AZ

Bu ərazilərdə sürüşmə aktivləşə bilər

Son günlər ölkə ərazisində yağıntıların intensivləşməsi səbəbilə bəzi bölgələrdə sürüşmə yenidən aktivləşə bilər.

Milli.Az xəbər verir ki, bunu Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev "Xəzər Xəbər"ə bildirib.

Onun sözlərinə görə, hazırda bir neçə zonada aktivlik müşahidə olunur. Qeyd edib ki, ölkənin dağlıq və dağətəyi əraziləri, xüsusilə Böyük Qafqazın cənub yamacı və eroziyaya məruz qalmış torpaq sahələri sürüşmə baxımından riskli hesab edilir.

Bildirib ki, Bakı və Abşeron yarımadasında relyefi dik olan sahələrdə, o cümlədən Bayıl yamacında və antropogen yüklənmənin yüksək olduğu ərazilərdə sürüşmə ehtimalı mövcuddur. Ə.Əliyevin sözlərinə görə, Böyük Qafqazın cənub və şimal-şərq yamacları yəni, Balakəndən Qobustana, eləcə də Quba-Qusar istiqamətinə qədər olan ərazilərdə yağıntıların çoxluğu torpaq qatının ağırlaşmasına səbəb olur və bu da sürüşmə riskini artırır.

Ekspert Badamdar, Günəşli və Əhmədli ərazilərində baş verən sürüşmələri xatırladaraq bu zonalarda xüsusilə diqqətli olmağın vacibliyini vurğulayıb.

O, həmçinin ölkənin seysmik vəziyyətinə də toxunaraq bildirib ki, Azərbaycan ümumilikdə seysmik aktiv zonada yerləşir. Ən yüksək aktivlik isə Şamaxı, İsmayıllı və şimal-qərb ilə cənub-şərq bölgələrində müşahidə olunur:

"İl ərzində minlərlə xırda zəlzələ qeydə alınır və seysmik aktivlik olan ərazilərdə sürüşmə ehtimalı daha yüksək olur. Bu səbəbdən belə zonalarda yaşayanların daha diqqətli olması tövsiyə edilir".

Mina
Milli.Az

Seçilən
5
milli.az

1Mənbələr