Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının “Kibercinayətkarlığa qarşı” Konvensiyasının Azərbaycan Respublikasının müvafiq bəyanatları və qeyd-şərtləri ilə təsdiq edilməsi haqqında Qanunu imzalayıb.
Qeyd edək ki, dünya birliyinin çoxillik gərgin əməyinin nəticəsi olaraq BMT-nin “Kibercinayətkarlığa qarşı Konvensiya”sının yekun layihəsinin hazırlanması prosesində Azərbaycan xüsusilə fəal iştirak edib.
Dövlət Təhlükəsizliyi Xidməti, Xarici İşlər Nazirliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və digər dövlət qurumlarının nümayəndələrinin də daxil olduğu nümayəndə heyəti çoxtərəfli danışıqlarda konstruktiv və prinsipial mövqe nümayiş etdirərək sənədin mətninin formalaşdırılmasına substantiv töhfə verib.
“Kibercinayətkarlığa qarşı” Konvensiya 24 dekabr 2024-cü il tarixində BMT Baş Assambleyasında qəbul olunub.
Konvensiya kibercinayətkarlıqla mübarizə üzrə qlobal səviyyədə vahid, hüquqi cəhətdən məcburedici beynəlxalq çərçivə formalaşdıran ilk sənəddir.
Konvensiyanın ratifikasiyası təhlükəsizlik və hüquq-mühafizə orqanlarının fəaliyyətini gücləndirəcək. Sənəd elektron sübutlarla beynəlxalq hüquqi prosedurları tənzimləyir, transmilli istintaqların effektivliyini artırır.
Təxirəsalınmaz beynəlxalq əməkdaşlıq mexanizmləri kibercinayətlərə operativ reaksiya verilməsinə imkan yaradır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta