AZ

ABŞ 70 təyyarə, 16 gəmi və 40 min hərbçi ilə İrana HÜCUMA KEÇİR

ABŞ Yaxın Şərqdə 16 döyüş gəmisi, təxminən 40 min hərbçi və hər birində orta hesabla 70 təyyarə olan ən azı yeddi aviasiya qanadından ibarət böyük hərbi qüvvə toplayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp “nəhəng armadanın” İran istiqamətində hərəkət etdiyini bildirib və İslam Respublikasının danışıqlar masasına əyləşərək nüvə silahından tam imtinanı nəzərdə tutan “ədalətli və bərabərhüquqlu” sazişə razılaşacağına ümid etdiyini deyib.

Eyni zamanda İranın xarici işlər naziri Abbas Əraqçi fevralın 8-də vurğulayıb ki, hərbi qarşıdurma təhlükəsi yaransa belə, ölkə uranın zənginləşdirilməsi hüququnu özündə saxlayır.

Nəşrin yazdığına görə, ABŞ-nin daha əvvəl İordaniya, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində yerləşən bazalarda hər birində təxminən 70 hava texnikası olan beş aviasiya qanadı mövcud idi. Sonradan daha iki aviasiya qanadı — USS Abraham Lincoln və USS Gerald R. Ford aviadaşıyıcılarının üzərində yerləşdirilib.

Qəzet “Tel Aviv University”nin məlumatlarına istinadən bildirir ki, İordaniyada yerləşən “Muvaffaq Salti” hərbi bazasında azı 66 qırıcı təyyarə mövcuddur. Bunlara 18 F-35, 17 F-15, səkkiz A-10, eləcə də radioelektron mübarizə təyyarələri və nəqliyyat təyyarələri daxildir. Peyk kəşfiyyatının məlumatlarına görə, Səudiyyə Ərəbistanındakı aviabazada da qırıcıların sayı artıb.

Məlumata əsasən, Trampın dəniz “armadasına” ümumilikdə 16 döyüş gəmisi və iki dəstək gəmisi daxildir. Regiondakı bazalarda və dənizdə isə təxminən 40 min ABŞ hərbçisi yerləşdirilib.

Azər Hüseynov

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Azər Hüseynov qeyd edib ki, son zamanlar müşahidə olunan regional və qlobal diplomatik fəallıq onu deməyə əsas verir ki, Yaxın Şərqdə vəziyyət kritik mərhələyə yaxınlaşır və hər an ciddi hərbi eskalasiya baş verə bilər:

“Mövcud proseslər göstərir ki, ilkin mərhələdə hava zərbələri və məhdud bombalamalar ehtimalı daha yüksəkdir. Bu, ABŞ-nin əvvəlki münaqişələrdə də istifadə etdiyi klassik taktikalardan biridir: əvvəlcə hərbi üstünlük yaratmaq, sonra isə siyasi təzyiqi artırmaq. Lakin bu proses təkcə beynəlxalq münasibətlərlə deyil, eyni zamanda ABŞ-nin daxili siyasi vəziyyəti ilə də sıx bağlıdır.

Əgər qanunverici hakimiyyət seçkilərində demokratlar üstünlük əldə edərsə, administrasiyanın xarici siyasət kursunda müəyyən yumşalmalar və danışıqlara dönüş ehtimalı yarana bilər. Əks halda, sərt xəttin davam etməsi mümkündür.

Ən təhlükəli ssenari isə İranla genişmiqyaslı yerüstü əməliyyatların başlamasıdır. Belə bir vəziyyət İraq və Əfqanıstan təcrübəsinin təkrarlanmasına gətirib çıxara bilər.

Həmin müharibələr göstərdi ki, hətta ən güclü hərbi və iqtisadi potensiala malik dövlətlər belə Yaxın və Orta Şərq kimi mürəkkəb, çoxqatlı və daxili ziddiyyətlərlə zəngin bölgədə uzunmüddətli və dayanıqlı nəzarət qura bilmirlər. Xarici müdaxilə yerli müqaviməti gücləndirir, radikal qrupların aktivləşməsinə şərait yaradır və nəticədə münaqişə illərlə davam edən bataqlığa çevrilir”.

Ekspert qeyd edib ki, son iyirmi ilin hadisələri açıq şəkildə göstərir ki, heç bir qlobal güc bu regionda sabitlik yarada bilməyib:

“Əksinə, hər yeni müdaxilə yeni problemlər, yeni qaçqın dalğaları, yeni humanitar fəlakətlər və təhlükəsizlik boşluqları yaradıb. İran kimi böyük əraziyə, əhaliyə və regional təsir imkanlarına malik bir ölkə ilə müharibə isə daha ağır nəticələrə gətirib çıxara bilər. Bu, yalnız iki ölkə arasında qarşıdurma ilə məhdudlaşmayacaq, bütün regionu əhatə edən genişmiqyaslı böhrana çevriləcək. Belə bir savaşın başlaması qlobal iqtisadiyyat üçün də ciddi sarsıntı deməkdir. Yaxın Şərq dünya enerji bazarının əsas mərkəzlərindən biridir. Hərbi qarşıdurma neft və qaz tədarükünün pozulmasına, qiymətlərin kəskin artmasına və enerji böhranına səbəb ola bilər. Bu isə inflyasiyanın yüksəlməsi, istehsal xərclərinin artması və bir çox ölkələrdə sosial narazılığın güclənməsi ilə nəticələnə bilər.

Eyni zamanda logistika və tranzit marşrutları da ciddi risk altına düşəcək. Hörmüz boğazı, Qırmızı dəniz, Süveyş kanalı kimi strateji nəqliyyat xətləri təhlükə altında qala bilər. Bu marşrutların bağlanması və ya qeyri-sabitləşməsi beynəlxalq ticarətin axarını pozacaq, daşımaların qiymətini artıracaq və qlobal tədarük zəncirlərində ciddi problemlər yaradacaq. Xüsusilə Asiya–Avropa ticarət xətti bundan ciddi zərər görə bilər”.

Azər Hüseynov qeyd edib ki, bununla yanaşı, bölgədə müharibə yeni geosiyasi bloklaşmalara və qarşıdurmalara yol aça bilər:

“Rusiya, Çin, Avropa İttifaqı və region ölkələri bu prosesdə müxtəlif mövqelər tutacaq və bu da beynəlxalq münasibətlərdə gərginliyi daha da artıracaq. Böyük güclər arasında rəqabət Yaxın Şərq üzərindən daha açıq və sərt müstəviyə keçə bilər. İranla mümkün hərbi qarşıdurma təkcə lokal münaqişə olmayacaq. Bu, regional sabitliyi sarsıdan, qlobal iqtisadiyyata zərbə vuran, enerji və logistika bazarlarını alt-üst edən, siyasi və humanitar böhranları dərinləşdirən genişmiqyaslı prosesə çevrilə bilər. Məhz buna görə də hazırkı mərhələdə diplomatik kanalların açıq saxlanılması, gərginliyin azaldılması və siyasi həll yollarının tapılması bütün tərəflər üçün ən rasional və təhlükəsiz seçim olaraq qalır”.

Tunar
NOCOMMENT.az

Seçilən
12
nocomment.az

1Mənbələr