Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“ABŞ İranı tam nəzarət altına almaq niyyətindədir, Trampın strateji planı budur”
Fevralın 26-da Cenevrədə planlaşdırılan görüş İranın ABŞ ilə razılığa gəlməsi üçün son şansdır, əks halda Vaşinqton genişmiqyaslı hərbi əməliyyata başlaya, birbaşa ölkənin Ali rəhbəri Əli Xameneini hədəfə ala bilər.
Bu barədə “Axios” ABŞ rəsmilərinə istinadla məlumat yayıb. ABŞ-nin yüksək vəzifəli rəsmisi bildirib ki, İran yaxın 48 saat ərzində konkret təklif təqdim edərsə, ABŞ nümayəndə heyəti cümə axşamı Cenevrədə danışıqların yeni raunduna hazırdır. O vurğulayıb ki, Donald Tramp administrasiyası Tehrandan məqbul təklif gözləyir.
Məlumata əsasən, ABŞ prezidentinin xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşner Prezident Donald Trampa hücum əmri verməzdən əvvəl diplomatiyaya şans verilməsini tövsiyə ediblər. Tehran tərəfindən məqbul təklif göndərilsə, Cenevrədə danışıqlar baş tutacaq. ABŞ rəsmisi əlavə edib ki, tərəflər hərtərəfli nüvə sazişindən əvvəl mümkün müvəqqəti razılaşma barədə də danışıqlar apara bilərlər.
Siyasi şərhçi Səxavət Məmməd “Sherg.az”a açıqlamasında ABŞ ilə İran arasında hərbi gərginliyin getdikcə artdığını bildirib. Onun fikrincə bu gərginliyin yüksəlməsində İsrailin oynadığı strateji rolu gözardı etmək olmaz:
“Vaşinqton hər nə qədər prioritetinin Qərb yarımkürəsi olduğunu bəyan etsə də, Yaxın Şərqə əlavə qüvvələr cəmləyir və xüsusilə İranı ram etmək niyyətini gizlətmir. Faktiki olaraq, regionda ABŞ və İsrailin apardığı siyasətə müqavimət göstərən tək güc mərkəzi İran qalmışdı. Bu səbəbdən İrana qarşı kəskin addımların atılması qaçılmaz idi. Hesab edirəm ki, real yanaşma İranın Yaxın Şərqdəki "ayağını kəsmək" və İsrailin qarşısındakı yeganə ciddi maneəni aradan qaldırmaqdan ibarətdir”.
Siyasi şərhçi qeyd edib ki, Donald Tramp həm biznes karyerasında, həm də prezidentlik dövründə eyni davranış modelini nümayiş etdirib: “Təhdid, təzyiq və şantajlarla "500 faizlik" tələblər qoyur, sonda isə "200 faizlik" nəticə ilə razılaşır. İran istiqamətinə göndərilən ilkin qüvvələr də məhz bu psixoloji təzyiq strategiyasına xidmət edir.
2026-cı ilin əvvəlindən etibarən ABŞ-ın regiondakı hərbi mövcudluğu ciddi şəkildə artıb. İlk olaraq USS Abraham Lincoln (CVN-72) aviadaşıyıcı zərbə qrupu yanvarın sonundan etibarən Ərəb dənizi və Hörmüz boğazı yaxınlığında fəaliyyətə başladı. O zaman ABŞ-ın İrana dərhal zərbə endirəcəyi ilə bağlı çoxsaylı iddialar səslənsə də, bu qüvvə ilə genişmiqyaslı hücumun qeyri-mümkün olduğunu düşünürdüm. Çünki belə bir addımın fəsadları ABŞ üçün kifayət qədər ağır ola bilərdi.
Bəlkə də 12 günlük İran-İsrail toqquşması olmasaydı, ABŞ elə USS Abraham Lincoln aviadaşıyıcısı ilə zərbələr endirməyə cəhd edərdi. Lakin bu toqquşma göstərdi ki, İran ciddiyə alınacaq bir hərbi potensiala sahibdir. 20 ildən artıqdır ki, sırf ballistik raket istehsalı ilə məşğul olan İranın gücü bir çox məsələlərə aydınlıq gətirdi.
İsrail kimi HHM sistemlərinə güvənən bir ölkə, İranın zərbələrini dəf etmək üçün İordaniya, ABŞ, Böyük Britaniya və Fransanın köməyinə ehtiyac duydu. Bu, İranın raket və dron gücünün bir ölkənin imkanlarını aşdığını sübut etdi. Toqquşmanın ən ağır nəticələrindən biri arsenalın boşalması oldu. ABŞ-ın istifadə etdiyi THAAD anti-ballistik raketlərinin yerini yalnız 2027-ci ildə doldura biləcəyi bildirilir”.
S. Məmməd hesab edir ki, Abraham Lincolnun regiona gəlişindən sonra ABŞ şərtlərini açıqlayıb:
“Bu şərtlər arasında uranın zənginləşdirilməsinin, ballistik raketlərin istehsalının dayandırılması, orta və uzaq mənzilli raketlərin silahlandırmadan çıxarılması və İranın tamamilə Yaxın Şərqdən əlini çəkməsi var. İran hazırkı ABŞ-nin qüvvələrini nəzərə alaraq müqavimət göstərə biləcəyinin fərqindədir. Ona görə də, İran da şərtlərə qarşı şərtlər irəli sürür. İran sanksiyaların aradan qaldırılacağı təqdirdə uranın zənginləşdirlməsi məsələsinin müzakirəyə açıq oldğunu bildirir. Ballistik raketlərin müzakirə mövzusu olmayacağını bəyan edir. Düşünürəm ki, İran Yaxın Şərqlə bağlı müəyyən güzəştlərə gedə bilər, hətta deyərdim, buna məcburdur. İranın ballistik raketlərlə bağlı mövqeyi məntiqlidir, realığı özündə ehtiva edir. Əslində bu tələb özü gülməlidir. Necə yəni, sənin raketin olmasın, mənim olsun? Donald Trampın gözləmədiyi bu qətiyyət ABŞ-i daha böyük qüvvələri regiona cəlb etməyə vadar etdi. Fikrimcə, ABŞ aviadaşıyıcı gəmiləri regiona göndərəndən sonra güc balansı xeyli dəyişəcək. Bu gücdən sonra müdaxilə imkanı daha real görünür, toqquşma riskini xeyli artırır. Ancaq İranın ərazisinin böyüklüyü, Rusiyadan alınan S-300, Miq-29, Su-35 və Çindən sifariş edilən J-10 qırıcıları, həmçinin radioelektron mübarizə vasitələri müharibənin qısa sürməyəcəyindən xəbər verir. Uzunmüddətli müharibə isə asanlıqla nəzarətdən çıxa bilər. Bu ssenaridə Rusiyanın "pusquda duraraq" gərginliyi daha da alovlandırmaq üçün əlindən gələni edəcəyi şübhəsizdir”.
Ekspert qeyd edib ki, ABŞ-ın İran ətrafındakı manevrləri Azərbaycanın antiterror əməliyyatından əvvəlki və ya Rusiyanın Ukrayna müharibəsindən öncəki qüvvə yığımına bənzəyir. Ya şərtlər qəbul ediləcək, ya da hərbi maşın işə düşəcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.