ain.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.
Son vaxtlar sənət adamlarının efirlərdə bir-birini açıq şəkildə təhqir etməsi, canlı yayımda nəlayiq ifadələr səsləndirməsi sosial şəbəkələrdə əsas müzakirə mövzularına çevrilib. Müğənnilərin bu hərəkəti hamını narahat edir və hər kəs də onları qınayır. Ən dəhşətlisi isə odur ki, həmin müğənnilərin arasında Xalq artisti, Əməkdar artist fəxri adını daşıyanlar da var. Etikadan kənar ifadə işlədən sənət adamlarının əksəriyyəti efirdə qonaq olarkən "xalq məni sevir” deyə xalqın adından danışır.
Kulturoloq Aydın Xan Əbilov Qaynarinfo-ya açıqlamasında yaranmış vəziyyətin qarşısını necə almağın yollarını izah edib:
"Son illər Azərbaycan tele-efiri sürətlə inkişaf edir və onun uğurları ilə yanaşı bir çox problemləri də var. Sözsüz ki, bununla bağlı dövlət qurumları da müəyyən addımlar atır. Telekanalların bir çoxu özəl, müstəqil olsa da, amma onların istifadə etdiyi efir milli dəyər kəsb edir. Ona görə də Audiovizual Şura və digər qurumlar televiziya efirlərində baş verən hadisələrin monitorinqini aparır, aidiyyatı qurumlara bununla bağlı tapşırıqlar verilir. Lazım gəlsə, bəzi telekanalın efir vaxtı bəzən 3 saat, bəzən də bir gün qadağalarla rastlaşır. Bu məsuliyyət inzibati addımlarla yanaşı, telekanalların özündə tənzimlənməlidir. Vaxtı ilə İctimai Şuraların yaradılması ilə bağlı bəyanatlar verilsə də, təəssüf ki, onların bir çoxu işləmir".
Aydın Xan Əbilov deyir ki, telekanallarda baş verən hadisələr İctimai Şuranın zəifliyindən, eyni zamanda bir çox şəxslərin öz işlərinə səhlənkar yanaşmasından irəli gəlir:
"Efirlərdə millətə, xalqa, cəmiyyətə geninə-boyuna ağıl öyrədən, milli-mənəvi dəyərlərdən danışan həm aparıcılar, həm müğənnilər, həm də ekspert adı altında bizə sırınan şəxslərin özünün həyat tərzi, haqqında danışılan şaiyələr, ailələrində baş verən konfliktlər yada düşmür. Bu insanlar özlərini ağıllı göstərməkdənsə, öz ailələrindən başlasınlar, problemlərini həll etsinlər və sonra digərlərinə ağıl versinlər. Efirlərin çatışmayan cəhətləri var, telekanallar həm də cəmiyyətin vizual üzüdür. Cəmiyyətdə təhsilsizlik, elmsizlik, savadsızlıq, mənəvi dəyərlərə biganəlik varsa, bu telekanallarda da özünü göstərəcək, onların hazırladıqları efir məhsullarında da. Bir cəmiyyət olaraq telegüzgümüzü sındırmaqla, onu tənqid etməklə deyil, həmin cəmiyyətin reallıqlarını tənqid etməklə məşğul olaq. Efirlərə buraxılan insanların özü ictimai qınağa tuş gəlməlidir".
Aydın Xan Əbilov hesab edir ki, efirdə söyüş söyən, yaxud da əxlaqsız hərəkətlər edən, çılpaq geyinən müğənnini xalq, cəmiyyət toylarına dəvət edir və onlara 10-50 min pul verir:
"Daha sonra başlayırlar televiziyaları tənqid etməyə. Tənqidə özünüzdən başlayın. Öz uşaqlarınıza, ailənizə söz keçirə bilmirsiz, amma yarıçılpaq "TikTok"da məşhurlaşmış, Azərbaycan dilində normal danışa bilməyən müğənniləri toylara çağırıb, pul xərcləyirsiniz və acığını da efirlərdən çıxırsınız. İkinci məsələ milli efir həm də məhsullarımızın, Azərbaycan teledüşüncəsinin yayımlandığı və gələcək üçün vizual arxivə çevrilən bir saxlanğıcdır. Orada hər şey ütülü olsa, tamaşaçılar qaçacaqlar. Biz nə etmək istəyirik? Azərbaycan telekanalını güc-bəla ilə milli efirə qaytarmış verilişlərini qapadaq? Yoxsa təkmilləşdirək? İnsanlar onları maraqlandıran, problemləri özündə əks etdirən verilişlərə baxırlar".
Kulturoloqun sözlərinə görə, son vaxtlar aparıcılar, müğənnilər bir-birini qınamağa başlayıb:
"Bir-birlərinə basqılar edir, təhqirlər səsləndirirlər. Bu bizim milli-mənəvi dəyərlərimizi, ictimai psixologiyamızı, yeni nəslin əxlaqını pozan hadisələrdir. Bununla bağlı ciddi addımlar atılmalıdır. Bəzən başqa bir halla rastlaşırıq, efirdə ütülü danışanlar sosial şəbəkələrdə, cəmiyyət arasında, toylarda elə tərbiyyəsiz fikirlər söyləyir ki, baxanda mat qalırsan. Bəs bu adam efirdə bizə ağıl öyrədirdi, amma öz ailəsində görün nələr baş verir. Bu əxlaqı düzətmək istəməyənləri dövlət orqanları cəzalandıracaqlar".
Bahar Rüstəmli
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.