İlqar Hüseynli: “Ləğv olunan bu mərkəzin dövlətin idarəetməsində, inkişafında hər hansı bir səmərəliliyinin olmaması gerçəkdir”
Prezident İlham Əliyevin Fərmanı ilə “Sosial Tədqiqatlar Mərkəzi” “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nə birləşdirilib.
Qeyd edək ki, “Sosial Tədqiqatlar Mərkəzi”nə Zahid Oruc rəhbərlik edirdi.
Təbii Prezidentin atdığı addım, verdiyi qərar əsassız ola bilməz, yəni belə addım atması çox ciddi əsaslara söykənir.
Bəlkə də bu qurumla bağlı qərarın daha tez verilməsi daha məqsədə uyğun olardı. Əslində bu gecikib. 7 fevral 2024-cü ildə keçirilən son prezident seçkilərində İlham Əliyev 93 faiz səs alıb. Ölkənin əsas baş sosial tədqiqatlar mərkəzinin rəhbəri isə cəmi 2,17% səs qazana bilib, bu da hardasa 100 min nəfərə qədər seçici deməkdi. Belə fikirlər var ki, əslində bu seçkilərdən sonra belə bir qərarın verilməsi bəlkə də daha doğru olardı.
Ehtimal etmək, yaxud fikir yürütmək olarmı ki, bu addım Sosial Tədqiqatlar Mərkəzinin özünü doğrultmamasına adekvat reaksiyadır? Belə bir reaksiya sayıla bilərmi? Həmin təşkilatın bu illər ərzində müstəqil qurum olaraq səmərəli fəaliyyət göstərməməsinin bir ifadəsi sayıla bilərmi?
Sosial İqtisadi sahə üzrə ekspert İlqar Hüseynli baki-xeber.com-a bildirdi ki, son vaxtlar ləğv edilən mərkəzlərin birləşdirilməsinə bir neçə aspektdən yanaşa var. İ.Hüseyninin sözlərinə görə, ölkədə dövlət büdcəsi üçün ağır yükə çevrilən səmərəsiz qurumların hamısının ləğvinə zərurət yaranıb. “Birincisi, dövlət, Maliyyə Nazirliyi aparatı səmərəli və səmərəsiz xərcləmələrlə bağlı diqqətçəkən işlər görməyə başlayıb. Gerçək fəaliyyətlər bir neçə məsələdə öz əksini tapmalı idi. Bunlardan biri də müəyyən alternativlər olduğu halda bu tipli mərkəzlərə kifayət qədər böyük pulların, dövlət vəsaitlərinin xərclənməsi üzərindən qurulmuşdu. Bizim bununla bağlı xeyli təkliflərimiz olub. Cəmiyyətdə QHT-lər var və QHT-lər daha alternativ, daha məqsədyönlü hesabatlar, sorğular, təqdimatlar həyata keçirirlər. Özü də daha real. Çünki real olaraq əhali ilə işləyən qurum kimi QHT-lər mövcuddur və bu layihələr fonunda müxtəlif istiqamətlər üzrə QHT-lər hesabatlar hazırlayıb dövlətə təqdim edirlər. Dünya təcrübəsində də məhz bu işləri görən beyin mərkəzlərinin var. Məsələn, Sosial Strateji Tədqiqatlar Analitik Araşdırmalar İctimai Birliyi, daha müstəqil, daha operativ, daha çevik şəkildə hesabatları və tədqiqatları təqdim etmək imkanına malik olduğu halda dövlətinin özünün belə bir mərkəzinin olmasına nə ehtiyac vardı? Kifayət qədər böyük pulların bu qurumlara xərclənməsinə heş bir ehtiyac yox idi. Bunların ofis xərcləri, əməkhaqqıları, müxtəlif hesabatlara görə xərclənən pullar hamısı büdcədən gedirdi. Bizim gəldiyimiz qənaət bundan ibarətdir ki, dövlət, Maliyyə Nazirliyi artıq bu tipli qurumlara səmərəsiz xərclərin azaldılmasında maraqlıdır.
Bizim təklifklərimiz vardı ki, digər səmərəsiz işləyən qurumlar da ləğv olunsun. Məsələn, İqtisadi Təhlil və Kommunikasiya Mərkəzi var və sair. Bu Ramiz Mehdiyevin bir layihəsi idi və illərdir bu səmərəsiz təşkilata dövlət bütdcxəsindən vəsait ayrılıb. Yəni dövlətin pulunu səmərəsiz xərcləmələrə yönəldiblər. Yəni Azərbaycanda kifayət qədər beyin mərkəzləri var ki, çox cüzi vəsait hesabına iqtisadi təhlil də aparır, proqnozlar da verir. Bu mənada "Sosial Tədqiqatlar Mərkəzi" il ərzində eyni şeyləri təkrar-təkrar cəmiyyətə təqim edirdi.
Məsələn, ləğv olunan bu mərkəzin dövlətin idarəetməsində, inkişafında hər hansı bir səmərəliliyinin olmaması gerçəkdir. Hesab edirəm ki, ölkə başçısı bu kimi qurumların ləğv edilərək birləşdirilməsi ilə bağlı doğru qərar qəbul edib. Amma düşünürəm bu bir az gecikmiş qərardır.
Mən bunu birbaşa Zahid Orucun şəxsiyyətinə bağlamaq niyyətində deyiləm”. İ.Hüseynli qeyd etdi ki, Azərbaycan dövlətinin idarə olunması və dövlət quruculuğu prinsipi şəxslərin fövqündə olmalıdır. “Burada belə olmalı deyildi ki, bu təşkilatın rəhbəri Zahid Orucdur və o illər boyu qalmalıdır. Bu təşkilat Zahid Oruc üçün qurulmamışdı. Bu səbəbdən onun şəxsinə bağlamaq düzgün olmaz.
O şeyin tərəfdarıyam ki, bizim kifayət qədər maliyyə vəsaitinə ehtiyacımız, iqtisadi risqlərimiz var.
Azərbaycanda belə səmərəsiz təşkilatların saxlanılmasına təəssüf ki, illər boyu kifayət qədər böyük vəsaitlər xərclənib. Fəaliyyəti səmərəsiz olan qurumların qalmasına heç bir ehtiyac yoxdur. Məsələn, Nazirlər Kabineti yanında da kifayət qədər səmərəsiz qurumlar var ki, onların da ləğv edilməsi zəruridir”-deyə İ.Hüseynli qeyd etdi.
İradə SARIYEVA