AZ

Paşinyan üçün təhlükəli GEDİŞ

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Avropa İttifaqının Genişlənmə Məsələləri üzrə Komissarı Marta Kos martın 19-20-də Ermənistana səfər edəcək. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Avropa İttifaqının Ermənistandakı Avropa nümayəndəliyi məlumat yayıb. Bu səfər nəticəsində Avropa İttifaqı ilə Ermənistan arasında münasibətlərin dərinləşərək tərəfdaşlığın qəti mərhələsinə keçəcəyi bildirilir.

 Səfirliyin açıqlaması xanım Kosun səfər proqramında əsasən Avrpopa Sülh Fondu çərçivəsində təhlükəsizlik məsəlləərinin yer alacağını göstərir. 

Yerli medianın məlumatına görə, Avropa Sülh Fondunun “Sülh Aləti” vasitəsilə Ermənistanın təhlükəsizliyinə dəstəyi ümumilikdə 30 milyon avro təşkil edəcək. Proqramın birinci hissəsi 2024-cü ildə təsdiqlənib və Erməmistana 10 milyon avro ayırılmışdı. 

20 milyon avroluq ikinci dəstək paketi isə Aİ Şurası tərəfindən 2026-cı il yanvarın 29-da qəbul edilib. Proqrama uyğun olaraq Aİ 30 ay müddətində Ermənistanla birlikdə Ermənistan Silahlı Qüvvələrinin texniki və müdafiə sahələrində qabiliyyətlərinin gücləndirilməsi üzərində işləyəcək. 

Marta Kosun ofisinin nümayəndəsinin açıqlamasına görə, ikinci mərhələ dəstəyi 2024-cü ildə başlayan cari dəstəyi tamamlayacaq ki, bu da çadır düşərgəsinin yerləşdirilməsini əhatə edir. İkiqat artan dəstək çərçivəsində düşərgə genişlənərək briqadaya çevriləcək. 

Ermənistanın təhlükəsizliyinin gücləndirilməsinə yönəlmiş dəstək proqramı çərçivəsində mülki əhalinin böhran və fövqəladə vəziyyətlərdə müdafiə qabiliyyətinin artırılması üçün logistik imkanlara xüsusi diqqət yetiriləcək. 

“Bu, həmçinin Ermənistanın davamlılığını artırmağa və Silahlı Qüvvələrin beynəlxalq hərbi missiyalara və əməliyyatlara, o cümlədən Avropa İttifaqı tərəfindən həyata keçirilə biləcək missiyalara gələcək iştirakının sürətləndirilməsinə yönəlib”,- deyə məlumatda bildirilir. 

Qeyd edək ki, rəsmi İrəvan Avropa Sülh Fondundan alınan yardım paketinə Ermənistanın təhlükəsizliyinin Qərbə inteqrasiya vasitəsi kimi baxır. Nikol Paşinyan hakimiyyəti Avropa İttifaqı rəsmiləri ilə apadığı bütün danışıqlarda Ermənistanın təhlükəsizliyinə təminat verilməsini əsas şərt kimi irəli sürüb. 

Bu mövzu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Kaya Kallasın ötən ilin iyun ayında İrıəvana səfəri zamanı da diqqət mərkəzində olub. 

Lakin Aİ Ermənistanın Rusiyanın hərbi müttəfiqi olmasını və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olduğunu əsas gətirərək sözügedən zəmanəti verməkdən imtina edib. 

Avropa İttifaqının Paşinyan hökumətindən KTMT sıralarını tərk etməyi və Rusiyanın hərbi bazasını Ermənistandan çıxartmağı tələb etdiyi barədə informasiyalar dəfələrlə yayılıb. 

Qeyd edək ki, bu günlərdə ABŞ-nin vasitəçiliyi ilə Ukrayna ilə davam edən danışıqlarda Rusiyanın etməli olduğu güzəştlərin sadalandığı sənəddə Avropa İttifaqının bu məsələyə xüsusi yer ayırdığı deyilir. 

“Avropanın hərtərəfli, ədalətli və davamlı sülh və qitənin təhlükəsizliyinin təmin olunmasında əsas maraqları” adlı təkliflər paketində Brüssel Rusiyadan qoşunlarını, hərbi bazalarını və nüvə silahını Ukrayna, Belarus, Moldova, Gürcüstan, o cümlədən Ermənistandan çıxartmağı, həmin ölkələrə təzminat ödəməyi tələb edir. 

Aİ hələlik yalnız Ermənistan silahlı qüvvələrinin hərbi-texniki qabiliyyətinin artırılması və mülki müdafiə sahəsində maddi dəstək göstərməyi vəd edir. Marta Kosun səfəri zamanı Ermənistana təhlükəsizlik təminatı məsələsinin yenidən gündəmə gələcəyi gözlənilir. 

Hətta Ermənistan bu halda Avropa İttifaqının təhlükəsizlik sisteminə daxil olmaq niyyətini gizlətmir. Bu baxımdan, Ermənistan mediası xarici işlər naziri Ararat Mirzoyanın bu yaxınlarda işlətdiyi bir ifadəni xatırladır: 

“Ali nümayəndə Kalasın səfəri zamanı biz razılaşmalar imzaladıq və Ermənistanın Aİ-nin ümumi təhlükəsizlik və müdafiə siyasətinə qoşulması barədə də danışdıq. Təhlükəsizlik və müdafiə bizim əməkdaşlığımız üçün vacib istiqamətdir”. 

Ermənistanın KTMT üzvü olduğu və Rusiya ilə hərbi müttəfiqlik halında Avropa İttifaqının təhlükəsizlik və müdafiə siyasətinə qoşulması hüquqi baxımdan qeyri-mümkündür. Ona görə də rəsmi İrəvan təhlükəsizlik məsələsində seçim etmək məcburiyyətində qala bilər. 

Xüsusilə də Avropa İttifaqı ilə Rusiya arasında hibrid müharibənin getdiyi və bu geosiyasi qarşıdurmanın Cənubi Qafqaza keçmək təhlükəsinin yarandığı bir vaxtda Ermənistanın təhlükəsizlik sahəsində balanslı siyasət yürütmək imkanları aradan qalxır. 

Yəni Ermənistan Avropa İttifaqının təhlükəsizlik və müdafiə siyasətinə qoşulmaq üçün ən azı KTMT-dən çıxmalıdır. Əslində, İrəvanın bu mövqeyi Ermənistan üzərindən Cənubi Qafqazda Rusiyaya qarşı geosiyasi platsdarm qurmağa çalışan Aİ-nin və NATO-nun maraqlarına cavab verir. 

Lakin Ermənistanda iyun ayında parlament seçkilərinin keçiriləcəyini nəzərə alsaq, hazırkı durumda KTMT-dən çıxmaq Rusiya ilə münasibətləri nəticələri kifayət qədər təhlükə doğuracaq səviyyədə gərginləşdirə bilər. 

Nikol Paşinyan seçkilərədək Kremllə münasibətlərin gərinləşməsini istəmir. Ancaq seçkilərdə Paşinyanın liderlik etdiyi “Vətəndaş Müşqaviləsi” Partiyası qalib gələcəyi təqdirdə KTMT-ni tərk etmək istiqamətində real addımların atılacağı ehtimalı böyükdür. 

Müşfiq Abdulla 

“Cebheinfo.az”

Açar sözlər:

Paşinyan Avropa İttifaqı

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
cebheinfo.az

2Mənbələr