AZ

“Yeni Klinika”da robotik cərrahiyyə və milyonluq idarəetmə: Səhiyyədə şou effekti

Bəzi adlar zamanla tibb müəssisəsinin rəhbəri yox, PR kampaniyasının qəhrəmanına çevrilir. Vüqar Qurbanov və Barat Yusubov son illər məhz bu cür təqdim olunub, sanki səhiyyədə islahat yox, səhnələşdirilmiş texnoloji tamaşa gedir. Söhbət konkret olaraq “Yeni Klinika” ətrafında qurulan idarəetmə modeli və bahalı “innovasiya” şousundan gedir.
Əvvəlcə “bahalı idarəetmə” məsələlərinə diqqət edək. İddialara görə, klinikanın idarəetməsi üçün hansısa alman şirkəti ilə əməkdaşlıq qurulub və bunun illik dəyəri təxminən 1 milyon manatdır. Üstəlik, direktor və yeddi müavin üçün illik təxminən 850 min manatlıq xərc göstərilir. Təkrar qeyd edirik ki, bu sadəcə iddiadır, “Yeni Klinika” rəhbərliyi məsələni çox asanlıqla təkzib və ya təsdiq edə bilər. İndi burda maraqlı sual ortaya çıxır: Bir xəstəxananın idarə olunması üçün bu qədər vəsait hansı effektivlik göstəriciləri ilə əsaslandırılıb?
İndi keçək alt suallara…
Əgər məqsəd keyfiyyətin artırılmasıdırsa, bunun ölçülə bilən nəticələri haradadır?
Xəstə məmnuniyyəti artıbmı? (Bir həftənin demək olar ki, 3-4 günündə “Yeni Klinikan”nın kompüter sistemində gözəgörünməz problemlər ortaya çıxır)
Gözləmə müddətləri qısalıbmı? (Xəstələr sübh azanından növbəyə tələsir)
Yoxsa sadəcə “xarici tərəfdaşlıq” etiketi ilə ictimai rəy manipulyasiya olunur?
Xarici şirkətlə işləmək özü-özlüyündə üstünlük deyil, əfəndilər. Əsas məsələ nəticədir və əgər o nəticə şəffaf hesabatlarla göstərilmirsə, o zaman bu, idarəetmə yox, imic xərci təsiri bağışlayır.
İkincisi böyük təqdimatla elan edilən HIMS proqramıdır. Rəqəmsallaşma əlbəttə ki, müasir səhiyyənin əsas dayaqlarından biridir. Amma yüz minlərlə manat xərclənən sistem real klinik praktikada işləmirsə və ya personal tərəfindən effektiv istifadə olunmursa, bu artıq texnologiya deyil, “Şərurlu İsfəndiyar” kimi bir iş adamının evinə aldığı “bahalı dekorasiya”dır. İnformasiya sisteminin məqsədi kağızı kompüterlə əvəz etmək yox, prosesləri optimallaşdırmaqdır. Əgər həkim yenə də paralel olaraq kağız sənəd dövriyyəsi aparırsa, sistem inteqrasiya olunmayıbsa, o zaman “rəqəmsal transformasiya” ifadəsi sadəcə PR slaydlarında qalır.
Ən mübahisəli məsələ isə robotik reabilitasiya layihəsidir. Təxminən 20 milyon manatlıq investisiya ilə qurulduğu iddia olunan bu strukturun hüquqi əsasları ciddi sual doğurur. Reabilitasiya xidməti qanunvericiliyə görə birbaşa TƏBİB-in əsas funksional istiqaməti deyil, daha çox Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət sahəsinə daxildir. Belə olan halda, büdcə vəsaiti hesabına qurulan infrastrukturun sonradan pullu xidmət kimi təqdim edilməsi sosial ədalət baxımından problem yaradır. Vətəndaşın ödədiyi vergilərlə qurulan bu sistem yenidən həmin vətəndaşa ödənişli şəkildə satılırsa, bu artıq iqtisadi effektivlik yox, sosial paradoksdur.
Robotik cərrahiyyə isə bu “texnoloji teatrın” kulminasiya nöqtəsidir. Təxminən 4 milyon manata alınan cərrahi robot uzun müddət mediada innovasiya simvolu kimi təqdim edildi. Halbuki beynəlxalq praktika göstərir ki, robotik cərrahiyyənin əsas və real üstünlükləri daha çox uroloji və ginekoloji əməliyyatlarda özünü doğruldur. Digər sahələrdə, məsələn, xolesistektomiya (öd kisəsinin çıxarılması) kimi rutin əməliyyatlarda robotik və laparoskopik üsulların klinik nəticələri demək olar ki, eynidir. Fərq isə qiymətdədir. Laparoskopiya daha ucuz, daha sürətli və artıq illərlə sınaqdan çıxmış metoddur.
Əlavə olaraq, robotik əməliyyat zamanı istifadə olunan birdəfəlik alətlərin hər birinin qiyməti təxminən 2500 ABŞ dollarıdır və bir əməliyyatda üç ədəd istifadə olunur. Halbuki İcbari Tibbi Sığorta çərçivəsində laparoskopik xolesistektomiyanın maksimal tarifinin təxminən 1800 manat olduğu bildirilir. Bu riyazi uyğunsuzluq ciddi sual yaradır və yaranan fərqi kim ödəyir? Dövlət büdcəsi, xəstə, yoxsa yenə də səssiz şəkildə subsidiya mexanizmi? Əgər tibbi nəticə eynidirsə, niyə daha bahalı variant seçilir? Belə bir məqamda texnologiya ilə iqtisadi rasionalizm arasındakı sərhəd haradadır?
Burda texnologiyaya qarşı çıxılmır. Əksinə, müasir səhiyyəni innovasiyasız təsəvvür etmək mümkün deyil. Amma innovasiya anlayışı PR-la qarışdırılmamalıdır. Başa düşün ki, texnologiya vasitədir, məqsəd deyil. Əgər prioritetlər düzgün müəyyən olunmasa (ki olunmur), ən müasir avadanlıq belə sistemli problemləri ört-basdır edən “atlas örtüyə” çevrilir.
Göründüyü kimi, bir xəstəxana üzərindən qurulan bu model əslində daha geniş struktur problemlərinə işarə edir: şəffaflıq çatışmazlığı, effektivlik meyarlarının qeyri-müəyyənliyi və ictimai nəzarətin zəifliyi. Dövlət vəsaitinin hər manatı ölçülə bilən nəticə verməlidir. Əks halda, “islahat” sözü zamanla “çeynənmiş saqqız” effekti bağışlayacaq. Yox əgər təqdim olunan layihələri doğrudan da effektiv hesab edirsinizsə, bunu sübut etmək sizin üçün çətin olmamalıdır. Açıq hesabatlar, müqayisəli statistika, beynəlxalq audit və real klinik nəticələr ortaya qoymalısınız. Çünki şəffaflıq olan yerdə şübhə də azalır. Şübhə bilirsiniz nə zaman çoxalır? Hər kəs Vüqar Qurbanovun taleyini yaşayanda… Onda dövlət də ayılır, vətəndaş da…
(XəzərNews.az)
Seçilən
14
nocomment.az

1Mənbələr