AZ

Gəlin və qayınanalar arasındakı münaqişələr nəsildən-nəslə ötürülür -Psixoloq

"Bu gün deyil, uzun illərdir aktual olan mövzulardan biri də qayınana-gəlin münasibətləridir. Demək olar ki, bu barədə deyilən sözlər, yazılan qaydalar belə problemin tam həllinə nail ola bilmir və mövzu öz aktuallığını qoruyub saxlayır. Əslində söhbət kifayət qədər mürəkkəb münasibətlərdən gedir və bunu məişət problemlərinin başlıca səbəblərindən biri hesab etmək olar".

Bu fikirləri Redaktor.az-a açıqlamasında klinik psixoloq Gülşən Rüstəmova gəlin-qayınana münasibətlətindən danışarkən bildirdi.

"Burada mövcud olan yanlışlıqlar müəyyən mənada sistem xarakteri daşıyır və insanların şəxsi sərhədlərini tanımaması ilə bağlıdır. Həm gəlin, həm də qayınana tərəfdə öz sərhədlərini müəyyənləşdirə bilməyən insanların eyni məişəti paylaşmağa çalışdığını təsəvvür edin: heç kim harada dayanmalı olduğunu, hara qədər müdaxilə edə biləcəyini dəqiq bilmir. İnsan nə öz hüquqlarından tam xəbərdardır, nə də vəzifələrindən. Nəticədə davamlı çəkişmələr, aramsız mübahisələr, gizli və ya açıq şəkildə gedən bir “yarış” mühiti formalaşır. Bu vəziyyət bəzən bir ömür boyu davam edir və nəsildən-nəslə ötürülən bir davranış modeli kimi möhkəmlənir".

Psixoloq əlavə etdi ki, insanlararası münasibətlərin hamısı əməkdaşlıq üzərində qurulmalıdır:

"İstər sevgi münasibəti, istər qohumluq, istərsə də işgüzar münasibətlər – hamısı əməkdaşlıq zəminində sağlam şəkildə inkişaf edə bilər. Əməkdaşlığın mahiyyəti isə iki tərəfin iştirakı və hər iki tərəfin həm hüquqlarının, həm də vəzifələrinin qarşılıqlı şəkildə nəzərə alınmasıdır. Münasibətlərə əməkdaşlıq prizmasından yanaşdıqda, ona adekvat şəkildə daxil olmuş oluruq. Əgər başlanğıc nöqtəsi düzgün deyilsə, uğurlu nəticə gözləmək çətindir".

Müsahibimizin sözlərinə görə, belə mövzularda “günahkar” və ya “haqlı” tərəf axtarmaq düzgün yanaşma deyil. 

"Əsas məsələ hər iki tərəfdə mövcud olan qeyri-adekvat düşüncə, davranış və inanclardır. Gözləntilər də bu qeyri-adekvat yanaşmalar əsasında formalaşdıqda, nəticədə reallıqla uyğun gəlməyən, bəzən absurd xarakter daşıyan gözləntilər ortaya çıxır. Nə zaman ki, bu absurdluğu qəbul edir və münasibətlərin mahiyyətcə əməkdaşlıq olduğunu anlayırıq, məhz o zaman daha adekvat və sağlam ailə münasibətlərinin formalaşması mümkün olur", - deyə Günay Rüstəmova yekunlaşdırdı. 

Xədicə BAXIŞLI

 

Seçilən
17
1
redaktor.az

2Mənbələr