AZ

İlham Əliyevin Serbiyaya rəsmi səfəri və Azərbaycan–Serbiya münasibətlərinin inkişaf dinamikası

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiyaya rəsmi səfəri iki dövlət arasında uzun illər ərzində formalaşmış siyasi etimadın, qarşılıqlı hörmətin və institusional əməkdaşlığın ardıcıl inkişafının növbəti mühüm mərhələsi kimi dəyərləndirilməlidir. Tərəflər arasında davamlı siyasi dialoq, liderlər səviyyəsində mövcud olan səmimi münasibətlər və strateji baxış bu səfərin məzmununa xüsusi çəkidarlıq qazandırmışdır. Prezident İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç arasında formalaşmış qarşılıqlı anlaşma dövlətlərarası əlaqələrin klassik diplomatik çərçivəni aşaraq real tərəfdaşlıq modelinə çevrildiyini nümayiş etdirir.

Səfər zamanı Prezident İlham Əliyev Serbiya xalqının tarix boyu dövlət suverenliyinin qorunması naminə göstərdiyi əzmkarlığı və verdiyi qurbanları xüsusi vurğulamış, bu irsin müasir dövrdə də davam etdiyini qeyd etmişdir. Prezident Aleksandar Vuçiçin rəhbərliyi altında həyata keçirilən siyasət dövlətçilik maraqlarının prioritet tutulması ilə yanaşı, Serbiyanın beynəlxalq müstəvidə nüfuzunun artmasına, eyni zamanda iqtisadi və sosial sahələrdə ardıcıl islahatların aparılmasına şərait yaratmışdır. Təbii resursların məhdudluğu ilə yanaşı, daxili potensiala əsaslanan inkişaf modeli Serbiyanı Avropa məkanında özünəməxsus mövqeyə malik ölkəyə çevirmişdir.

Rəsmi səfərin əsas nəticələrindən biri Serbiya–Azərbaycan Strateji Şurasının birinci iclasının keçirilməsi olmuşdur. Bu platforma siyasi, iqtisadi və energetika sahələrində əməkdaşlığın sistemli şəkildə genişləndirilməsinə xidmət edir. İclas çərçivəsində tərəflər beynəlxalq təşkilatlar daxilində qarşılıqlı dəstəyin davam etdirilməsi, xüsusilə ərazi bütövlüyü və suverenlik məsələlərində prinsipial mövqelərin uzlaşdırılması barədə ortaq iradə nümayiş etdirmişlər. Bununla yanaşı, birgə sərmayə layihələrinin həyata keçirilməsi və regional nəqliyyat–enerji imkanlarından səmərəli istifadə perspektivləri müzakirə olunmuşdur.

Energetika sahəsi səfərin gündəliyində xüsusi yer tutmuşdur. Azərbaycan tərəfi Serbiyaya təbii qaz ixracının artırılmasına hazır olduğunu bəyan etmiş, bu əməkdaşlığın artıq çoxşaxəli xarakter aldığı qeyd olunmuşdur. İxrac edilən qazın elektrik enerjisinə çevrilməsi Serbiyanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, eyni zamanda təmiz enerji istehsalı imkanlarının genişlənməsinə xidmət edir. Azərbaycan Respublikasının bərpaolunan enerji sahəsində həyata keçirdiyi layihələr və qarşıdakı illərdə əlavə böyük həcmdə enerji gücü əldə etmək planları Avropa istiqamətində enerji ixracı üçün yeni perspektivlər açır. Bu kontekstdə Serbiya ilə əməkdaşlıq qarşılıqlı fayda prinsipi əsasında strateji əhəmiyyət kəsb edir.

Səfər çərçivəsində Azərbaycanın Serbiyaya böyük həcmdə sərmayə yatırmağa hazır olması da xüsusi vurğulanmışdır. Elektrik stansiyalarının tikintisi, mövcud energetika infrastrukturunun yenidən qurulması və reabilitasiyası hər iki ölkənin uzunmüddətli iqtisadi maraqlarına cavab verir. Serbiyada formalaşmış müsbət investisiya mühiti, aparılan struktur islahatları və şəffaf idarəetmə mexanizmləri bu ölkəni xarici investorlar üçün cəlbedici məkana çevirmişdir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri Azərbaycan–Serbiya münasibətlərinin strateji tərəfdaşlıq mərhələsinə keçidini təsdiqləyən mühüm siyasi hadisədir. Bu səfər siyasi dialoqun dərinləşməsi ilə yanaşı, iqtisadi, energetika və beynəlxalq əməkdaşlıq sahələrində uzunmüddətli və dayanıqlı perspektivlərin formalaşmasına güclü təkan vermişdir. Azərbaycan və Serbiya arasında mövcud olan dostluq və tərəfdaşlıq münasibətləri regional sabitlik və qarşılıqlı inkişaf baxımından əhəmiyyətli model kimi çıxış edir.

 

Seçilən
9
qht.az

1Mənbələr