AZ

İftardan sonra çəkilən siqaretin sağlamlığa təsiri

Sia Az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ramazan ayı həm mənəvi, həm də fiziki baxımdan yenilənmə dövrüdür. Gün ərzində uzun müddət qida və sudan imtina edən orqanizm müəyyən qədər istirahət rejiminə keçir, metabolik proseslər tənzimlənir və bədən zərərli vərdişlərdən uzaq olur. Lakin iftar süfrəsindən dərhal sonra dalbadal siqaret çəkilməsi həmin müsbət təsiri qısa müddətdə aradan qaldıra və ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Xüsusilə ürək-damar xəstəlikləri riski olanlar üçün iftardan sonra intensiv şəkildə siqaretdən istifadə etmək təhlükəli nəticələr doğura bilər. Uzun fasilədən sonra nikotinin və digər toksik maddələrin orqanizmə qəfil daxil olması damar spazmı, ritm pozuntuları, hətta infarkt və insult riskinin artması ilə nəticələnə bilər.

Bununla əlaqədar daha ətraflı məlumat almaq üçün həmsöhbət olduğumuz Mərkəzi Gömrük Hospitalının həkim-kardioloqu Günay Məmmədova dedi:

– Ramazan ayında oruc tutanlar gün ərzində 15–16 saat qidadan, tütnçəkənlər isə həm də siqaretdən uzaq qalırlar. Həmin müddətdə orqanizm müəyyən qədər “bərpa” rejiminə keçir, yəni qanda oksigen səviyyəsi yüksəlir, karbon monooksidin miqdarı azalır, damarlar nisbi rahat vəziyyətə gəlir. Lakin iftardan dərhal sonra dalbadal siqaret çəkilməsi orqanizm üçün ciddi stres yaradır. Uzun fasilədən sonra nikotin və digər zərərli maddələrin orqanizmə qəfil daxil olması damar spazmına, ürək ritm pozuntularına və hətta miokard infarktına səbəb ola bilər. Xüsusilə ürək-damar xəstəliyi riski olanlar üçün həmin vəziyyət çox təhlükəlidir.

– İftardan sonra siqaretin infarkt riskini artırmasının mexanizmi necə izah olunur?

– Bir siqaretin tərkibində təxminən 0,5 milliqram nikotin olur və nikotin cəmi 10–15 saniyə ərzində beyin damarlarına çatır. Nikotin damarları daraldır, ürək döyüntüsünü sürətləndirir, arterial təzyiqi artırır. Bundan başqa siqaret tüstüsünün tərkibində olan karbon monooksid qazı qandakı hemoqlobinlə birləşərək oksigen daşınmasını azaldır. Nəticədə ürək əzələsi kifayət qədər oksigen ala bilmir. Bu isə kəskin damar spazmına və nəticədə miokard infarktına aparıb çıxara bilər. Oruc müddətində damarlar müəyyən qədər sakit vəziyyətdə olduğu halda, iftardan sonra bir neçə siqaret çəkmək “böhran effekti” yaradır.

– Bu hal beyinə necə təsir edir?

– İftardan sonra siqaretdən intensiv istifadə edilməsi yalnız ürək üçün deyil, beyin üçün də təhlükəlidir. Damarların daralması orqanizmin həmin nahiyəsinə qan axınının azalmasına, bunun nəticəsində isə insult, beyində qansızma və ya keçici işemik atak riskinin artmasına səbəb ola bilər. Arterial hipertenziyası və şəkərli diabeti olanlar üçün həmin risk daha yüksəkdir. Eyni zamada siqaretin ürəyin ritm pozuntularını artırması da qəfil ağırlaşmalara səbəb ola bilər.

– “Nikotin zəhərlənməsi “ifadəsi dedikdə nə nəzərdə tutulur?

– Uzun fasilədən sonra qısa müddətdə bir neçə siqaret çəkilməsi nikotin zəhərlənməsi əlamətlərinə səbəb ola bilər. Həmin əlamətlərə başgicəllənmə, halsızlıq, ürəkbulanma, qusma, bağırsaq hərəkətlərində artım, ishal, ürək döyüntüsünün sürətlənməsi halalrı daxildir. Bəzən xəstələr bunu “təzyiqin aşağı dşməsi” kimi dəyərləndirirlər, əslində isə bu, nikotinin toksik təsiridir.

– Uzun illər siqaret asılılığı olanlar üçün hansı tövsiyələr var?

– Uzun müddət siqaret aludəçiləri üçün birdən-birə ondan tam imtina etmək çətin ola bilər. Bu, həm psixoloji, həm də fiziki asılılıqdır. Ona görə də onlar ilk növbədə həkimə müraciət etməlidirlər. Kardioloq, terapevt və ya psixoloq tərəfindən dəstək proqramı, nikotin əvəzedici terapiya və mərhələli azaldılma üsulları tətbiq oluna bilər. Əsas məsələ iftardan sonra nəzarəti əldən verərək “boşluğu doldurmaq” məqsədilə siqareti siqaretə calamamaqdır.

– Həkim, Ramazan ayını siqareti tərgitmək üçün fürsət hesab etmək olarmı?

– Əlbəttə. Gün ərzində 15–16 saat siqaretsiz qalmaq mümkündürsə, deməli, bu vərdişə qalib gəlmək də imkan daxilindədir. Oruc tutulan bir ay müddətində siqaret çəkmədən qalmaq mümkündürsə, bu artıq asılılıq üzərində nəzarətin başlanğıcıdır. Sadəcə olaraq iftardan sonra həmin fasiləni “kompensasiya” etmək düzgün deyil. Oruc tutmağı sağlam həyat tərzinə keçid üçün başlanğıc nöqtəsi kimi dəyərləndirmək lazımdır. Ramazan pis vərdişlərdən imtina etmək üçün çox gözəl fürsətdir. Bəlkə də onun ən gözəl fəzilətlərindən biri də budur.

Müsahibəni apardı: Dilarə Zamanova,

Mərkəzi Gömrük Hospitalının

PR üzrə mütəxəssisi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
1
sia.az

2Mənbələr