AZ

Aydın Süleymanlı: Çempion olmasam da, oyunumdan razı qaldım

Bakı, 23 fevral, AZƏRTAC

Məqsədim ölkə çempionu olmaq idi. Üçüncü yeri tutsam da, oyunumdan çox razı qaldım və çempionatı özüm üçün məhsuldar hesab edirəm.

Bu sözləri AZƏRTAC-a açıqlamasında kişi şahmatçılar arasında Azərbaycan çempionatında bürünc medal qazanan Aydın Süleymanlı deyib.

O, təcrübəli şahmatçılarla mübarizənin hər zaman gərgin keçdiyini söyləyib: “Yarımfinalda Şəhriyar Məmmədyarovla qarşılaşdım. Klassik partiyalarda 1:1 hesablı heç-heçə qeydə alındı. Qalib tay-brekdə müəyyənləşdi və o, 3,5:2,5 hesabı ilə qələbə qazanaraq finala yüksəldi. Çempionat ərzində ən çox çətinlik çəkdiyim qarşılaşma oldu. Belə təcrübəli və yüksəkreytinqli şahmatçıya qarşı oynamaq hər zaman çətindir. Əslində, bu cür görüşlər bizim üçün də ciddi sınaq olur”.

A.Süleymanlı çempionatda qazandığı nəticəni gələcək yarışlar üçün mühüm mərhələ kimi qiymətləndirib: “Bu yarış həm də Avropa çempionatı və Dünya Kubokuna vəsiqə baxımından böyük əhəmiyyət daşıyırdı. İlk növbədə kişilər arasında Avropa çempionatında iştirak edəcəyik. Məqsədim həmin yarışa yaxşı hazırlaşmaq və orada medal uğrunda mübarizə aparmaqdır. Bunun üçün üzərimdə daha çox işləməliyəm”.

Qeyd edək ki, Aydın Süleymanlı üçüncü yer uğrunda hər iki görüşdə Read Səmədovu məğlub edərək ölkə çempionatının bürünc medalçısı olub.

Seçilən
12
1
azertag.az

2Mənbələr