AZ

Ankara və İƏT ölkələri Hakabinin açıqlamalarına qarşı çıxıblar BƏYANAT

Ayna portalından alınan məlumata görə, ain.az xəbər verir.

On dörd ölkə ABŞ-ın İsraildəki səfirinin açıqlaması barədə birgə bəyanat yayıb

Türkiyə və digər 13 ölkə ABŞ-ın İsraildəki səfiri Mayk Hakabinin bütün bölgə üzərində İsrail nəzarətinin qurulması ilə bağlı açıqlamalarını pisləyib. AYNA.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə, Misir, İordaniya, Livan, İndoneziya, Küveyt, Qətər, Oman, Pakistan, Bəhreyn, Səudiyyə Ərəbistanı, Suriya, Fələstin və BƏƏ-nin xarici işlər nazirləri, eləcə də İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Liqası və Körfəz Əməkdaşlıq Şurasının katiblikləri birgə bəyanat yayıblar. Sənəd 22 fevralda Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) saytında yerləşdirilib.

Mətndə ABŞ-ın İsraildəki səfiri Mayk Hakabinin İsrailin bütün Yaxın Şərq üzərində nəzarətinin "məqbul" olacağı barədə açıqlaması pislənilib.

Bəyanatın müəllifləri bu açıqlamaları “beynəlxalq hüququn və BMT Nizamnaməsinin açıq şəkildə pozulması” adlandırıblar. Onlar bu cür açıqlamaların regionun təhlükəsizliyi və sabitliyinə ciddi təhdid yaratdığını hesab edirlər.

Sənəddə Hakabinin sözlərinin ABŞ Prezidenti Donald Trampın müəyyən etdiyi siyasətlə, eləcə də Qəzza zolağında İsrail hücumlarına son qoymaq planı ilə ziddiyyət təşkil etdiyi vurğulanıb.

Qeyd olunub ki, bu plan eskalasiyanın qarşısını almağa və müstəqil Fələstin dövlətinin qurulmasını nəzərdə tutan hərtərəfli həll yolu üçün siyasi üfüq yaratmağa əsaslanır.

"Nazirliklər planın tolerantlıq və dinc yanaşı yaşama prinsiplərinə əsaslandığını vurğulayır və xarici ərazilər üzərində nəzarəti əsaslandırmağa yönəlmiş bəyanatların bu məqsədləri sarsıtdığını, gərginliyi artırdığını və təxribat xarakterli olduğunu, sülhün irəliləməsinə mane olduğunu qeyd edirlər", - deyə bəyanatda bildirilib.

Sənəd müəllifləri İsrailin Fələstin və işğal olunmuş digər ərəb əraziləri üzərində suverenliyinə malik olmadığını vurğulayıblar.

"Nazirlər və baş katiblər Qərb Sahilini ilhaq etmək və ya Qəzza zolağını ayırmaq cəhdlərini qəti şəkildə rədd etdiklərini təsdiqləyiblər, işğal olunmuş Fələstin ərazilərində yaşayış məntəqələrinin genişləndirilməsinə və ərəb dövlətlərinin suverenliyinə qarşı hər hansı bir təhdidi qəti şəkildə rədd etdiklərini bildiriblər", - deyə mətndə qeyd edilib.

Bəyanatda həmçinin bildirilib ki, İsrailin davam edən ekspansionizmi zorakılığı artıracaq və sülh perspektivlərini sarsıdacaq. Bu, Fələstin xalqının öz müqəddəratını təyin etmək hüququnu və 4 iyun 1967-ci il sərhədləri daxilində müstəqil dövlətin yaradılmasını təsdiqləyir.

Sənəddə iki dövlətli həlli pozan təxribatçı bəyanatlara və hərəkətlərə dərhal son qoyulması tələb olunub.

Daha əvvəl Mayk Hakabi Taker Karlsona verdiyi müsahibədə İsrailin "Nildən Fərat çayına qədər" əraziyə "Müqəddəs Kitab hüququ" olduğunu bildirmiş və əlavə etmişdi ki, "əgər hamısını ələ keçirsəydilər, çox gözəl olardı".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
ayna.az

1Mənbələr