Reyting.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Dünya İranın nə vaxt vurulacağını gözləyir. İran vurulmadıqca, hamı bunun sadəcə təzyiq olduğunu düşünəcək və rahatlaşacaq. Məhz belə bir anda zərbə endirilə bilər”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında hərbi ekspert Azad İsazadə İran ətrafında yaranmış vəziyyəti şərh edərkən bildirib.
A. İsazadə əlavə edib ki, hazırda İranla ABŞ arasında danışıqlar gedir: “İran bildirir ki, nüvə silahı əldə etmək niyyətindən imtina edir, lakin nüvə texnologiyalarının inkişafını davam etdirəcək. Eyni zamanda, ballistik raket istehsalını müəyyən dərəcədə məhdudlaşdırmağa hazır olduğunu desə də, bunun tam dayandırılmasından söhbət getmədiyini vurğulayır. Yəni İran həm hərbi, həm də texnoloji inkişafından geri çəkilmək istəmir. ABŞ isə Tehrandan həm nüvə proqramına, həm də uzunmənzilli raket istehsalına son qoymağı tələb edir. Danışıqlar davam etsə də, hələlik konkret razılaşma əldə olunmayıb”.
Hərbi ekspertin sözlərinə görə, ötən həftənin şənbə və ya bazar günü İranın vurulacağı gözlənilsə də, bu baş vermədi. İsazadə hesab edir ki, ABŞ-İran danışıqları ciddi razılaşma ilə nəticələnməyəcək və İranın vurulma ehtimalı 90 faizdən yuxarıdır.
Müsahibimiz qeyd edib ki, ABŞ prezidenti Donald Tramp İran ətrafına və Fars körfəzi bölgəsinə böyük hərbi qüvvə cəmləşdirib: “Əgər İran vurulmasa, digər ölkələr ABŞ prezidenti Donald Trampın addımlarını real təhlükə kimi qəbul etməyəcək, bunu sadəcə təzyiq vasitəsi sayacaqlar. Ona görə də Tramp təsir gücünü göstərmək üçün hansısa addım atmalı ola bilər”.
İranın mümkün müharibəyə hazırlığına da toxunan ekspert bildirib ki, Tehran öz imkanları çərçivəsində hərbi hazırlığını davam etdirir: “Məsələn, Rusiyaya məxsus ‘Qiyamət təyyarəsi’nin Tehran səmasında göründüyü iddia olunur. Bu tip təyyarələr əsasən nüvə müharibəsi şəraitində ölkə rəhbərliyinin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Lakin nəzərə almaq lazımdır ki, nə Rusiya, nə də Çin texnoloji baxımdan ABŞ-dan üstün deyil. Onlar bütün imkanlarını İrana versələr belə, İran ABŞ-a uzun müddət müqavimət göstərə bilməz. ABŞ İranı dənizdən və havadan hədəfə ala, üstünlük qazana bilər. Ancaq İrana quru qoşunlarının göndərilməsi növbəti Əfqanıstan ssenarisi ilə nəticələnə bilər”.
A. İsazadə hesab edir ki, Çin və Rusiya İranı müqavimət göstərməyə təşviq edir: “Çünki İran sıradan çıxarsa, Çin enerji baxımından ciddi çətinliklərlə üzləşə bilər. Rusiya isə anlayır ki, İrandan sonra təzyiq daha çox onun üzərinə yönələcək. Bununla belə, Çin və Rusiyanın İranı birbaşa hərbi müdafiə etməsi ehtimalı aşağıdır. Rusiya hazırda özü ciddi problemlərlə üz-üzədir. Ukrayna dronları onun neft obyektlərini və hərbi zavodlarını hədəfə alır”.
Nemət ORUCOV
Reyting.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.