AZ

"ABŞ İranın hərbi və nüvə obyektlərini hədəf alacaq" - AÇIQLAMA

"ABŞ-nin İrana qarşı təzyiqləri geniş miqyasda davam edir və məhdud zərbələr də istisna olunmur. Lakin görünən odur ki, İran bu təzyiqlərə davam gətirəcək qədər hərbi potensiala malik deyil. Bu gün İranın üzləşdiyi təzyiqlərin məsuliyyəti Pezeşkianın üzərinə düşmür, məsuliyyət 47 ildir xalqı çətin vəziyyətə salan anti-islam molla rejiminindir".

Bu fikirləri Redaktor.az-a hərbi ekspert Ədalət Verdiyev bildirdi.

"Təbii ki, İran hücumlara cavab vermək imkanına malikdir, amma bu cavab ABŞ-ni əsas hədəflərindən yayındıracaq səviyyədə güclü olmayacaq. ABŞ artıq kifayət qədər texnika, vasitə və qoşunları cəmləşdirib, həmçinin İranın ətrafında bir neçə hərbi baza ABŞ-nin hava hücum vasitələri ilə tam təchiz olunub. Eyni zamanda, ABŞ qonşu dövlətlərin hərbi potensialından istifadə imkanına da malikdir. İran isə ABŞ və onun müttəfiqlərinə qarşı təkbaşına mübarizə aparmaq məcburiyyətindədir. Ayrı-ayrı kiçik silahlı qrupları nəzərə almasaq, İranın bu müharibədə dəstəkləyəcək real döyüş potensialına malik ölkəsi yoxdur".

Müsahibimizin fikrincə, Rusiya və Çinin İranı hərbi baxımdan dəstəkləyərək ABŞ-yə qarşı müharibə aparmaq ehtimalı real görünmür.

"İndiyə qədər nə Rusiya, nə də Çin İranla birbaşa hərbi əməliyyatlarda iştirak etməyib. Ola bilsin ki, yalnız bəyanat verəcəklər, amma bu, İranın müttəfiqlərinin əməli dəstəyini əvəz etməyəcək. Regional eskalasiya riski azdır, çünki ABŞ ilə qarşı-qarşıya gələ biləcək əhəmiyyətli bir qüvvə mövcud deyil. ABŞ-nin zərbələri əsasən İrana yönələcək və İranın hərbi və nüvə obyektlərini hədəf alacaq. Əgər İran ilkin zərbələrdən sonra geri çəkilməsə, ərazisində genişmiqyaslı və güclü hava hücumları həyata keçiriləcək", - deyə Ədalət Verdiyev yekunlaşdırdı. 

Xədicə BAXIŞLI

Seçilən
24
1
redaktor.az

2Mənbələr