AZ

Azərbaycanda evlərin qiyməti bahalaşacaq? - AÇIQLAMA

"Hələki əmlak bazarında ciddi, nəzərəçarpacaq qiymət artımları müşahidə olunmur. Qiymət artımlarına nisbi meyllər var. Amma bunu daşınmaz əmlak bazarı üçün qiymət artımı kimi xarakterizə etməyin tərəfdarı deyiləm".

Bunu "Unikal"a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib. O bildirib ki, müxtəlif ərazilərdə daha çox dəyəri 200-250 min manatdan aşağı olan evlərdə nisbi artım var:

"Qiyməti 350-400 min manatdan yuxarı evlərdə ümumiyyətlə artım müşahidə olunmur. Hətta bəzi ərazilərdə bahalı evlərin qiymətində azalmalar müşahidə edilir. Mənzil bazarında tələbat yüksəkdir. Aparılan tədqiqatlar bunu deməyə əsas verir. Eyni zamanda qonşu və digər ölkələrlə müqayisə aparsaq, Azərbaycanda istər yaşayış, istərsə də qeyri-yaşayış sahəsinə tələbat həmişə yüksək olub. Sadəcə biz bəzən tələbatla tələbi qarışdırırıq".

Ekspert qeyd edib ki, tələbatın yüksək olması tələbin yüksək olması demək deyil: "Tələb o zaman yüksək olur ki, iqtisadi fəallıq yüksək olur, bazara pul axınları artır, alıcı sayı çoxalır, bütün makroiqtisadi göstəricilərdə artım qeydə alınır. Yəni, potensial alıcı real alıcı kütləsinə çevrilir. Əlində pul var, bazara çıxıb ev axtarır. Bu, tələbdir. Məsələn, mənim evə ehtiyacım var, pulum yoxdur, av ala bilmirəm. Bu isə tələbatdır. Tələbatım var, amma pulum olmadığı üçün tələbatı tələbə çevirə bilmirəm. Bu mənada bəzən onu qarışdırdığımıza görə bizə elə gəlir ki, tələbat yüksəkdir deyə qiymət yüksək olmalıdır. Xeyr, yalnız tələb yüksələndə qiymət artır. Bu gün onu müşahidə etmirik. Bu gün Azərbaycanda təqribən hər 3 nəfərdən birinin evə ehtiyacı var. Həmçinin, qeyri-yaşayış sahəsinə kifayət qədər ehtiyac mövcuddur".

Anar Kəlbiyev

Seçilən
14
1
unikal.az

2Mənbələr