AZ

Bakıda polis bölməsinin arxasında qanunsuz “qaraj” saldılar

Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi 30 ünvanında yaşayan sakinlər həyətlərinə aid parkın naməlum şəxslər tərəfindən avtomobil dayanacağına çevrildiyini bildirirlər.

Redaksiyamıza müraciət edən vətəndaşların sözlərinə görə, parkın bir hissəsi bir ildən artıqdır ki, 50-dən çox avtomobilin qanunsuz parklanma yerinə çevrilib. Bu hal isə ərazidə aparılan abadlaşdırma və təmir işlərinə ciddi maneə yaradır.

Sakinlər bildirirlər ki, parkda saxlanılan avtomobillərin kimə məxsus olduğu və həmin ərazidə dayanmaq üçün kimdən icazə alındığı məlum deyil. Onların ehtimalına görə, mikroavtobus tipli nəqliyyat vasitələri hər hansı şirkətə məxsus ola bilər.

“Parkda abadlıq işləri aparılır. Lakin ərazinin bir hissəsi naməlum şəxslər tərəfindən avtomobil dayanacağına çevrilib. Nəticədə aylardır həmin sahədə müxtəlif maşınlar saxlanılır. Park Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin arxasında yerləşir. Görünür, bu avtomobillər ya bir şəxsə, ya da hansısa şirkətə məxsusdur, bəlkə də satış məqsədilə burada saxlanılır”, - deyə sakinlər narazılıqlarını ifadə edirlər.

Onların sözlərinə görə, avtomobillər həyət daxilində hərəkətə mane olur, uşaqların oynaya biləcəyi sahəni məhdudlaşdırır. Sakinlər parkın qanunsuz parklanmadan azad olunması üçün müvafiq qurumların təcili tədbir görməsini tələb edirlər.

Nizami Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazi onların balansında olsa da, qanunsuz parklanma ilə bağlı tədbir görülməsi digər qurumların səlahiyyətinə daxildir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi isə məhəllədaxili ərazilərdə qanunsuz parklanma hallarına görə məsuliyyətin aidiyyəti digər qurumların üzərinə düşdüyünü qeyd edib.

Ekologiya.az bildirir ki, Musavat.com məsələ ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə sorğu ünvanlayıb.

Seçilən
11
ekologiya.az

1Mənbələr