AZ

Prezidentə qarşı törədilən Vaşinqton təxribatı barədə sensasion açıqlamalar

Rizvan Nəbiyev: “Təxribatçılar tərəfindən törədilən hərəkətlər, Konvensiya ilə qorunan şəxslərin təhlükəsizliyini pozmaq məqsədli olub və hüquqi cəhətdən cinayət tərkibinə malikdir”

Vaşinqtonda törədilən təxribat: beynəlxalq hüquq müstəvisində qiymətləndirmə Vaşinqton insidenti ətrafında formalaşdırılan media narrativi və siyasi kampaniyadan kənar Azərbaycan Prezidentinin mühafizə xidmətinə qarşı törədilən təxribat hadisəsindən sonra bir sıra sual yaranır. Elə bu mövzu ilə bağlı bir sıra suallarla Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyevə müraciət etdik və beynəlxalq konvensiyalara istinad edərək çox mühüm açıqlamalar verdi.

– Rizvan bəy, Prezidentin Vaşinqton səfəri zamanı bir qrup insanın əl atdığı təxribatlar geniş müzakirə olunmaqdadır. Bir sıra dairələr təxribatçıları deyil, çox mühüm tədbirdə iştirak üçün ABŞ-a səfər etmiş dövlət başçımıza qarşı təxribata əl atanların qarşısını alanları ittiham edirlər. İstərdik məsələyə beynəlxalq hüquq prizmasında münasibət bildirəsiniz. Dövlət başçılarının xarici səfərləri zamanı onların şəxsi toxunulmazlığının və təhlükəsizliyinin təmin olunması üçün beynəlxalq hüquq normaları baxımından hansı əsaslar mövcuddur? Sözügedən məsələ beynəlxalq hüququn hansı hüquqi mexanizmləri ilə tənzimlənir?

Rizvan

– Beynəlxalq müdafiədən istifadə edən şəxslərin müdafiəsi haqqında Konvensiyanın tələbləri dövlət başçılarının şəxsi toxunulmazlığının və təhlükəsizliyinin təmin olunmasında Birləşmiş Millətlər Təşkilatının əsasən, iki mühüm beynəlxalq konvensiyasını qeyd etmək lazımdır. 14 dekabr 1973-cü il tarixli “Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə qarşı cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya və 8 dekabr 1969-cu il Xüsusi Missiyalar haqqında Konvensiya. Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası 1973-cü il Konvensiyasının iştirakçı dövlətləridir. Konvensiya ABŞ-a münasibətdə 13 dekabr 1976-cı ildə ratifikasiya edildikdən sonra 20 fevral 1977-ci ildən qüvvəyə minib. Azərbaycan Respublikası isə 2 fevral 2001-ci il tarixli Qanunla bu Konvensiyaya qoşulub. 1973-cü il Konvensiyası beynəlxalq müdafiədən istifadə edən şəxslərə qarşı zorakılığı cinayət hesab edir və iştirakçı dövlətləri bu halları cəzalandırmağa və ya ekstradisiya etməyə məcbur edir. Konvensiyanın 1(a) maddəsinə görə, beynəlxalq müdafiədən istifadə edən şəxslərin əsas kateqoriyasına xarici ölkədə səfərdə olan dövlət başçıları və onları müşayiət edən ailə üzvləri daxildir. Həmçinin hökumət başçıları, xarici işlər nazirləri, diplomatik agentlər və onların ailə üzvləri də bu kateqoriyada yer alır. Konvensiyanın 2-ci maddəsinə əsasən beynəlxalq müdafiədən istifadə edən şəxslərə qarşı aşağıdakı hərəkətlər cinayət sayılmalıdır: 1. Beynəlxalq müdafiədən istifadə edən şəxsin rəsmi yerləşdiyi binaya, şəxsi yaşayış yerinə və ya nəqliyyat vasitəsinə qarşı onun şəxsiyyətini və ya azadlığını təhlükə altına qoya biləcək zorakı hücum; 2. Belə hücumun törədilməsi ilə hədələmə; 3. Belə hücuma cəhd.

