AZ

Qurban Qurbanov: “Yaxşı nəticə əldə etməyimiz real görünmür” – ARENA.AZ

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-offunda “Nyukasl”a qarşı keçirəcəkləri cavab matçından danışıb.

Arena.az xəbər verir ki, sözügedən komandalar fevralın 24-dən 25-nə keçən gecə İngiltərədə üz-üzə gələcəklər.

Qurban Qurbanov bu gün Bakıda baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“Cavab oyununa gedirik. Əlbəttə, qarşılaşma haqda danışmaq asan deyil. İlk matçdakı nəticəyə görə belədir. Hər halda, üzərimizə düşən vəzifədir, oyun haqda fikirlərimizi bölüşməliyik. Bir neçə gün vaxtımız oldu ki, oyunu təhlil edək. Deyiləcək çox fikir yoxdur. Bəli, rəqib bizi üstələdi. Cavab oyununda daha diqqətli, daha mübariz, daha məsuliyyətli olmalıyıq. Çünki gedəcəyimiz yol uzundur, rəqib doğma meydanda oynayır. Ümumən pis hazırlaşmadıq. Psixoloji zərbə alsaq da, ümumi hazırlığımız pis deyil. Çalışacağıq ki, cavab oyununda özümüzü yaxşı tərəfdən göstərək.

Gələcəkdə bu sistemlə oynamaqla bağlı fikrim yoxdur. Etdiyimizi daha da yaxşılaşdırmaq istəyirik. Sadəcə, bu matçda rəqib çox hazırlıqlı idi, bəlkə də ən hazırlıqlı oyunlarından biri idi. Bir neçə tur əvvəl düşünə bilərdik ki, idman performansında geriləmə var, amma onlar çox yaxşı forma yığmışdılar. Onların düşündükləri hər şey alındı. Biz isə ilk dəqiqələrdə qollar buraxdıq, komanda nokauta düşdü, birinci hissədə özümüzə gələ bilmədik. Fasilədə paltardəyişmə otağında danışdıq, bəlkə daha sərbəst və daha diqqətli oldular. Belə sistemə nadir hallarda əl atmışam. Hansısa oyunlarda bu mümkündür. Biz bir addım irəli getdikcə, rəqiblərin ciddiliyi, səviyyəsi daha da böyüyür. Hansısa oyunlarda ola bilər, amma gələcəkdə belə sistemdə oynayacağıq deyə, fikrim yoxdur. Amma ümumən 5-4-1 sistemi məni cəlb edən sistemlərdən biridir”.

Qurban Qurbanov Sami Mmaeni əvəzedici komandaya niyə göndərib?

Qurban Qurbanov açıq məşq və mətbuat konfransının İngiltərədə yox, Bakıda olmasına da aydınlıq gətirib:

“Əvvəllər də bizdə belə hallar olub. Bərpa üçün daha çox vaxt lazım idi, buradakı hazırlıq mənim üçün daha önəmli idi. İki gün əvvəl getsəydik, məqş planımız daha çox pozulurdu. 7 saat havada olacaqdıq, 11-12 saat yolda olacaqdıq, əlavə yüklənmə olardı. Düşündük ki, ən azından hazırlığımız normal olsun. Ona görə belə proqram tutduq. Sabah səhər Nyukaslda məşqimiz olacaq. Oyunda daha aktiv olmaq üçün bu addımı atdıq”.

Qurban Qurbanov Bəhlul Mustafazadənin zədəli olduğu dönəmdə Sami Mmaenin ümidləri doğrultmamasına da toxunub:

“Bəhlul çox üzgündür. Tək Bəhlul yox, hamımız üzgünük. Amma zədə qaçılmazdır. O, yaxşı mövsüm keçirib, gözlənilən idi ki, hansısa məqamda futbolçu yorulur. Belə hallar olur.

Samiyə gəlincə, ola bilər ki, düşündüyümüzü ala bilmədik. Amma hər bir halda, başqa variantlar axtarmışıq, onlar üzərində dayanaycağıq. Hazır olanları meydanda görə biləcəyik. Mmae idman və intizam qaydalarını pozmuşdu, ona görə əvəzedici heyətə göndərdik. Bəzi detalları açıqlamağa ehtiyac yoxdur. Futbol karyeramızda, təcrübəmizdə belə hallar olub”.

“Neftçi” “yox” desəydi, yenə “sağ ol” deyəcəkdik”

Təcrübəli mütəxəssis “Neftçi” ilə oyunun təxirə salınmasının futbol ictimaiyyətində çox müzakirə olunmasına da münasibət bildirib:

“İndi müzakirə olunası məsələ deyil. Bizim rəhbərlik adından “Neftçi”yə təşəkkür edildi. İkinci xahişimizdən sonra qərar verildi. “Nefçti”yə bir daha təşəkkür edirəm. Bizim qrafikimiz çox sıx idi. İstəyirdik ki, “Nyukasl”la oyuna yaxşı hazırlaşaq. Əsasən də, iki oyun arasında cəmi 2 gün vaxtımız var. Səfərdəki görüşü, yolu düşünərək bu addımı atdıq ki, futbolçular hamısı hazır olsunlar. Bizi başa düşmək lazımdır. Tək “Qarabağ” yox, başqası olsun, illərcə baş verib. Bu gün də bunun tərəfdarıyıq. Bizim hazırkı hazırlığımız onlarla yan-yana qoyulası deyil. “Nyukasl” illərdir bu rejimdə oynayır, uyğunlaşıb. Çox xırdalığa getsək, çox danışmaq olar. Müqayisəolunmazdır. İlin əvvəlindən deyirlər ki, pley-off matçlarında qarşı tərəf razı olarsa, oyun təxirə salınacaq. “Neftçi” “yox” desəydi, yenə işimizi görəcəkdik, “sağ ol” deyəcəkdik. O qədər problemlərimiz var ki, bu, müzakirə olunası problem deyil. Biz bir-birimizə meydanda rəqibik. Amma “Neftçi” rəhbərliyi və ya digərləri ilə münasibət yaxşıdır, bir-birimizi daha tez və yaxşı anlamışıq. Çox da müzakirə olunası mövzu deyil. Təşəkkür edirəm ki, “Neftçi” buna razılıq verdi.

Hazırda “Sabah”la oyun barədə düşünmürük. Fikrimizdə yalnız “Nyukasl”la görüş var. Böyük turnirdir. Reallığa baxsaq, oradakı matçda yaxşı nəticə əldə etməyimiz real görünmür. Amma biz bu turnirdən həzz almalıyıq, futbolçular bu turnirdə böyüyürlər, böyük məğlubiyyətlər həmişə idmançını möhkəm edir. Bu cür böyük komandalara qarşı, belə tribunlar qarşısında oynamaq özü ayrıca məsuliyyətdir. İngiltərə klubları digərlərindən bir baş yuxarıdır. Onların hazırda futbola ayırdığı məbləğlər, infrasturktur digərlərini üstələyir. Buna görə hara getdiyimizi bilirik. Burada uduzsaq da, futbolçularımdan cəsarət istəmişəm. Biz mütləq cəsarətli olmalıyıq. Bu uğura məğlub ola-ola, yıxıla-yıxıla gəlmişik, çəkinməmişik, qorxmamışıq. Bu da bəzən uğurlar əldə etməyə şərait yaradır. İndi fikrimiz “Nyukasl”la səfər görüşündədir. Oyunun gedişatına görə addımlar atacağıq. Bakıya döndükdən sonra çempionatı düşünmək üçün vaxtımız olacaq”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
16
12
arena.az

10Mənbələr