AZ

Audiovizual Şuranın səlahiyyətləri genişləndirilsin! TƏKLİF

ain.az, Modern.az portalına istinadən məlumat verir.

Son günlər sosial şəbəkələrdə, mediada televiziyalardakı bayağı verilişlər bağlı narazılıqlar yenidən gündəmə gəlib. Belə ki, Nailə İslamzadə, Murad Arif, Səidə Sultan kimi sənətçilərimiz bu cür verilişləri baykot edərək, bayağı zarafatlar, sənətiylə gündəmə gəlməyən şəxslərin efirə çıxarılmasıyla bağlı narazılıqlarını ifadə ediblər.

Bundan əlavə, Xalq artisti Brilliant Dadaşovanın da iştirak etdiyi “TikTok" platformasındakı canlı yayım zamanı müğənni Səidə Sultanla teleaparıcı Tarix Əliyev (Tolik) arasında yaşanan qalmaqal bu müzakirəni daha da aktuallaşdırıb.

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında İctimai Televiziyanın Yayım şurasının üzvü Azər Həsrət də efirlərdəki bəzi verilişlərin səviyyəsi ilə bağlı ciddi narahatlığını dilə gətirib.

“Bir qədər haşiyəyə çıxaraq vurğulamaq istərdim ki, çox dəyərli televiziya aparıcısı Nailə İslamzadə bu gün də İctimai Televiziyada uğurla fəaliyyət göstərir. Biz onu illər öncə Azərbaycan Televiziyasındakı “Ailələr və talelər” verilişindən tanıyırıq. Aradan onilliklər keçməsinə baxmayaraq, həmin verilişin adını və aparıcısını bu gün də xatırlayırıq. Niyə? Çünki o proqram insanların qəlbinə toxunan, yüksək səviyyəli, mədəni və ədəbli bir veriliş idi. Deməli, intellektual səviyyəsi yüksək olan layihələrlə də yaddaşlarda qalmaq mümkündür”.

Onun sözlərinə görə, televiziya sahəsində söz sahibi olan şəxslərin bu kimi məsələlərə münasibət bildirməsi çox vacibdir:

“Çünki yetişməkdə olan nəsil də nəyin doğru, nəyin yanlış olduğunu bu mövqelər vasitəsilə anlaya bilsin.

Təəssüf ki, xüsusilə kommersiya kanallarında səviyyəsiz verilişlərin sayı az deyil. Qışqırıq, qalmaqal, ailədaxili münasibətlərin açıq müzakirəsi, şəxsi həyatın efirdə nümayişi artıq adi hala çevrilib. Mən bu verilişlərin izləyicisi deyiləm. Lakin efirdən sonra sosial mediada geniş tirajlandıqları üçün istəmədən də olsa, fraqmentləri ilə qarşılaşırıq. Bu isə göstərir ki, problem artıq yalnız efir məkanında deyil, ictimai müzakirə mühitində də geniş yayılır.

Belə yanaşmalar milli-mənəvi dəyərlərimizə zərbə vurur. Ailə kimi məhrəm institutun, adət-ənənələrin, böyük-kiçik münasibətlərinin efirdə ucuz sensasiya predmetinə çevrilməsi yolverilməzdir. Bu, efir etikasının açıq şəkildə pozulmasıdır və bunu təkcə ekspertlər, mütəxəssislər deyil də, adi tamaşaçı belə hiss edir”.

Yayım şurasının üzvü eyni zamanda bu cür halların qarşısını alınmasının mümkün və vacibliyinə də diqqət çəkib:

“Bunun üçün Audiovizual Şuranın səlahiyyətlərinin genişləndirilməsi və onun yanında ekspert şuralarının yaradılması məqsədəuyğun olardı. Həmin ekspert qrupları verilişləri təhlil etməli, etik pozuntularla bağlı rəy və tövsiyələrini kanallara təqdim etməlidir. Qaydalara əməl etməyən layihələrə qarşı isə daha ciddi tədbirlər görülməli, zərurət yarandıqda yayımlar dayandırılmalıdır.

Digər bir məsələ isə “tamaşaçı tələbatı” arqumentidir. Bəzi həmkarlarımız iddia edirlər ki, bu tip verilişlər reytinq gətirdiyi üçün efirə çıxarılır. Mən bu yanaşmanı qəbul etmirəm. Tamaşaçıya nə təqdim etsəniz, zamanla ona alışacaq. Elə isə niyə də daha səviyyəli, daha etik və intellektual proqramlar təqdim etməyək? Tamaşaçını keyfiyyətə alışdırmaq mümkündür”.

A.Həsrət təəssüflə bildirib ki, bu tip qalmaqallı verilişlər yüksək baxış sayı toplayır və reklam cəlb edir:

“Reklam verənlər əsasən kütləvi auditoriyaya üstünlük verirlər, verilişin səviyyəsini isə ikinci plana keçirirlər. Lakin düşünürəm ki, reklam verənlər də bu məsələdə məsuliyyət daşımalıdır. Özünə hörmət edən biznes sektoru, şirkətlər məhsul və xidmətlərini səviyyəsiz layihələr vasitəsilə tanıtmağa maraqlı olmamalıdırlar.

İctimai Televiziyada bu məsələyə xüsusi həssaslıqla yanaşılır. Yayım Şurasında dəfələrlə müzakirə olunub ki, hər reklam efirə buraxılmamalıdır. Reklam da yayımın bir hissəsidir və efirin ümumi keyfiyyətinə uyğun olmalıdır. Televiziya ictimaiyyətə xidmət edir və təqdim olunan hər məzmun - istər veriliş, istərsə də reklam məsuliyyət çərçivəsində seçilməlidir.

Efir hər kəs üçün açıq məkan deyil. Televiziya ictimai tribuna olduğu üçün burada etik çərçivə, peşəkarlıq və milli-mənəvi dəyərlərə hörmət əsas prinsip olmalıdır”, - deyə o qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
modern.az

1Mənbələr