AZ

Azərbaycanın Slovakiyadan aldığı SAM120 avtomatik minaatan sistemlərinə baxış – TƏHLİL

Cari ilin fevral ayında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilmiş “World Defence Show 2026” sərgisində Azərbaycan müdafiə sahəsində strateji əhəmiyyətli bir addım ataraq Slovakiyanın “ZŤS Špeciál” dövlət şirkəti ilə SAM120 (və ya AM120) özüyeriyən avtomatik minaatan sistemlərinin alınmasına dair 210 milyon avro dəyərində çərçivə müqaviləsi imzalayıb.

“Poliqon”un məlumatına görə, Slovakiyanın ZŤS Špeciál dövlət şirkəti bu çərçivə müqaviləsini Azərbaycanın dövlət şirkəti olan “İqlim Elmi-İstehsalat Müəssisəsi” ilə bağlayıb.

Müqavilə çərçivəsində təxminən 300 ədəd SAM120 sisteminin Azərbaycanın arsenalına daxil edilməsi nəzərdə tutulur. İlk partiya olaraq 96 ədəd minaatanın alınması razılaşdırılıb və Azərbaycan qalan hissə üzrə seçim hüququna malikdir.

ztsRazılaşmaya əsasən, istehsal Slovakiyanın Dubnica bölgəsində yerləşən zavodda həyata keçiriləcək. İlk istehsal nümunəsinin 2026-cı ilin sentyabr ayında Bakıda keçiriləcək ADEX-2026 sərgisində təqdim olunması planlaşdırılır.

SAM120 sistemlərinin alınması Azərbaycan Ordusunun mobil, çevik və modern artilleriya imkanlarının artırılması baxımından xüsusi əhəmiyyət kəsb etməklə yanaşı, Azərbaycan müdafiə sənayesinin Slovakiya ilə əməkdaşlığını da gücləndirir və gələcəkdə bu sistemlərin qismən və ya tamamilə yerli istehsalı üçün imkanlar yaradır.

SAM120 / AM120 sisteminin inkişafı

Özüyeriyən avtomatik minaatan sistemi 2024-cü ildə Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilmiş IDEB-2024 sərgisində AM120 adı altında təqdim olunub. Uzaqdan idarə olunan qüllədə quraşdırılmış 120 mm-lik avtomatik minaatan “Excalibur Army” şirkətinin 6×6 təkər formullu TATRA FORCE T 815-7 yük maşınının şassisinə inteqrasiya edilib. Platforma iki sıralı, dörd nəfərlik zirehli “Puma L2 Long” kabinası ilə təchiz olunub.

Sistem “ZŤS Špeciál”, LANSYS atəşi idarəetmə sistemini təmin edən “Kerametal” (Slovakiya), həmçinin şassi və kabinanı təqdim edən “Czechoslovak Group” (Çexiya) şirkətlərinin birgə əməkdaşlığı nəticəsində hazırlanıb.

Am1201120 mm-lik avtomatik minaatan üzərində işlərə 2018-ci ildə Çexiyanın elan etdiyi özüyeriyən minaatan tenderi çərçivəsində başlanılıb. Çexiya Ordusu 62 ədəd özüyeriyən minaatan əldə etməyi planlaşdırırdı və əsas tələblərdən biri həm yarımdüzünə, həm də düzünə atəş imkanının mövcudluğu idi. Lakin Rusiya-Ukrayna müharibəsi zamanı əldə edilən nəticələr də daxil olmaqla, yekun seçimin edilməsi iki dəfə təxirə salınıb.

SAM120-nin artilleriya qurğusu 120 mm kalibrli, xəzinədən doldurulan hamar lüləli minaatandır. Sistem 60 minalıq doldurma mexanizmi ilə təchiz olunub. Bütün avadanlıq kifayət qədər geniş qüllədə yerləşdirilib və bu, ikinci döyüş dəsti üçün əlavə yer yaradır. Nəqletmə paketlərində əlavə 40 ədəd mina daşımaq mümkündür.

Qüllə tam fırlanandır və 360 dərəcə dönmə qabiliyyətinə malikdir. Lülənin şaquli tuşlanma bucağı 40-80 dərəcə arasındadır. Bu xüsusiyyət Çexiya Ordusunun tələbləri baxımından problem yaradır, çünki sistem düzünə atəş üçün nəzərdə tutulmayıb.

Özüyeriyən minaatanın minimal atəş məsafəsi 504 metr, maksimal məsafəsi isə 8200 metrdir. Atış sürəti dəqiqədə 18-20 atəş təşkil edir ki, bu da hər 3 saniyədən bir atəş açmaq imkanı verir və analoqlarla müqayisədə yüksək göstərici sayılır.

Minaatan düşmənin atəş vasitələrinin, texnikasının və canlı qüvvəsinin məhv edilməsi və susdurulması üçün nəzərdə tutulub. O, səngərlərdə, örtülü mövqelərdə və yüngül sahə tipli sığınacaqlarda gizlənmiş hədəflərə qarşı istifadə olunur. Atəşin idarə olunması əsasən nəqliyyat vasitəsinin kabinasından həyata keçirilir. Müştərinin tələbindən asılı olaraq heyətin sayı 2 nəfərdən 4 nəfərə qədər müəyyən edilə bilər. Alternativ seçim kimi atəşin birbaşa qüllədən aparılması imkanı da mövcuddur. Qüllədən tam funksional manual idarəetmə mümkündür.

Döyüş dəstindəki 100 ədəd mina daxil olmaqla, tam avadanlıqla uzaqdan idarə olunan qüllənin çəkisi təxminən 5500 kq təşkil edir. Sistem böyük qabarit ölçülərinə malikdir. Onun uzunluğu 8,2 m, eni 2,55 m, hündürlüyü 3,1 m, döyüş kütləsi isə 23,5 tondur.

Tabor səviyyəsi üçün nəzərdə tutulmuş silahın bu qədər böyük ölçü və kütləyə malik olması onun əsas çatışmazlığı hesab olunur. Təyinatına görə sistem demək olar ki, cəbhə xəttinə yaxın fəaliyyət göstərməlidir və bu səbəbdən PUA-larla aşkarlanaraq məhv edilməsi üçün saatlar deyil, on dəqiqələr kifayət edə bilər.

SAM120 Azərbaycan Ordusuna hansı üstünlükləri verəcək?

1770627887Azərbaycanın “ZŤS Špeciál” şirkətindən SAM120 özüyeriyən avtomatik minaatan sistemlərini əldə etməsi yalnız yeni silah platformasının alınması deyil, həm də taktiki və əməliyyat düşüncəsində keyfiyyət dəyişimi deməkdir.

Müasir müharibələrin dinamikası, xüsusilə pilotsuz sistemlərin, yüksək dəqiqlikli sursatların və real vaxt kəşfiyyat məlumatlarının geniş tətbiqi mobil və avtomatlaşdırılmış atəş dəstəyi vasitələrini prioritetə çevirib. Bu baxımdan SAM120-nin Ordunun strukturuna daxil edilməsi bir neçə istiqamətdə mühüm üstünlüklər vəd edir.

Bunlardan biri briqada və tabor səviyyəsində atəş gücünün artmasıdır. Ənənəvi minaatan bölmələri adətən açıq mövqedə yerləşir və heyət ciddi risk altına düşür. SAM120 isə zirehli kabinəyə malik 6×6 platformada yerləşdirildiyi üçün ekipaj qorunan mühitdən atəş aça bilir. Ancaq zirehli kabinaya baxmayaraq, yuxarıda da qeyd etdiyimiz kimi, tabor səviyyəli silahın bu qədər böyük ölçü və kütləyə malik olması onun aşkarlanmasını asanlaşdırır. Bu isə özüyeriyən avtomatik minaatan sisteminin əsas çatışmazlığı hesab olunur.

Dəqiqədə 18-20 atəş sürəti və 8200 metrə qədər məsafə qısa müddətdə yüksək atəş sıxlığı yaratmağa imkan verir. Bu, hücum əməliyyatlarında müdafiə xəttinin yarılması, müdafiə əməliyyatlarında isə hücum edən qüvvələrin tempinin pozulması baxımından üstünlük yaradır.

