AZ

AXIRINCI YOL... Deputatın YAZISI

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Vüqar İskəndərov

Milli Məclisin deputatı

Bəzən insan düşünür: siyasi mübarizə ideyalar üzərində aparılmalıdır, yoxsa sifarişlər üzərində? Əgər bir siyasətçi öz ölkəsi ilə bağlı tənqidi mövqe sərgiləyirsə, bu, normaldır. Sağlam cəmiyyətdə tənqid inkişafın mühərrikidir. Amma həmin tənqid xaricdən maliyyələşən kampaniyaların, qaranlıq lobbi şəbəkələrinin və açıq-aşkar düşmənçilik mövqeyi tutan dairələrin tezisləri ilə üst-üstə düşəndə, məsələ artıq başqa müstəviyə keçir.

Bu gün xaricdə oturub Azərbaycan dövlətini, onun rəhbərliyini, xüsusilə də Prezident İlham Əliyev və ailəsini hədəfə alanların ritorikasına diqqət yetirin. Mətnlər dəyişir, amma tezislər eynidir. Başlıqlar fərqlidir, amma istiqamət dəyişmir. Sual yaranır: bu, doğrudanmı təsadüfdür?

Məsələ ondadır ki, illərdir anti-Azərbaycan kampaniyaları ilə məşğul olan strukturlar – məsələn, ABŞ-da fəaliyyət göstərən Armenian National Committee of America (ANCA) – informasiya müstəvisində sistemli və ardıcıl fəaliyyət göstərirlər. Onların prioriteti nə demokratiya, nə də insan haqlarıdır. Əsas məqsəd Azərbaycan dövlətçiliyinin zəiflədilməsi, beynəlxalq imicinin zədələnməsi və regionda güc balansının dəyişdirilməsidir.

Daha radikal xətt isə tarixən terror fəaliyyəti ilə yadda qalmış ASALA kimi strukturların ideoloji mirası üzərində formalaşıb. Bu gün metodlar dəyişib: silahın yerini “media”, partlayışın yerini “sosial şəbəkə kampaniyası” alıb. Lakin məqsəd dəyişməyib – Azərbaycanı hədəfə almaq.

İndi isə əsas sual ortaya çıxır: xaricdə yaşayan bəzi şəxslər niyə məhz bu mərkəzlərin tezislərini tirajlayırlar? Niyə onların çıxışları ilə erməni mediasının başlıqları arasında demək olar ki, sözbəsöz uyğunluq var? Əgər bu, “təsadüfi paralellik”dirsə, niyə həmişə eyni istiqamətdə və eyni məqamda baş verir?

Burada sarkazm qaçılmazdır. Çünki bu “müstəqil mübarizlərin” qəribə bir xüsusiyyəti var: Azərbaycan gücləndikcə onların isterik tonu yüksəlir. 

Qarabağ məsələsində nəticə əldə olunur – onlar qəzəblənirlər. 

Regional layihələr genişlənir – onlar “narahatlıq” bəyan edirlər. 

Dövlət beynəlxalq platformalarda mövqeyini möhkəmləndirir – onlar dərhal “ifşaedici kampaniya”ya start verirlər. 

Sanki ölkənin uğuru onların şəxsi faciəsidir. Əslində isə məsələ olduqca sadədir. Siyasi mübarizənin bir yolu var – ölkənin daxilində, hüquqi çərçivədə, açıq debat mühitində, məsuliyyət daşıyaraq mübarizə aparmaq. Bir də “axırıncı yol” var – xarici mərkəzlərin maliyyəsi və tezisləri əsasında öz dövlətinə qarşı informasiya müharibəsinin alətinə çevrilmək. Birincisi çətindir, prinsipiallıq və siyasi yetkinlik tələb edir. İkincisi isə rahatdır: sifariş hazır gəlir, tezis hazır gəlir, yalnız səsləndirmək qalır.

Tarix sübut edib ki, xaricdən idarə olunan siyasi layihələrin sonu həmişə eyni olur: istifadə edilir və sonra kənara atılır. Çünki sifarişçi üçün əsas olan alət deyil, nəticədir. Alət köhnəldikdə dəyişdirilir.

Seçim isə aydındır: ya milli maraqlar prizmasından sərt, prinsipial, lakin daxili müzakirəyə açıq mövqe tutmaq; ya da xarici lobbilərin informasiya zəncirində növbəti halqaya çevrilmək.

Birincisi siyasi mövqedir.

İkincisi isə – axırıncı yol.

Yolunuz açıq olmasın!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
azpolitika.info

1Mənbələr