İstifadə müddəti bitmiş məhsulların satışı daha çox məhəlləarası marketlərdə müşahidə olunsa da, artıq iri supermarketlərdə də belə hallara rast gəlinir.
Xüsusilə istifadəyə yararsız, tərkibində insan orqanizmi üçün zərərli maddələr olan, yararlılıq müddəti başa çatmış pendir və pendir məhsulları satışdan çıxarılmır. Eyni zamanda, istifadə müddəti başa çatan malların üzərindəki tarix dəyişdirilərək yenidən piştaxtalara düzülür.
Qeyd edək ki, bir neçə gün öncə, sosial şəbəkələrdə "Araz" marketlər şəbəkəsində vaxtı keçmiş pendir məhsullarının yenidən qablaşdırılması ilə bağlı videogörüntülər yayılıb.
İddiaya görə,"Dədə Qorqud" parkının yaxınlığında yerləşən "Araz" marketdə pendirin kiflənmiş hissəsi ayrılaraq qablaşdırılır və yenidən vitrinə qoyularaq satışa çıxarılır. Həmçinin pendir xarab və qırılmış yumurtaların yaxınlığında kəsilir.
“Cebheinfo.az”-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, sosial şəbəkələrdə yayılan görüntülərlə əlaqədar məsələ nəzarətə götürülüb, araşdırma aparılır:
“Bununla bağlı mətbuata və ictimaiyyətə əlavə məlumat veriləcək”.