RijadMüasir döyüş şəraitində əsas təhlükələrdən biri əks-batareya atəşidir. Düşmən artilleriya və ya PUA vasitəsilə atəş mənbəyini qısa müddətdə aşkar edib cavab zərbəsi endirə bilir. SAM120-nin avtomatlaşdırılmış atəşi idarəetmə sistemi və mobilliyi mövqedə qalma müddətini minimuma endirir. Bu xüsusiyyət M120 “Rak” və M1129 “Stryker” sistemlərində də özünü doğruldub. Azərbaycan üçün bu, xüsusilə dağlıq və açıq relyef şəraitində sağqalma göstəricilərinin artması deməkdir.

Azərbaycanın pilotsuz uçuş aparatları və şəbəkə əsaslı müşahidə sistemlərinə yatırdığı sərmayə fonunda SAM120-nin rəqəmsal atəşi idarəetmə sistemi real vaxt koordinat qəbulu və avtomatik ballistik hesablama imkanı ilə hədəfin aşkar olunması ilə məhv edilməsi arasındakı zaman intervalını əhəmiyyətli dərəcədə azaldır. Müasir müharibələrdə məhz bu sürət üstünlüyü əməliyyatın taleyini müəyyən edə bilir.

Müqavilənin çərçivə formatında olması və gələcəkdə qismən və ya tam lokal istehsal imkanlarının nəzərdə tutulması Azərbaycan müdafiə sənayesi üçün yeni mərhələ aça bilər. Texnologiya transferi və birgə istehsal elementlərinin reallaşması ölkənin artilleriya sistemləri üzrə kompetensiyasını genişləndirəcək.

Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan avtomatik minaatan sistemləri

4dok5b2sSz8Azərbaycan Silahlı Qüvvələrinin avtomatik minaatan potensialı təkcə SAM120 ilə məhdudlaşmır. Son illərdə mobil, rəqəmsal və yüksək dəqiqlikli atəş dəstəyi konsepsiyasına uyğun olaraq real döyüş təcrübəsinə malik sistemlər silahlanmaya qəbul edilib. Bu baxımdan ən diqqətçəkən platformalardan biri İsrailin “Elbit Systems” şirkəti tərəfindən hazırlanmış SPEAR MK2 avtomatik minaatan sistemidir.

Azərbaycan SPEAR MK2 sisteminin ilk ixracatçısı kimi xüsusi yer tutur. Sistem həm BTR-70S zirehli transportyorunda, həm də “SandCat” zirehli avtomobil platformasında tətbiq olunub. 2018-ci ildə keçirilmiş ADEX-2018 sərgisində sistem təqdim edilib.

SPEAR MK2-nin 120 mm-lik yumşaq təpməli minaatanı yüngül və yüksək mobil platformalar üçün optimallaşdırılıb. Sistem 15 mərmiyə qədər sabit atəş sürəti, 12 kilometrə qədər effektiv məsafə, tam avtomatik hədəfə yönəlmə, inkişaf etmiş şimal tapma və bucaq ölçmə sistemləri, kompüterləşdirilmiş atəşi idarəetmə və taktiki analiz imkanları ilə seçilir.

SPEAR MK2 və SAM120: konseptual tamamlanma

Azərbaycan Ordusunun arsenalında SPEAR MK2 kimi daha yüngül və çevik sistemlərin mövcudluğu, gələcəkdə SAM120 kimi daha ağır və geniş döyüş dəstinə malik platformalarla birlikdə çoxsəviyyəli minaatan arxitekturası formalaşdırmağa imkan verir.

SPEAR MK2 sürətli reaksiya verən, yüksək mobil bölmələr üçün ideal sistemdir. SAM120 isə daha böyük döyüş dəsti, 360° qüllə və ağır platforma üzərində yerləşməsi ilə davamlı atəş dəstəyi və əməliyyat səviyyəsində təsir imkanına malikdir.

Beləliklə, atılan addımlar nəticəsində Azərbaycan avtomatik minaatan sahəsində regional miqyasda ən modern portfellərdən birinə sahib olacaq. Bu sistemlərin birlikdə tətbiqi həm taktiki çeviklik, həm də əməliyyat dərinliyi təmin edərək Ordunun mobil artilleriya potensialını keyfiyyətcə yeni mərhələyə çıxaracaq.

Elşən Abdulkərimov

Seçilən
11
poliqon.az

1Mənbələr