Qaynarinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
Meksikanın Milli Müdafiə Nazirliyi Xalisko Yeni Nəsil Kartelinin (CJNG) rəhbəri və ölkənin ən çox axtarılan narkobaronu kimi tanınan "El Menço” ləqəbli Nemesio Oseqera Servantesin Xalisko ştatında keçirilən əməliyyat zamanı ağır yaralandığını və Mexiko şəhərinə aparılarkən həyatını itirdiyini açıqlayıb.
Qaynarinfo-nun məlumatına görə, nazirlik bildirib ki, yüksək dəqiqlikli hərbi əməliyyat Tapalpa bölgəsində həyata keçirilib. Meksika mətbuatının yazdığına görə, ABŞ kəşfiyyatı tərəfindən də dəstəklənən əməliyyat zamanı təhlükəsizlik qüvvələri kartel üzvlərinin silahlı hücumuna məruz qalıb və atışma baş verib. Ərazidə aparılan yoxlamalar zamanı federal qüvvələr zirehli texnika və müxtəlif ağır silahların olduğu geniş silah arsenalını ələ keçirib.
Rəsmi açıqlamada qeyd olunub ki, əməliyyatın məqsədi "El Menço”nu sağ ələ keçirmək olub. Lakin toqquşma zamanı ağır yaralanan kartel rəhbəri helikopterlə Mexiko şəhərinə aparılarkən dünyasını dəyişib. Şəxsiyyətin rəsmi təsdiqi üçün meyit üzərində ekspertiza və məhkəmə-tibbi araşdırmalar aparılacaq.
Onun öldürülməsi Meksikanın bir çox şəhərində zorakılıq hadisələrinin artmasına səbəb olub. CJNG küçəyə çıxma qadağası elan etdiyini bildirərək, küçədə görünən şəxslərə atəş açılacağını bəyan edib. Ştatlararası avtomobil yollarında kartel üzvlərinin hücumları qeydə alınıb, hadisələrin qarşısını almaq üçün ordu qüvvələri cəlb olunub.

Nazirliyin məlumatına görə, atışma zamanı 4 kartel üzvü öldürülüb, 2 nəfər saxlanılıb. Əməliyyat zamanı 3 hərbçi yaralanıb və təcili tibbi yardım üçün Mexiko şəhərindəki xəstəxanalara yerləşdirilib.
Ələ keçirilən silahlar arasında zirehli texnikanı məhv edə və hava vasitələrini vura bilən reaktiv qumbaraatanların olduğu da bildirilib.

Ordu bölmələri ştatlara yerləşdirildi
Kartelin törətdiyi zorakılıqlar səbəbindən başda Xalisko olmaqla bir sıra ştatlara əlavə hərbi qüvvələr göndərilib. Əməliyyatdan sonra ehtimal edilən qisas aksiyaları çərçivəsində yollar bağlanıb, nəqliyyat vasitələri və obyektlər yandırılıb. Ölkənin müxtəlif bölgələrində genişmiqyaslı zorakılıq halları davam edir.
Türk vətəndaşı baş verənləri danışdı
Hürriyet.com.tr-yə danışan və Meksikanın Puebla şəhərində yaşayan Türkiyə vətəndaşı Cansın Tamariz bildirib ki, onların yaşadığı şəhərdə toqquşmalar nisbətən zəifdir, lakin hadisələrin başladığı Qvadalaxara şəhəri yaxınlıqda yerləşir.
Onun sözlərinə görə, yerli bələdiyyə əhaliyə evdən çıxmamaqla bağlı çağırış edib: "Səhər ehtiyat üçün marketə getdik. Hələlik mağazalarda vəziyyət normaldır, amma küçələr boşdur. Adətən bura daha canlı olur".

Tamariz qeyd edib ki, Meksika ordusu yolları bağlayıb və hava nəqliyyatı dayandırılıb: "Hazırda ölkə daxilində bir yerdən başqa yerə getmək mümkün deyil. Tətillər ləğv olunub. Bütün obyektlər bağlıdır. Apteklər adətən gecə boyu açıq olurdu, indi isə hamısının qapısı kilidlidir".
O, xəstəxanaların dolu olduğunu və Qvadalaxaradakı bəzi xəstəxanaların kartellərin nəzarətinə keçdiyi barədə şayiələrin yayıldığını deyib. Hökumət isə bu məlumatları təkzib edib. Yaralanan şəxslərin başqa şəhərlərə köçürüldüyü bildirilir.

ABŞ əməliyyata dəstək verib
Ağ Evin sözçüsü Karolin Livitt ABŞ-ın "El Menço”nun öldürüldüyü əməliyyata kəşfiyyat dəstəyi göstərdiyini açıqlayıb. O, təhlükəsizlik qüvvələrinin əməkdaşlığını və əməliyyatın uğurunu yüksək qiymətləndirdiklərini bildirib.
Livitt qeyd edib ki, "El Menço” fentanil qaçaqmalçılığında əsas fiqurlardan biri olub və hər iki ölkə üçün "yüksək səviyyəli hədəf” sayılıb. ABŞ Prezidenti Donald Trampın daha əvvəl CJNG-ni xarici terror təşkilatı kimi tanıdığını xatırladıb.

Prezidentdən sakitlik çağırışı
Meksika Prezidenti Klaudia Şeynbaum hadisələr fonunda əhalini sakitliyə çağırıb. O bildirib ki, ölkənin böyük hissəsində gündəlik həyat normal qaydada davam edir və ştat rəhbərləri ilə tam koordinasiya mövcuddur.
Şeynbaum vurğulayıb ki, hökumət ölkədə sülhün, təhlükəsizliyin və ədalətin təmin olunması üçün fasiləsiz çalışır və əməliyyatda iştirak edən ordu, Milli Qvardiya və təhlükəsizlik qurumlarına təşəkkür edib.
ABŞ və Kanadadan xəbərdarlıq
ABŞ-ın Meksikadakı səfirliyi ölkədə davam edən təhlükəsizlik əməliyyatları və yolların bağlanması səbəbindən vətəndaşlarını olduqları yerdə qalmağa çağırıb. Bildirilib ki, hava limanları açıq qalsa da, yolların bağlanması səbəbindən Puerto Vayarta və Qvadalaxara şəhərlərində bir çox daxili və beynəlxalq reyslər ləğv olunub.
Kanada hökuməti də Meksikaya səyahət edən vətəndaşlarına "xüsusilə diqqətli olmağı” tövsiyə edib və bəzi bölgələrdə təhlükəsizlik vəziyyətinin sürətlə pisləşə biləcəyini qeyd edib.
Aydın
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.