AZ

Gülşən Rzayeva: WUF13-ün Bakıda keçirilməsi ölkəmizin qlobal şəhərsalma gündəliyində yerini möhkəmləndirir VİDEO

Bakı, 23 fevral, AZƏRTAC

2026-cı il mayın 17-22-də ölkəmizdə növbəti mühüm beynəlxalq tədbir keçiriləcək. Bu, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF) 13-cü Sessiyasıdır. Bu mötəbər tədbirə Bakı şəhərinin ev sahibliyi etməsi həm böyük qürur, həm də ciddi məsuliyyətdir.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatı rəhbərinin və WUF13-ün Milli Koordinatorunun müavini Gülşən Rzayeva WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Kommunikasiya komandası tərəfindən keçirilən media üçün ilk təlim sessiyasında deyib.

“Forum, eyni zamanda, qarşımızda duran vəzifələri bir daha xatırladır və bu istiqamətdə hansı addımların atılmalı olduğunu gündəmə gətirir. Forum çərçivəsində gün ərzində müxtəlif aktual mövzular üzrə müzakirələr aparılacaq, yeni məlumatlar təqdim olunacaq, mövcud yanaşmaların fərqli formatlarda təqdimatı həyata keçiriləcək”, - deyə o bildirib.

Gülşən Rzayeva deyib ki, Forumun keçirilməsi qlobal kontekstdə gedən proseslər fonunda xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, hazırda urbanizasiya sürətlə artır və beynəlxalq proqnozlara əsasən, 2050-ci ilə qədər dünya əhalisinin təxminən 70 faizi şəhər ərazilərində yaşayacaq.

Qeyd edilib ki, urbanizasiya iqtisadi inkişaf, keyfiyyətli həyat və yeni imkanlar baxımından geniş perspektivlər yaratsa da, eyni zamanda, şəhərlər üçün ciddi sosial, ekoloji və infrastruktur çağırışları formalaşdırır. Bu çətinliklərin aradan qaldırılması üçün kompleks və uzunmüddətli yanaşmalara ehtiyac var. Məhz bu səbəbdən insanların rifahı, sosial ədalət və layiqli yaşayış mühitinin təmin olunması qlobal şəhərsalma gündəliyinin əsas mövzularından birinə çevrilib.

Gülşən Rzayeva vurğulayıb ki, WUF13-ün Azərbaycanda keçirilməsi təsadüfi deyil. Son illər ölkəmizdə şəhərsalma sahəsində həyata keçirilən siyasət, islahatlar və institusional tədbirlər forumun məqsədləri ilə uzlaşır. Onun sözlərinə görə, bu mötəbər tədbirin regionda ilk dəfə Azərbaycanda keçirilməsi Bakının və ümumilikdə ölkəmizin dayanıqlı inkişaf modelinin formalaşdırılmasına verdiyi töhfənin, həmçinin beynəlxalq səviyyəli tədbirlərə yüksək səviyyədə ev sahibliyi etmək potensialının göstəricisidir.

Bildirilib ki, azad edilmiş ərazilərdə yeni şəhərsalma modellərinin tətbiqi və müasir urbanistika yanaşmalarının reallaşdırılması Azərbaycanın bu sahədə formalaşdırdığı təcrübəni beynəlxalq müstəvidə təqdim etmək üçün mühüm platforma yaradır.

Seçilən
5
2
azertag.az

3Mənbələr