AZ

Azərbaycan 2026-cı ilə əsas iqtisadi göstəricilərdə azalma ilə daxil olub - Açıqlama

BAKI, 23 fevral. TELEQRAF

Azərbaycan 2026-cı ilə əsas iqtisadi göstəricilər üzrə azalma fonunda daxil olub. İlin əvvəlində ümumi istehsal həcmlərində, neft hasilatında və xarici ticarət dövriyyəsində azalma qeydə alınıb.

Teleqraf xəbər verir ki, cari ilin yanvarında Azərbaycanda dövlət büdcəsinin gəlirləri 8,5% azalıb.

Ölkədə qaz kondensatı daxil olmaqla xam neft istehsalı 2 milyon 252,4 min ton təşkil edib ki, bu da illik müqayisədə 2,4% azdır. Əmtəəlik neft istehsalında da azalma qeydə alınıb. Belə ki, ilin ilk ayında əmtəəlik neft istehsalı 2 milyon 247,9 min ton olub və bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3% aşağıdır.

Hesabat dövründə qiymətli metalların istehsalında da geriləmə müşahidə edilib. Yanvarda Azərbaycanda 207,8 kiloqram qızıl (12% azalma) və 329,8 kiloqram gümüş istehsal (12,2% azalma) edilib. Bundan əlavə, benzin istehsalı da 7,3% azalıb.

Ötən ay elektrik enerjisi istehsalı 3,8%, əmtəəlik enerji 3,5%, istilik enerjisi 2,5%, su elektrik stansiyalarında isə istehsal 38,5% azalıb.

2025-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 48 milyard 905,8 milyon ABŞ dolları təşkil edib. Bu dövrdə ixracın dəyəri 24 milyard 526,1 milyon dollar, idxalın dəyəri isə 24 milyard 379,7 milyon dollar olub. 2024-cü illə müqayisədə xarici ticarət dövriyyəsi real ifadədə 8,6% azalıb. İdxal 8,5%, ixrac isə 8,7% azalıb.

Məsələ ilə bağlı Teleqraf-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, iqtisadi göstəricilərdə müşahidə olunan azalmanın səbəbi iqtisadiyyatın strukturunda mövcud olan problemlərlə bağlıdır:

“Azərbaycanda iqtisadi artım zəifləyib. Ölkədə iqtisadi artımın canlanmasına səbəb ola biləcək addımlara və təşviq proqramlarına ehtiyac var. İqtisadi aktivliyin artırılmasına yönəlmiş tədbirlərin görülməsi vacibdir. Bu, ciddi bir çağırışdır və müvafiq addımlar atılmalıdır”.

Seçilən
8
teleqraf.com

1Mənbələr