AZ

Şəhid Muxtar Qasımlının anım günüdür

Bu gün Vətən Müharibəsi şəhidi Muxtar Qasımlının anım günüdür. O, torpaq uğrunda canından keçən, adı qəhrəmanlıq salnaməsinə yazılan vətən oğullarından biridir.

Missiya.Az xatırladır ki, Muxtar Əli oğlu Qasımlı 23 fevral 1993-cü ildə Bakı şəhərində dünyaya göz açıb. 1999-cu ildə paytaxtdakı 318 nömrəli tam orta məktəbə daxil olub, 2009-cu ildə təhsilini başa vurmuşdur. Elə həmin ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının kikboksinq fakültəsinə qəbul olunaraq 2013-cü ildə bakalavr təhsilini tamamlayıb.

Uşaqlıqdan idmana böyük həvəsi olan Muxtar müxtəlif yarışlarda iştirak edib, uğurlar qazanıb. 27 oktyabr 2019-cu ildə fitnes üzrə Azərbaycan çempionu adına layiq görülməsi onun zəhmətinin və iradəsinin bariz nümunəsi idi. Güclü bədən, möhkəm xarakter və vətənpərvər ruh onun şəxsiyyətində birləşmişdi.

2013-cü ildə Gədəbəy rayonundan müddətli həqiqi hərbi xidmətə çağırılan Muxtar xidmətini ləyaqətlə yerinə yetirib, daha sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində zabitlik kursuna yazılıb. 2014-cü ildə ehtiyata buraxılsa da, Vətən çağıranda tərəddüd etmədən yenidən silaha sarıldı.

O, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. 2 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən ağır döyüşlər zamanı qəhrəmancasına şəhid oldu. M.Qasımlı Bakı şəhəri Qala qəbiristanlığında dəfn edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Muxtar Qasımlı ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Bu medallar onun şəxsi igidliyinin, döyüş meydanında göstərdiyi şücaətin və Vətənə sədaqətinin rəsmi təsdiqidir.

Muxtar Qasımlı həyatının hər mərhələsində mübariz idi – idmanda, xidmətdə, döyüşdə. O, sübut etdi ki, əsl güc yalnız fiziki qüvvədə deyil, Vətən sevgisindədir. Bu gün biz onun xatirəsini dərin ehtiramla yad edir, qəhrəmanlığını minnətdarlıqla anırıq. Vətən uğrunda canından keçənlərin adı daim yaşayacaq.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
10
missiya.az

1Mənbələr