Naxçıvan, 23 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində “Birinci Türkoloji Qurultay: türk xalqlarının elmi-mədəni birliyində yeri və rolu” mövzusunda elmi konfrans keçirilib.
Bölmənin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, konfransda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının əhəmiyyətindən söz açıb. Qeyd edib ki, Prezident İlham Əliyevin bu sərəncamı təkcə tarixi hadisənin yubileyinin qeyd olunması deyil, həm də Türk dünyasının ortaq elmi-mədəni irsinin yenidən dəyərləndirilməsi, müasir mərhələdə inteqrasiya proseslərinin dərinləşdirilməsi baxımından mühüm siyasi və mənəvi məna daşıyır.
Akademik vurğulayıb ki, 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk xalqlarının tarixində dönüş nöqtəsi olub. Qurultayın əsas məqsədi ortaq ədəbi dilin formalaşdırılması, ümumi terminoloji bazanın müəyyənləşdirilməsi, əlifba və orfoqrafiya məsələlərində vahid mövqenin ortaya qoyulması idi. Onun sözlərinə görə, bu vəzifələr yalnız elmi xarakter daşımırdı, eyni zamanda, türk xalqlarının mədəni həmrəyliyinə, milli özünüdərkin güclənməsinə xidmət edirdi.
İsmayıl Hacıyev bildirib ki, Birinci Türkoloji Qurultay türk xalqlarının tarixinin, etnogenezinin, dil və ədəbiyyatının sistemli şəkildə araşdırılmasına geniş imkanlar açıb, sonrakı onilliklərdə aparılan tədqiqatlar üçün fundamental elmi baza formalaşdırıb.
Sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev “Birinci Türkoloji Qurultay və dil məsələləri” mövzusunda məruzə edib. O, Prezidentin yubileylə bağlı sərəncamının elmi ictimaiyyət üçün mühüm stimul olduğunu qeyd edərək, qurultayın fəaliyyət dövrü, beynəlxalq miqyası və müzakirə edilən məsələlər barədə ətraflı məlumat verib. Məruzədə bildirilib ki, qurultay türk xalqlarının tarixi, etnoqrafiyası, dili, ədəbiyyatı və mədəniyyətinə həsr olunmuş mötəbər beynəlxalq elmi məclis idi. Əsas müzakirə istiqamətləri sırasında dil, ədəbiyyat, orfoqrafiya və terminologiya məsələləri xüsusi yer tuturdu.
Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru, dosent Fərman Xəlilov “Birinci Türkoloji Qurultayın Naxçıvanda əks-sədası” mövzusunda məruzə edib. O, Naxçıvanda qurultaya hazırlıq çərçivəsində keçirilən ilk iclas, yerli ziyalıların təşəbbüsləri və maarifçilik fəaliyyəti barədə danışıb. Qeyd olunub ki, həmin dövrdə təşkil edilən mühazirələrdə türk tayfalarının ibtidai tarixi, inam və inancları, əlifba məsələləri, tədris üsulları və digər dillərlə əlaqələr kimi mövzular geniş şəkildə işıqlandırılıb.
İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayev “Birinci Türkoloji Qurultayın Azərbaycanda keçirilməsində hökumət dairələrinin siyasi məqsədi haqqında” mövzusunda məruzə edərək arxiv sənədləri əsasında məsələyə aydınlıq gətirib, dövrün ictimai-siyasi reallıqları fonunda qurultayın təşkili məsələlərini təhlil edib.
İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl isə “Birinci Türkoloji Qurultaydakı dil məsələlərinin Cəlil Məmmədquluzadə yaradıcılığında əksi” mövzusunda məruzə edib. O, Ümummilli Lider Heydər Əliyevin qurultayı böyük tarixi hadisə kimi qiymətləndirdiyini xatırladaraq, Cəlil Məmmədquluzadənin ana dilinin saflığının qorunması uğrunda apardığı mübarizəni təhlil edib. Qeyd olunub ki, ədibin “Molla Nəsrəddin” jurnalındakı publisistikası, “Sizi deyib gəlmişəm”, “Təzə əlifba”, “Yeni əlifba nə istəyir?” kimi məqalələri, həmçinin “Anamın kitabı”, “Saqqallı uşaq”, “Sirkə” əsərləri ana dili və əlifba məsələlərinin bədii və publisistik müstəvidə dolğun ifadəsidir.
Konfransda vurğulanıb ki, Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd olunması milli-mənəvi yaddaşın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.