstərdiyi müddətdə ona dəstək davam etdirilməlidir ki, Rusiyanın aqressiyası zəiflədilsin və onun hərbi-siyasi potensialı sarsıdılsın. Bu analoji yanaşmanı İrana tətbiq etsək, əgər İran ABŞ-ın mümkün müdaxiləsinə qarşı ciddi və effektiv müqavimət ortaya qoya bilsə, bu, Yaxın Şərqdə və ümumilikdə beynəlxalq sistemdə ciddi dəyişikliklərə səbəb ola bilər. Münaqişə aylarla davam edərsə və İran effektiv dirəniş nümayiş etdirərsə, regionda güc balansı dəyişə, yeni siyasi reallıqlar formalaşa bilər. Bu, Körfəz ölkələrinin, eləcə də İsraillə münasibətlərin dinamikasına da təsir göstərə bilər.

Əks halda, yəni ciddi müqavimət olmazsa, İraq, Liviya və Suriya nümunələrində gördüyümüz kimi, mövcud siyasi hakimiyyətin davamlılığı sual altına düşə bilər. İranda son illərdə baş verən genişmiqyaslı etiraz aksiyaları göstərir ki, ölkə daxilində ciddi sosial narazılıq potensialı mövcuddur. Xarici müdaxilə fonunda daxili sabitliyin pozulması mərkəzi hakimiyyətin idarəetmə imkanlarını zəiflədə bilər. Eyni zamanda nəzərə almaq lazımdır ki, İranın siyasi elitasında da mövcud hakimiyyətə münasibət birmənalı deyil.

Bunu həm hazırkı və keçmiş prezidentlərin, həm sabiq xarici işlər nazirlərinin, həm də müxtəlif siyasi fiqurların açıqlamalarında müşahidə etmək mümkündür. Son seçkilərin nəticələri və iştirak səviyyəsi də göstərir ki, hakimiyyətin legitimliyi əvvəlki dövrlərlə müqayisədə zəifləyib. Son iyirmi ildə İranda davamlı sosial etirazların baş verməsi də bu tendensiyanı təsdiqləyir.

Bütün bu amillər nəzərə alındıqda, əgər ABŞ-ın hərbi müdaxiləsi uğurlu olarsa, mövcud hakimiyyətin uzun müddət iqtidarda qalmaq şansının ciddi şəkildə azalacağı ehtimalı yüksəkdir.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
15
1
turkustan.az

2Mənbələr