AZ

Azər Kərimli: “Xocalı faciəsinə beynəlxalq hüquq müstəvisində obyektiv qiymət verilməsi və qətliamın universal qəbulu üçün diplomatik səylər bu gün də davam etdirilir”



“Otuz dörd il bundan öncə Xocalı şəhərində baş verənlər Azərbaycan tarixinin ən faciəvi və beynəlxalq hüquq məcrasında dərindən təhlil olunmalı hadisələrindən biridir. Bu qətliam, keçmiş Qarabağ münaqişəsinin ən ağır fəsadlarından biri kimi dünya ictimaiyyətinin diqqətindədir və hüquqi, siyasi, tarixi baxımdan araşdırılır. Xocalı şəhəri 1991-ci ilin noyabrından başlayaraq Ermənistan silahlı qüvvələri ilə Qarabağdakı erməni hərbi birləşmələrinin blokadası altında qalmışdı. Şəhər elektrik, qaz və digər kommunal xidmətlərdən məhrum olmuş, blokada mülki əhalinin vəziyyətini kritik səviyyəyə gətirmişdi. 1992-ci il fevralın 25-dən 26-ya keçən gecə Erməni silahlı qüvvələri ilə birlikdə keçmiş Sovet Ordusunun 366-cı motoatıcı alayı Xocalıya hücum edərək şəhəri işğal etdi. Bu hücumun nəticəsi olaraq şəhərdən çıxmağa çalışan mülki Azərbaycan vətəndaşları ağır fiziki təzyiqlər və qətliamla qarşılaşdı.”

Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.

Fikirlərini davam etdirən millət vəkili Beynəlxalq Hüquq və Genosid Müzakirələri baxımından bu faciənin yalnız münaqişə nəticəsi deyil, həm də etnik mənsubiyyətə görə dinc əhaliyə qarşı yönəlmiş cinayət aktı kimi qiymətləndirildiyini vurğulayıb: “Azərbaycan tam haqlı olaraq hadisəni genosid termini ilə səciyyələndirir. Məsələ bundadır ki, Xocalı hadisəsinin əsas elementləri o cümlədən, qırğının əvvəlcədən planlaşdırılmış olması, mülki əhaliyə qarşı törədilən zorakılıq, milli mənsubiyyət zəminində kütləvi ölüm hallarının törədilməsi 1948-ci il Genosid Konvensiyasının meyarlarına tam uyğundur. Qeyd olunmalıdır ki, beynəlxalq məhkəmə təcrübəsində belə halların qiymətləndirilməsi böyük əhəmiyyət kəsb edir. Xocalı soyqırımı nəticələrinin xatirəsi daim Azərbaycan ictimai və siyasi gündəliyinin mərkəzindədir. Bu hadisəyə beynəlxalq hüquq müstəvisində qiymət verilməsi və genosidin universal qəbulu, yəni vahid və rəsmi şəkildə tanınması üçün diplomatik səylər bu gün də davam edir. Bir çox ölkə və beynəlxalq subyekt hadisəni ciddi insan hüquqları pozuntusu kimi sənədləşdirib və anma mərasimləri təşkil edir. Bu vaxtadək, Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları, həmçinin ABŞ-ın 20-dən çox ştatı tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. 20 noyabr 2012-ci il tarixində Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamə qəbul edilmişdir. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. Eyni zamanda, Xocalı faciəsi Azərbaycanın dövlət siyasətində ədalət və hüquqi tanıma tələblərini gücləndirən konseptual mövzu olaraq qalır. Bu, münaqişənin tarixi köklərini və sülhün əldə olunması üçün lazım olan beynəlxalq hüquqi mexanizmlərin müzakirəsini gündəmə gətirir” – deyə, Azər Kərimli açıqlamasını başa çatdırıb.



Seçilən
16
aia.az

1Mənbələr