– Hüquqi müstəvidə kifayət qədər ciddi əsasları vurğuladınız. Ümumiləşdirəndə, konkret hadisə, Vaşinqton təxribatı barədə hansı nəticəyə gəlmək olar?

– Beynəlxalq hüquq kontekstində qiymətləndirmə 19 fevral 2026-cı il tarixində Prezident İlham Əliyevin Sülh Şurasının ilk iclasında iştirak məqsədilə Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində bir qrup etirazçı Vaşinqton şəhərində yerləşən Waldorf Astoria mehmanxanasının qarşısında təxribatçı hərəkətlər törədib. ABŞ-nin Gizli Xidməti tərəfindən bəyan olunduğu kimi, mehmanxana ərazisi rəsmi təhlükəsizlik perimetrinə daxil olub. Bu məkan məhz 1973-cü il Konvensiyasında da təsbit olunduğu kimi, beynəlxalq müdafiədən istifadə edən dövlət başçısının səfər müddətində nəzərdə tutulmuş rəsmi yerləşdiyi bina və müvəqqəti şəxsi yaşayış yeri olub. Ərazi yerli polis və təhlükəsizlik qüvvələri ilə birgə mühafizə olunan təhlükəsiz zonadır. Konvensiyanın 2-ci maddəsi dövlət başçısı üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsinin də onun şəxsiyyətini və ya azadlığını təhlükə altına qoya biləcək zorakı hücumlardan və belə hücumla hədələməkdən mühafizə olunmasını nəzərdə tutur. Dövlət başçısının nəqliyyat vasitəsinin hərəkətinə maneçilik törədilməsinin və ya fiziki müdaxilə olunmasının ciddi təhlükəsizlik təhdidi yaratdığı nəzərə alınaraq, Dövlət Mühafizə Xidməti dərhal müdaxilə edib. Bir sıra media subyektlərində yayımlanan video və materiallar göstərir ki, Prezident korteji mehmanxana ərazisinə yaxınlaşarkən, təxribatçılar mühafizə olunan əraziyə zorla daxil olmağa cəhd edib və Prezident avtomobilinə yönəlik hücum aktları həyata keçiriblər. Bu qrup həmçinin Azərbaycan siyasi rəhbərliyinin ünvanına nalayiq ifadələr işlədib. Videogörüntülərdən aydın olur ki, guya “dinc aksiya“ üçün gəlmiş təxribatçılardan biri hətta qəfil hərəkətlə mühafizəçilərin üzərinə atılaraq, kardonu yarmağa və təhlükəsiz zonaya daxil olmağa cəhd edib. Bu zorakı hərəkət dövlət başçısının avtomobilinə real təhlükə riskinin yaranması demək idi. Bu Konvensiyanın 2-ci maddəsi ilə Prezidentin “şəxsiyyətini və azadlığını təhlükə atına qoya biləcək nəqliyyat vasitəsinə zorakı hücum cəhdi“ kimi tövsif olunur.

– Baş verən hadisə zamanı xüsusi çeviklik göstərərək təxribatçıları zərərsizləşdirməklə özlərinin peşə borclarını icra edən Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının əleyhinə səslənən iddialara hüquq müstəvisində cavabınız necədir?

