Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bakının Qaradağ rayonunda 1982-ci il təvəllüdlü Salyan rayon sakini Fəqan həmyerlisi Əvəzə xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin mayın 12-də rayonun Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzindəki “Ağ çiçəyim” gül mağazasının yaxınlığında baş verib.
Fəqan həmin gün saat 12 radələrində tanışı Əvəzin onunla zarafat etməsini əsassız olaraq özünə sığışdırmayıb, heç bir səbəb olmadan münaqişə yaradaraq ona nalayiq ifadələrlə təhqir edib, üzərinə hücum edib. Bu zaman Fəqan başı ilə Əvəzin sifət nahiyəsinə zərbə vurub. Ona hər iki gözətrafı nahiyəsinə xəsarətlər yetirib. Fəqanın barəsində Cinayət Məcəlləsinin 127.2.3 (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddələri ilə ittiham elan edilib. İş üzrə ifadə verən Fəqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzinin qarşısında dayanaraq Salyan rayonuna sərnişin daşıma fəaliyyətini həyata keçirir: “Mayın 12-də, saat 12:30-da ticarət mərkəzinin qarşısında müştəri gözləyərkən həmyerlim Əvəz yaxınlaşaraq insanların içərisində mənimlə yekə-yekə danışaraq “əlin kişi əlinə dəysin” dedi. Mən Əvəzdən o sözün açıqlamasını istəyərkən nalayiq ifadə işlətdi. Həmin zaman əsəbləşərək baş nahiyəsi ilə Əvəzin sifət nahiyəsinə bir zərbə vurdum. Bu zaman ətrafdakı insanlar bizi ayırdılar və polis əməkdaşları yaxınlaşaraq bizi polis idarəsinə apardılar. Hadisə zamanı mən xəsarət almamışam. Əvəzlə əvvəllər aramızda hər hansısa şəxsi ədavətim və ya düşmənçiliyim olmayıb. Mən Əvəzin sifət nahiyəsinə başım ilə bir dəfə zərbə vurdum. Hadisə zamanı ətrafda taksi sürücüləri və rayona getmək istəyən müştərilər olub. Lakin həmin şəxslərin heç birini tanımamışam, etdiyim əməldən peşman olmuşam”.Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Fəqan 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməsi qadağan olunub. Bundan başqa, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri tapşırılıb. Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.