Omanın bu həftə Cenevrədə ABŞ-İran danışıqlarının üçüncü raundunun keçiriləcəyini açıqlamasından sonra neft qiymətləri ucuzlaşıb.
QHT.az xəbər verir ki, Donald Trump-ın İrana zərbə ehtimalını gündəmə gətirməsi bazarlarda bir müddət gərginlik yaratmışdı. Lakin mümkün hücumun yalnız hərbi və hökumət hədəfləri ilə məhdudlaşacağı barədə məlumatlar yayıldıqdan sonra risklər azalıb və qiymətlər geriləyib. Ekspertlərin sözlərinə görə, geosiyasi mühitin nisbətən sabitləşməsi bazara müsbət təsir göstərib. Ötən həftə isə İranla bağlı tədarük riskləri fonunda Brent markalı neft 71 dolları keçərək son altı ayın maksimumuna çatmışdı.
ABŞ və İran arasında dolayı danışıqların növbəti mərhələsi Cenevrədə İranın xarici işlər naziri Abbas Araqçi və ABŞ nümayəndəsi Stiv Vitkoffun iştirakı ilə keçiriləcək. Analitiklər bildirirlər ki, tərəflər arasında əsas məsələlər üzrə fikir ayrılıqları qalır və Trampın addımlarını proqnozlaşdırmaq çətindir.
R.İmanov