Pensiya təminatı vətəndaşların sosial müdafiə sistemində ən mühüm hüquqlardan biri hesab olunsa da, bəzi hallarda bu hüquq məhdudlaşdırıla və ya tamamilə dayandırıla bilər. Bəs, hansı konkret vəziyyətlərdə şəxs pensiya almaq hüququnu itirə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycan Vəkillər Kollegiyasının üzvü Mayis Əliyev bildirib ki, qanunvericiliyə əsasən pensiya hüququnun yaranması və itirilməsi konkret əsaslarla tənzimlənir.
Onun sözlərinə görə, Azərbaycanda yaşa , əlilliyə və ailə başçısını itirməyə görə pensiya növləri mövcuddur.
“Yaşa görə təyin olunan pensiya hüququ faktiki olaraq itirilə bilməz. Şəxs müəyyən edilmiş pensiya yaşına çatdıqdan sonra ya pensiya, ya da sosial müavinət almaq hüququna malik olur.
Əlilliyə görə pensiya isə müəyyən şərtlərlə dayandırıla bilər. Belə ki, əgər şəxsin əlillik statusu ləğv edilərsə, bu halda onun pensiya hüququ da avtomatik olaraq qüvvədən düşür. Həmçinin əlilliyin saxta sənədlər əsasında alındığı aşkarlanarsa, həmin şəxs pensiya hüququnu tamamilə itirir.
Ailə başçısını itirməyə görə pensiya alan şəxslərlə bağlı da müddət məhdudiyyətləri var. Belə pensiya pensiya yaşına çatmış ailə üzvlərinə ömürlük təyin edilsə də, uşaqlara yalnız 18 yaşınadək verilir. Əgər onlar əyani formada təhsil alırlarsa, ödəniş 23 yaşınadək davam edir. Bu yaş həddi bitdikdən sonra isə pensiya hüququ dayandırılır”.