AZ

XOCALI: Səssizlərin səsi Reza Deqatinin obyektivində adlı fotosərgi və konfrans təşkil edilib

ain.az bildirir, Oxu.az portalına istinadən.

Bu gün Prezident Kitabxanasında Xocalı faciəsinin 34-cü ildönümü münasibətilə "XOCALI: Səssizlərin səsi Reza Deqatinin obyektivində" adlı fotosərgi və konfrans təşkil edilib.

Oxu.Az xəbər verir ki, nümayiş olunan fotosərgi dünyaşöhrətli fotojurnalist Reza Deqatinin Xocalı faciəsini və müharibənin acı nəticələrini əks etdirən müəllif fotolarından ibarətdir.

Sərgidə yer alan sənədli görüntülər faciənin dəhşətlərini dünyaya çatdıran tarixi sübutlar kimi təqdim olunub.

Tədbir Xocalı, eləcə də Birinci və İkinci Qarabağ müharibələrində şəhid olmuş soydaşlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Konfransı giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova Xocalı soyqırımının bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu vurğulayaraq qeyd edib ki, bu faciə yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəri dəyərlərə qarşı yönəlmiş amansız soyqırımı aktıdır. A.Abbasova həmçinin ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bu qanlı hadisələrə ilk dəfə siyasi-hüquqi qiymət verildiyini və "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində aparılan işlərin bu gün də mühüm nəticələr verdiyini diqqətə çatdırıb.

Tədbir çərçivəsində Prezident kitabxanası tərəfindən faciəni əks etdirən videoçarx, həmçinin müəllifin Xocalı faciəsini əks etdirən fotolarından ibarət slayd və sənədli görüntülər əsasında hazırlanmış qısa videoçarx nümayiş olunub.

Daha sonra fotosərginin müəllifi Reza Deqati çıxış edərək Xocalı faciəsinin vizual yaddaşının qorunmasının və dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətindən bəhs edib.

Tədbirin sonunda yekun nitqi ilə çıxış edən professor A. Abbasova fotosərginin fevralın 28-dək, hər gün saat 10:00-dan 17:00-dək ictimaiyyət üçün açıq olduğunu diqqətə çatdırıb.

Əzizə İsmayılova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
oxu.az

1Mənbələr