– Belə vəziyyətdə Dövlət Mühafizə Xidmətinin əməkdaşları səlahiyyətləri çərçivəsində operativ tədbirlər görərək birbaşa vəzifə borclarını – dövlət başçısının təhlükəsizliyini təmin etmək öhdəliyini yerinə yetiriblər. Onlar mövcud şəraitə uyğun və real təhlükəni dəf etmək məqsədilə təxribatçıları zərərsizləşdiriblər. Beləliklə, sağlamlığa zərər vurmaq məqsədilə fiziki güc tətbiq olunmayıb, görülən təhlükəsizlik tədbirləri yalnız kardonun yarılmaması məqsədilə edilən müdaxilə olub. Təxribatçılar tərəfindən edilən zorakı hücuma cəhdlər Konvensiyanın 2-ci maddəsində təsbit olunan hallara tam uyğun gəlir. Beləliklə, mühafizəçilər beynəlxalq hüquqa uyğun olaraq, beynəlxalq müdafiə altında olan Azərbaycan Prezidentinə qarşı baş verən təxribatın qarşısını alıb və dövlət başçısının təhlükəsizliyini təmin ediblər. Xüsusi missiyalar haqqında konvensiya və təhlükəsizlik əməkdaşlarının statusu Vaşinqtonda baş verənlər 8 dekabr 1969-cu il Xüsusi Missiyalar haqqında Konvensiyanın tətbiqi kontekstində də təhlil edilə bilər. Nəzərə alsaq ki, dövlət başçısının ABŞ səfəri yeni təsis olunmuş Sülh Şurasının birinci iclasında iştirak olub. Bu kontekstdə dövlət başçısının qısamüddətli rəsmi səfəri “xüsusi missiya” kimi də nəzərdən keçirilə bilər. BMT-nin Xüsusi missiyalar haqqında 1969-cu il Konvensiyasına görə, səfərdə olan rəsmi missiyanın heyətinə təhlükəsizlik əməkdaşları da daxil edilə bilər. Onlara missiya müddətində toxunulmazlıq hüququ təmin olunur. Bu halda da mühafizəçilər də beynəlxalq hüquqa əsaslanan xüsusi müdafiə statusu qazanır və 1969-cu il Konvensiyasının 1(b) maddəsinin tətbiq dairəsinə düşür. Vaşinqton insidenti ətrafında formalaşdırılan media narrativi və siyasi kampaniya Dövlət Mühafizə Xidmətinin əməkdaşları öz vəzifələrini qanuni çərçivədə yerinə yetiriblər.

– Rizvan bəy, bəs xüsusi mühafizə olunan ərazidə qanunsuz aksiya keçirənlərlə bağlı ikitərəfli qaydada hansı addımlar atıla bilər? Söhbət ABŞ və Azərbaycan müstəvisində əməkdaşlıqdan gedir. Beynəlxalq hüquq bununla bağlı nələri nəzərdə tutur?

– Belə hallarda 1973-cü il Konvensiyasına əsasən, təxribatçılar məsuliyyət daşıyır və müvafiq qanuni tədbirlər görülməlidir. Belə ki, 1973-cü il Konvensiyası beynəlxalq müdafiədən istifadə edən şəxslərə qarşı zorakılığı cinayət hesab edir və iştirakçı dövlətləri bu halları cəzalandırmağa və ya ekstradisiya etməyə məcbur edir. Videonun bəzi xarici media qurumlarında qərəzli şərhlərlə yayımlanması bunun Azərbaycana qarşı uzun illərdir qarayaxma aparan dairələrin növbəti kampaniyası olduğunu göstərir. Təsadüfi deyil ki, hadisə ilə bağlı ilk açıqlama verənlər arasında Amerika Erməni Milli Konqresi və qatı erməniprərəst konqresmen Frank Pallone yer aldı. Azərbaycanın ABŞ-dakı Səfirliyinin mətbuat üçün yaydığı açıqlamada qeyd olunur ki, “ölkənin liderinə və mühafizə olunan kortejə qarşı yönəlmiş hərəkətlərə cavab olaraq həyata keçirilmiş təhlükəsizlik tədbirlərinin yanlış təqdim edilməsi” niyyətlidir. Azərbaycan Prezidenti yanında Dövlət Mühafizə Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş zəruri tədbir həm milli, həm də beynəlxalq hüquqdan irəli gələn öhdəliklərin təmininə yönəlib. Belə ki, təxribatçılar tərəfindən törədilən hərəkətlər, Konvensiya ilə qorunan şəxslərin təhlükəsizliyini pozmaq məqsədli olub və hüquqi cəhətdən cinayət tərkibinə malikdir. Əgər vaxtında reaksiya verilməsə idi, bu halda hansı nəticələr yarana bilərdi? Beynəlxalq müdafiədən istifadə edən dövlət başçısının təhlükəsizliyinin təmini hipotetik suallara buraxıla bilməz.

Musavat.com

Seçilən
11
2
editor.az

3Mənbələr