AZ

Şəhər alovlara BÜRÜNDÜ, aeroportlar BAĞLANDI- Bu ölkədə

Ajans.az xəbər verir ki, Meksika mətbuatında yer alan xəbərlərə görə, əməliyyata ABŞ-ın kəşfiyyat qurumları da dəstək verib. Təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat zamanı Jalisco Yeni Nəsil Kartelinin (CJNG) lideri və ölkənin ən çox axtarılan narkotik baronu kimi tanınan Nemesio Oseguera Servantes (ləqəbi El Menço) ölüb.  Meksikanın Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, Jalisco ştatının Tapalpa bölgəsində həyata keçirilən hərbi əməliyyat zamanı El Menço ağır yaralanıb və hava yolu ilə Mexiko şəhərinə aparılarkən yolda vəfat edib. Rəsmi şəxsiyyətin müəyyənləşdirilməsi üçün meyit üzərində tibbi ekspertiza və məhkəmə-tibbi araşdırmaların davam etdiyi qeyd olunub. Əməliyyat zamanı 4 kartel üzvünün öldürüldüyü, 2 şübhəlinin isə saxlanıldığı açıqlanıb. Atışma zamanı 3 hərbçinin yaralandığı və yaralı şəxslərin müalicə üçün Mexiko şəhərindəki tibb müəssisələrinə çatdırıldığı bildirilib. Meksika mətbuatında yayılan məlumatlara görə, əməliyyata ABŞ kəşfiyyat qurumları da dəstək verib. Təhlükəsizlik qüvvələrinin bölgədə apardığı axtarışlar zamanı zirehli avtomobillər, ağır silahlar və qumbaraatanlardan ibarət geniş silahlar ələ keçirilib. Meksikada ölkənin ən böyük kartellərindən birinin başçısı Nemesio Oseguera Servantesə qarşı keçirilən əməliyyatdan sonra vəziyyət gərginləşib. Əməliyyatın ardınca genişmiqyaslı zorakılıq hadisələri baş verib. Cinayət təşkilatının üzvləri hücumlar həyata keçiriblər. Onlar Qvadalaxara Beynəlxalq Hava Limanına basqın edərək təhlükəsizlik qüvvələri ilə silahlı toqquşmaya giriblər. Hava limanında atəş səsləri eşidilib. Çox sayda insan qorxu və panika içində ərazidən uzaqlaşmağa çalışıb. Avtovağzallarda da silah səsləri və partlayışlar qeydə alınıb. Əməliyyatdan sonra kartelin mümkün cavab hücumu kimi, başda Jalisco olmaqla müxtəlif ştatlarda yolların bağlanması, nəqliyyat vasitələrinin və iş yerlərinin yandırılması halları qeydə alınıb.   Meksika Prezidenti Klaudia Şeynbaum sosial media platforması X-də etdiyi paylaşımda ştat rəhbərləri ilə tam koordinasiya şəraitində çalışdıqlarını bildirərək əhalini sakit olmağa çağırıb. Şeynbaum təhlükəsizlik qüvvələrinə təşəkkür edib və ölkədə sülh və təhlükəsizliyin təmin olunması istiqamətində işlərin qətiyyətlə davam etdiriləcəyini vurğulayıb. CJNG-nin fəaliyyəti  Jalisco Yeni Nəsil Karteli (ispanca adı ilə Cártel de Jalisco Nueva Generación) Meksikanın ən güclü və ən sürətlə böyüyən cinayət təşkilatlarından biri hesab olunur. Təşkilat xüsusilə son on ildə ölkə üzrə təsir dairəsini genişləndirərək bir çox ştatda rəqib kartellərlə qanlı toqquşmalara girib. Kartel kokain və metamfetamin istehsalı, eləcə də beynəlxalq narkotik ticarətində mühüm rol oynayır. Son illərdə isə ABŞ bazarına yönəlik fentanil tədarükünü genişləndirib. Bununla yanaşı, insan alveri, zorla haqq toplama  və digər mütəşəkkil cinayət fəaliyyətləri vasitəsilə gəlir şəbəkəsini böyüdüb. Təhlükəsizlik qüvvələrinə qarşı ağır silahlardan istifadə etməsi və yüksək atəş gücü ilə həyata keçirdiyi hücumlar təşkilatın ən diqqətçəkən xüsusiyyətlərindəndir.

Seçilən
0
2
Ajans.az

3Mənbələr